Dünən bir vaxtların alovlu, indilərinsə küskün, incik yaptokratlarından daha birinin – Maksim Musayevin müsahibəsi vardı saytlarda.
Nə deyir?
Deyir ki, “keçən il Qubada, bu il Ismayıllıda üsyanlar oldu. Bunun baiskarları icra hakimiyyətləridirsə, YAP-ın funksionerlərinin də günahı var. Axı YAP-ın yerli təşkilatları yerlərdə insanlarla niyə işləmir, niyə insanların problemlərini öyrənib həll etmirlər?”.
Sonra nə deyir ki?
Deyir ki, “Əli Əhmədov, Mübariz Qurbanlı kimiləri hakimiyyət adından, prezidentin adından çıxıb danışanda xalq kanalı çevirir, dinləmir, çünki xalq bu adamlardan iyrənib”.
Bitdimi? Yox.
Hələ sonrası var.
Deyir ki, “Əgər Ilham Əliyevin adından indiki YAP-çılar danışsa, təbliğatı onlar aparsalar, onun tərəfdarları azalacaq. Çünki YAP artıq xalq arasında nüfuzdan düşüb, Əli Əhmədovun, Mübariz Qurbanlının sayəsində”.
Oysa illər öncə, hələ cibində deputat mandatı varkən…
YAP-ın tədbirlərində ön cərkələrdə oturarkən eyni Maksim Musayev bu partiyanın xalqa vəd etdiyi gözəl günlərdən necə ürəklə, necə odlu danışırdı, unutmamışıq.
YAP-ın bu ölkənin yeganə xilas şansı olduğunu deyirdi…
Heç kimin YAP-la baş edə bilməyəcəyindən danışırdı.
Indi nə oldu, nə baş verdi? Doğrudanmı, bu qədər dəyişdi YAP? Doğrudanmı, 10 ildə bu qədər geri getdi, zirvədə ikən dərəyə yuvarlandı?
Yox, əlbəttə, yox!
YAP-da heç nə dəyişməyib – nə düşüncə, nə yol.
YAP başından bəri bu idi, başından bəri xalqın problemlərindən uzaq idi…
Həqiqətə sırtını dönmüşdü…
Heç bir ideoloji dəyər, dünyagörüş daşımırdı…
Adamlar cibində onun biletini daşımağa sadəcə, iş, karyera naminə məcbur idilər.
Bəs nə dəyişib?
Dəyişən ancaq Maksim müəllimin özüdür:
Əvvəlki dəbdəbəli, təntənəli həyatın qapıları üzünə bağlanıb.
Deputat mandatı yoxdur.
Partiya tədbirlərində başa çəkilmir.
Və qəzəbini bu gün YAP çətiri altında ağalıq edənləri baltalamaqla soyutmağa çalışır.
Tıpkı Sirus Təbrizli kimi…
Tıpkı bir zamanlar bu rejimin və YAP-ın “göz bəbəyi” olub indi kənara atılan, unudulan başqaları kimi.
Bir zaman bu Şər rejiminin təməllərini atıb sonra da onun bəhrəsini görməyə, meyvələrini dadmağa başlayanda hər şey yaxşı idi ölkə, məmləkət güllük-gülüstanlığa çevrilirdi, xalq xoşbəxtlik dənizində üzürdü, amma elə ki, gün gəldi, əllərində nə vəzifə qaldı, nə mandat, bax o zaman xalqın problemləri yada düşdü…
YAP-ın əslində “simasız quldurlar partiyası” olduğu üzə çıxdı…
Millətin gözündən düşdüyü aydınlaşdı.
Soruşmaya bilmir adam:
Soruşmağa ayıb olmasın, sizi azacıq gözdən çıxardılar deyə…
Sizi yox saydılar deyə…
Neft pullarının sel kimi axmağa başladığı zamanlarda sizi unutdular deyə, bu gün YAP-a dişinizin dibindən çıxanı deyirsiniz, bəs 20 ildir o YAP hakimiyyətinin 20 quruşluq faydasını görməyən…
Əzildikcə əzilən…
Talandıqca talanan…
Bütün hüquq və azadlıqları əlindən alınan…
Qarnı sadəcə yalanla doyrulan xalq neyləsin?
Dünənədək sizlərin…
Bu gün Əli Əhmədovların, Mübariz Qurbanlıların əlində niyə qaralmadı onun həyatı, taleyi niyə sönməlidi?
20 ildir bu ölkənin fəlakətə sürükləndiyini, qaranlığa gömüldüyünü, uçuruma yuvarlandığını hansısa YAP-çının görüb bunları danışması üçün illah ki, onun vəzifəsinin, mandatının əlindən alınmasımı gərəkir?
Hakimiyyətdəkilər tərəfindən unudulması, yox sayılmasımı gərəkir?
Ayıbdır, vallah!
Nə deməkdir, nə düşüncədir axı bu:
Dünən sizə hər şey yaxşı idisə, deməli, ölkədə də hər şey yaxşı idi.
Bu gün isə ölkədə hər şey sadəcə, ona görə pisdir ki, sizə də hər şey pisdir.
Milləti, məmləkəti 20 ildir bu merkantil anlayışla, bu komformist düşüncəylə, bu çağdışı təfəkkürlə hara gətirib çıxardığınız göz önündədir.
Bu Azərbaycan sizin həyata, dünyaya, ölkəyə belə əcaib baxışınızın əsəridir. Lap hər yerə yapışdırdığınız şüarlarda yazıldığı kimi: “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir”.
Fəxr edə bilərsiniz öz əsərinizlə!

“Keçmiş YAP-çı” olurmu?
•
•