İlyas İsmayılov rektor-deputatlardan prezidentə şikayət etdi

«Onların parlamentdə oturması qanunsuzdur»

Deputat mandatı gəzdirən rektorlar «Ədalət» sədrinə qarşı birləşəcəkmi?

Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri Ilyas Ismayılov deputat mandatı daşıyan ali məktəb rektorları ilə bağlı prezident Ilham Əliyevə müraciət edib. I.Ismayılov bildirib ki, Konstitusiyanın 85-ci maddəsinə görə, icra və məhkəmə sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər:
“Konstitusiya tələb edir ki, deputat əsas diqqətini məhz parlament fəaliyyətinə yönəltməli, deputat fəaliyyəti də bütün mandat müddətində onun yeganə fəaliyyəti olmalıdır. Bu həm də deputatların öz funksiyalarını sərbəst, qərəzsiz həyata keçirmələrinin şərtidir. Elmi, pedaqoji və yaradıcılıq idarələrində inzibati vəzifələrdə çalışmaq yuxarıda qeyd edilən müddəalara aid deyil. Bu vəzifələrdə çalışan və Milli Məclisə deputat seçilmiş namizədlər Seçki Məcəlləsinin 173-cü maddəsinə əsasən,ÿən geci 60 gün müddətində deputat statusuyla bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin 2-ci hissəsində göstərilən vəzifələrdən azad olunduqları barədə əmrin surətini və ya bu fəaliyyətinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər”.
I.Ismayılov bildirib ki, Konstitusiyanın və Seçki Məcəlləsinin birmənalı tələblərinə baxmayaraq, bu gün Milli Məclisdəki bəzi deputatlar icra sistemlərində və başqa yerlərdə ödənişli fəaliyyətlə məşğul olurlar: “Hətta elələri var ki, iki və daha artıq vəzifə tutur. Bunlar universitet rektorları, açıq səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri və sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan digər şəxslərdir.
Həmin şəxslərin Milli Məclisin deputatı olması Konstitusiyanın 85 və 89-cu maddələrinin tələblərinə daban-dabana ziddir. Dövlət ali təhsil müəssisəsinin rektoru prezident tərəfindən təyin olunur və ya vəzifəsindən azad edilir. Rektor əvəzçiliklə təyin oluna bilməz. Ali təhsil müəssisəsinə rəhbərlik rektorun əsas fəaliyyət növüdür və o, başqa dövlət və qeyri-dövlət orqanlarında, müəssisə, idarə və təşkilatlarda hər hansı digər fəaliyyətlə məşğul ola bilməz”(Modern.az).
I.Ismayılov onu da əlavə edib ki, Milli Məclisin deputatı olan açıq səhmdar cəmiyyətinin, dövlət şirkətinin, digər dövlət və qeyri-dövlət təşkilatlarının rəhbərlərinin fəaliyyətinin xarakterinə və əmək funksiyalarına münasibətdə də eyni fikirləri söyləmək olar: “Açıq səhmdar cəmiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq kommersiya təşkilatı hesab olunur. Kommersiya təşkilatı rəhbərinin fəaliyyətinin kommersiya və ya sahibkarlıq fəaliyyəti olması isə heç bir şübhə doğurmur. Bu dözülməz hallar aradan qaldırılmalı,ÿhəmin şəxslər qanunun tələb etdiyi kimi ya deputat mandatından məhrum edilməli, ya da tutduqları vəzifədən qeyd-şərtsiz azad olunmalıdırlar.ÿBu kobud qanun pozğunluqlarına rəvac verən və ona göz yuman məmurlar isə cəzalandırılmalıdırlar”.

“Azadlıq”a açıqlamasında hüquqşünas Müzəffər Baxışov I.Ismayılovun bu tələbinin tamamilə əsaslı olduğunu bildirib: “Ilyas müəllimin Azərbaycanda hüquq sahəsində, hüquq-mühafiə orqanlarının təkmilləşdirilməsində, ədalətli, bilikli, ləyaqətli insanların bu orqanlarda təmsil olunmasında çox böyük xidmətləri olub. Mən onu Azərbaycan xalqını sevən, hüquq sisteminin inkişafında böyük xidmətləri olan insan kimi tanıyıram. Həqiqətən də bir sıra vəzifəli şəxslər var ki, Milli Məclisdə qanunsuz olaraq oturublar. Bu, Konstitusiyanın 89-cu maddəsinin 1-ci hissəsinin 4-cü bəndinin kobud şəkildə pozulmasıdır. Həmin bəndə görə elmi, pedoqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla kommersiya və ya digər ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisin deputatı ola bilməzlər. Bu şəxslər bildirirlər ki, guya onlar rektor olmaqla elmi fəaliyyətlə məşğuldular. Əslində rektorluq idarəetmə fəaliyyətidir. Bu da ödənişli fəaliyyətdir. Deməli, onlar ödənişli fəaliyyətlə məşğul olduqları halda Milli Məclisdə təmsil olunurlar. Bu da sırf qanunsuzluqdur. Və ya Dövlət Neft Şirkətinin prezidenti. Kim deyə bilər ki, bu ödənişli fəaliyyət deyil?
Parlamentdə belə şəxslər həddən artıq çoxdur və onlar orada qanunsuz olaraq təmsil olunurlar”.
Qeyd edək ki, hazırda Azərbaycan parlamentdə bir neçə rektor-deputat təmsil olunur. Onların arasında Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və Inşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Iqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Müəllimlər Institutunun rektoru Aqiyə Naxçıvanlı, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Idman Akademiyasının rektoru Ağacan Əbiyev, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Naxçıvan Universitetinin rektoru Isa Həbibbəyli də var.