Hakimiyyətin nüfuzlu nəşr kimi təqdim etdiyi jurnalın oxucu auditoriyası 3-4 mini ötmür
Elxan Şahinoğlu: «Hakimiyyət bu sorğulardan deyil, həmin dövlətlərin Azərbaycan iqtidarı ilə bağlı yürütdüyü siyasətdən və ona verdiyi qiymətdən nəticə çıxarmalıdır»
Türkiyənin “Ekovitrin” jurnalı Ilham Əliyevi “10 ilin dövlət adamı” elan edib. Bu jurnal ötən il də Mehriban Əliyevanı “ilin birinci xanımı” elan etmişdi. Rəsmi mətbuatın nüfuzlu nəşr kimi təqdim etdiyi bu jurnalın saytına nəzər salanda fərqli mənzərənin şahidi olduq. Türkiyənin nüfuzlu nəşrləri deyəndə tirajı milyonlarla ölçülən “Hürriyyət”, “Sabah” qəzetləri yada düşürsə, “Ekovitrin” barədə bunu demək mümkün deyil.
Jurnalın saytında ən çox oxunan yazılara nəzər salanda da bunu görmək olur. Geniş oxucu kütləsinin diqqətini cəlb edə bilməyən yazıların əksəriyyəti Azərbaycan hakimiyyətinin tərifinə həsr olunub. Bunların arasında “Azərbaycanın dünyadakı önəmi artır”, “Azərbaycanın sehirli cazibəsi” kimi məqalələri göstərmək olar. Nəşr Bakıda təşkil olunan tədbirlərə də geniş yer ayırır. Saytındakı yazıların sayğacına nəzər salanda isə bir yazının ən yaxşı halda 3000-4000 dəfə oxunduğunu görmək olur. Bu da Azərbaycanda yeni yaradılan və geniş nüfuzu olmayan saytların oxucusu qədərdir. “Ekovitrin”in rəhbəri Kamuran Abacıoğlu barədə də maraqlı məlumatlar əldə etdik. Belə ki, AKP-dən deputatlığa namizəd olan bu şəxs seçkilərdə məğlub olub və hazırda ATV telekanalında veriliş hazırlayır. Azərbaycan hakimiyyətinin Bakıda keçirdiyi bir sıra tədbirlərə qatılan Abacıoğlunun Ilham Əliyev və Mehriban Əliyeva ilə xeyli sayda şəkilləri də var.
Bütün bunlar “Ekovitrin”in Azərbaycan hakimiyyəti ilə hər hansı yolla bağlılığının olduğunu deməyə əsas verir. Bu vaxta qədər Ilham Əliyevi sorğularda qalib edən bütün təşkilat və nəşrləri kimi “Ekovitrin”in də nüfuzu bununla bitir. Bu isə bu tip sorğu və mükafatların önəmsizliyini bir daha ortaya qoyur.
Ekspertlər də məhz bu fikirdədir.
“Atlas” Araşdırmalar Mərkəzinin Elxan Şahinoğlu “Ekovitrin” kimi nəşrlərin mükafatlarına siyasi əhəmiyyət verməyi doğru hesab etmir. Çünki zaman-zaman bu tip nəşrlə Ilham Əliyevin sorğuların qalibi elan edir. Heydər Əliyevin prezidentlik dövründə də belə sorğu və mükafatlar olub. Bunlar arasında 90-ı illərin sonunda NTV kanalının keçmiş dövlət başçısını “ilin adımı” elan etməsini göstərmək olar. Bəzən Rusiyanın, hətta Qərbin böyük nüfuza malik olmayan nəşrləri də belə sorğular keçirir və Əliyevin reytinqinin yüksək olduğunu göstərməyə çalışırlar. Lakin hakimiyyət bu sorğulardan deyil, həmin dövlətlərin Azərbaycan iqtidarı ilə bağlı yürütdüyü siyasətdən və ona verdiyi qiymətdən nəticə çıxarmalıdır.
Fizzə