baki-agir-cinayet-mehkemesi

Əli Kərimlinin qaynının əleyhinə saxta ifadə üzə çıxdı

baki-agir-cinayet-mehkemesi“Mən Elnur Seyidovun adını çəkməmişəm!”

“Texnikabank” işi üzrə məhkəmə prosesi davam etdikcə, bu işlə bağlı təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb eləmək üçün əl atılan qanunsuzluqlar, saxtakarlıqlar da üzə çıxır. Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən bu prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Dünənki məhkəmə iclasında dörd nəfər şahid dindirildi. Onlardan ikisi “Texnikabank”a böyük məbləğdə əmanət qoymuş müştərilər idi. Hər ikisi bonusların mənimsənilməsi epizodu üzrə dindirilirdi.

Qeyd edək ki, bu iş üzrə irəli sürülən ittihamlardan biri də banka əmanət qoymuş bəzi müştərilərin adlarına yazılan bonusların mənimsənilməsilə bağlıdır.
Şahidlərdən Anar Məmmədov bildirdi ki, nə bankla hər hansı problemi olub, nə də nədənsə, kimdənsə şikayətçidir: “Öz adıma, eləcə də qayınanam və baldızımın adına əmanətlərimiz olub. Vaxtlı vaxtında getmişəm, depozitə görə bizə düşən pulu da qəpiyinə qədər almışam. Bu gün də o bankla işləyirik, heç nədən də narazılığımız olmayıb”.
Bankda 1 milyon manatdan artıq depoziti olan şahidin sözlərinə görə, istintaq zamanı Milli Təhlükəsizlik Nazirliyində dindirilərkən ona deyilib ki, adına yazılmış bonuslar mənimsənilib: “Dedim ki, bonus-filandan mənim başım çıxmır, bizə nə verilməliydisə, verilib…”
Iş materiallarına görə, bonusların ödənişilə bağlı qəbzlərə müştərilərin əvəzinə saxta imzalar atılıb. Anar Məmmədov deyir ki, istintaq zamanı göstərilən qəbzlərdəki imzaların ona məxsus olduğunu deyib. Bununla belə, ondan imza nümunəsi götürüblər. Ekspertiza da rəy verib ki, bonusların alınmasıyla bağlı qəbzdəki imza bu nümunə ilə uyğun deyil.
Bankın Müşahidə Şurasının sədri olmuş, hazırda isə təqsirləndirilən şəxslər sırasında olan Etibar Əliyev bildirdi ki, bonusların mövcudluğu və onların mənimsənilməsi haqda iş materiallarında yazılanlar istintaqın uydurmasıdır: “Bonus məsələsindən nəinki müştərinin, heç bizim özümüzün də xəbərimiz yoxdur”.
Digər şahid Əkbər Fərəcov da təxminən eyni məzmunlu ifadə verdi. Bildirdi ki, ona istintaqda göstərilən qəbzdəki imzanın özünə məxsus olmadığını bildirib. Istintaqçılar deyiblər ki, onun adına yazılmış 16 min manatlıq bonus mənimsənilib.
Daha sonra dindirilən iki şahid isə “Texnikabank”ın işçiləri oldu. Nərmin Hüseynova işdə olan 148 min manatlıq kredit mənimsəməsi epizodu üzrə ifadə verdi. Qeyd edək ki, istintaq Namiq Xəlilovun adına saxta sənədlərlə 148 min manatlıq kredit götürüldüyünü iddia edərək, bu epizod üzrə bir neçə nəfərə ittiham verilib. Eyni zamanda, Namiq Xəlilovun özü də cinayət məsuliyyətinə cəlb olunub. Amma ortada kreditin saxta sənədlərlə verildiyini sübut edən fakt yoxdur. Ən əsası, bankdan götürülmüş kredit faizlərilə birlikdə ödənilib.
Şahid Nərmin Hüseynova bankda əməliyyatçıdır. O, həmin 148 min manatlıq kreditinlə bağlı 130 min 164 manatlıq ödənişin qəbul olunmasıyla bağlı əməliyyatı həyata keçirib və bu pul kassaya ödənilib.
Bu şahidin ifadəsi zamanı məlum oldu ki, MTN-də dindirmə zamanı onun adından iş üzrə təqsirləndirilən şəxslərdən biri, bankın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidovun (AXCP sədri Əli Kərimlinin qaynı-red.) əleyhinə ifadə yazılıb. Bu da məhkəmədə Elnur Seyidovla şahid arasındakı sual-cavab zamanı ortaya çıxdı.
Elnur Seyidov:
– Məni tanıyırsınız?
– Xeyr.
– Amma istintaqdakı ifadənizdə göstərmisiniz ki, guya, həmin vəsaiti mən ödəmişəm…
– Mən elə söz deməmişəm. Mən istintaqda yazılan ifadəni oxumamışam…
Elə bu məqamla bağlı hakim və prokurorlar da şahidi sorğu-suala tutdular.
Hakim:
– Ödəyən Elnur Seyidov deyildisə, onun adını niyə çəkmisən?
– Mən onun adını çəkməmişəm.
– Bəs bu ifadəni necə izah edirsən?
– Yenə deyirəm, mən o ifadəni oxumadan imzalamışam. Orada mənə sual verdilər ki, sizə gəlib ödəniş eləyən adamın adı yadındadır? Dedim ki, yox. Dedilər ki, Elnur Seyidov olub. Cavab verdim ki, mən bilmirəm.
Bu yerdə Etibar Əliyev məhkəməyə müraciət edərək, bu epizodla bağlı qeydlərinin olduğunu bildirdi: “Kredit verilib və faizlərilə birlikdə ödənilib. Həmin pulu kimin ödəməyinin nə əhəmiyyəti var? Əsas odur ki, pul banka qayıdıb. Istintaq bu məsələni niyə şişirdib? Nə əhəmiyyəti var bunun?”
Elnur Seyidovun vəkili Əsabəli Mustafayev isə istintaq zamanı şahidin adından onun müvəkkilinin əleyhinə ifadə yazılmasından danışdı: “Təkcə Nərmin Hüseynova deyil, ondan əvvəl də şahid və zərərçəkmişlərin dindirilməsi zamanı məlum oldu ki, onların istintaqa ifadələri təhrif olunub, səhv yazılıb və s. Xahiş edirəm ki, məhkəmə bu hallara qiymət versin”.
Digər şahid Sayalı Bayramova “Texnikabank”ın Yasamal filialında baş mühasib olub, bir müddət əvvəl işdən çıxarılıb. O bildirdi ki, müştərilərdən əlavə pul almaq barədə ona heç kim heç bir göstəriş verməyib. Başqalarına da belə bir göstərişin verildiyini nə görüb, nə də eşidib. Sayalı Bayramovanın sözlərinə görə, bankın Yasamal filialında işlədiyi müddətdə heç bir qanunsuzluğun şahidi olmayıb.
Qeyd edək ki, “Texnikabank”ın Müşahidə Şurasının sədri, Idarə Heyətinin sədri də daxil olmaqla, 25 nəfərin cinayət məsuliyyətinə cəlb olunmasından sonra bankın adı dəyişilərək, “Technique bank” olub. Indi bu yeni bank da iz üzrə zərərçəkmiş qismində tanınıb. Bankın nümayəndəsi Habil Cavadov da dünən ifadə verdi. O bildirdi ki, banka dəymiş ziyan tədricən ödənilir. Aprelin 16-na olan məlumatı məhkəmənin nəzərinə çatdıran Habil Cavadov bildirdi ki, Xəzər filialında 378 min 600 manatlıq ödəmə olub. Bu filialda ödənməmiş 875 min 400 manatlıq ziyan qalıb. Digər filiallar və ümumi ziyan barədə məlumatı olmadığını deyən nümayəndə bu rəqəmləri dəqiqləşdirib məhkəmənin nəzərinə çatdıracağını bildirdi.
Bankın nümayəndəsi həmçinin həbsdə olan təqsirləndirilən şəxslərdən Samir Hüseynovun (“Texnikabank”ın Idarə Heyətinin sədri olub-red.) köməyinə ehtiyac duyduqlarını bildirdi.
Qeyd edək ki, başqa bankların müştəriləri, eləcə də Azərbaycana gələn əcnəbilər “Texnikabank”ın bankomatlarından pul çıxarandan sonra həmin vəsait proqram təminatında yaranmış problem üzündən bankın hesabına oturmayıb. Bir müddət sonra bankın işçiləri bu problemi aşkarlayıb və müəyyən addımlar atılıb, vəsaitin bir hissəsi qaytarılıb. Lakin onların həbsi bu tədbirləri başa çatdırmağa imkan verməyib. Ötən məhkəmə iclasında Samir Hüseynov bildirmişdi ki, “VISA” və “Master kard” xidmətlərilə şəxsi əlaqələr hesabına, həmçinin başqa imkanlardan istifadə edərək bu problemi həll edəcəkdi, amma həbsi imkan vermədi. Əgər azadlığa buraxılsa, yenə də bu istiqamətdə səy göstərib, problemin həllinə, o cümlədən həmin vəsaitlərin yerinə oturmasına nail ola bilər.
Habil Cavadov məhz bu problemin həllinə görə Samir Hüseynovun yardımına ehtiyac duyduqlarını bildirdi.
Ardınca hakim Ramella Allahverdiyeva bankın Idarə Heyətinin yeni sədri olan Mansurov soyadlı şəxsdən məhkəməyə daxil olmuş məktubu elan etdi. Məktubda da Samir Hüseynovun yardımına ehtiyac duyulduğu bildirilir və onun azadlığa buraxılması xahiş olunur.
Məhkəmə bu məsələ ilə bağlı qərarını yəqin ki, növbəti iclasda açıqlayacaq. Növbəti məhkəmə iclası isə mayın 22-də keçiriləcək.

Aytən Məmmədova