Azərbaycandakı iranlı məhbuslar aclığa başladı

14 saylı kolondan “Azadlıq”a məktub göndərildi

14 saylı Cəzaçəmkə Müəssisəsində cəza çəkən İran İslam Respublikasının vətəndaşları aclıq aksiyasına balşlaylblar. Səbəb olaraq isə Azərbaycan hökumətinin onlara qərəzli münasibət bəslədiyini göstəriblər. İranlı dustaqlar bununla bağlı “Azadlıq”a yolladıqları məktubda yazırlar:

“Bəzilərimiz qanunsuz həbs olunmuş, bəzilərimiz həddən artıq cəza almışıq. Cəzamızın çox hissəsini çəkməmizə baxmayaraq vaxtından əvvəl şərti azad edilmə haqda heç bir müraciətimizə baxılmır. Bu vaxt ərzində bizə yalan vədlər verib, tez bir zamanda öz ölkəmizə keçiriləcəyimizi və ya amnistiya ilə azadlığa çıxacağımızı demişdilər. Amma hakimiyyətin bu vədləri də yalan çıxdı, heç cəzasının bitməsinə 2-3 ay qalmış məhkumlar belə bu amnistiya aktının təsirinə düşmədi. Bu kimi halların bizə qarşı qərəzli olduğunu dşünürük. Bu ölkədə insan haqlarına zərrə qədər hörmət yoxdur. Necə olur ki, Azərbaycan vətəndaşının İranda həbsinə görə səs-küy salan hakimiyyət bu qədər vaxtı öz ölkəsində cəza çəkən İran vətəndaşlarının taleyinə laqeyd yanaşır. Bunlar azmış kimi elə bir cəza çəkmə müəssisəsində saxlanılırıq ki, müəssisəinin yanındakı daş karxanasının tozunu udmağa məcbur olur, xəstəlik tapırıq.
Hörmətli “Azadlıq” qəzeti, sizin vasitənizlə bütün beynəlxalq təşkilatlara və İran islam Respublikasının Azərbaycandakı səfirliyinə müraciət ünvanlayırıq:
– Biz də insanıq, bizim də sağlam, insani şəraitdə saxlanmaq hüququmuz var. Ailəmizin, doğmalarımızın yanına sağlam getmək istəyirik. Xahiş edirik ki, bizim normal şəraitdə cəza çəkməyimizi təmin edə bilmirlərsə, heç olmasa öz ölkəmizə köçürsünlər, cəzamızın qalan hissəsini öz ölkəmizdə çəkək”.

Məktubu 13 nəfər məhbus imzalayıb.