“Biz örnək qoyub getdik”

«Bu hakimiyyətdən fərqli olaraq biz müxalifətin hər addımını izləmir, əksinə onlara şərait yaradırdıq»

Bu gün hakimiyyətin hədəfinə gələn Sirus Təbrizli, Əli Əlirzayev, Zeynəb Xanlarova kimi şəxslərin mətbuata son müsahibələrindən maraqlı mətləblər üzə çıxır. Məlum olur ki, bu şəxslərin hər birinin vaxtilə Heydər Əliyevin hakimiyyətə gəlməsində böyük xidmətləri olub. Məsələn, biri Heydər Əliyev üçün plakatlar daşıdığını, onun hakimiyyətə gəlməsi üçün var gücüylə çalışdığını, biri evinin az qala, YAP-ın qərargahına çevrildiyini deyir.
Məsələnin maraqlı tərəfi odur ki, bütün bunlar başqa bir partiyanın – AXC-nin hakimiyyətdə olduğu vaxtda baş verib. Və cəbhə hakimiyyəti YAP-ın qurulması, Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün edilən bu cəhdlərin heç birinin qarşısını almayıb. Xatırlayırsınızsa, akademik Eldar Salayev mətbuata müsahibələrinin birində Akademiya prezidentinin kabinetində YAP-ın iclaslarının keçirildiyini demişdi. Halbuki Əliyevlər rejimində nəinki akademiya prezidentinin otağında, heç Akademiyanın yeməkxanasında belə, müxalifətçilərin toplaşmasına izin verilməyib və bu siyasət indiyə qədər davam edir. Bu hakimiyyət müxalifətçilərin ucqar kəndlərdə, özü də özlərinə məxsus evdə belə, yığışmasına izin vermir və bu yığıncaqları qəddarlıqla dağıdır.
AXCP Ali Məclisinin sədri, cəbhə hakimiyyəti dövründə icra başçısı vəzifəsini tutan Həsən Kərimov hesab edir ki, AXC hökuməti bu mənada örnək qoyub getdi: “Həmin dövrdə YAP-ın yaradılması ilə bağlı yığıncaqların harada və necə keçirilməsindən asılı olmayaraq cəbhə hakimiyyəti buna müdaxilə etmirdi. Həmin şəxslərə heç bir təzyiq edilmirdi. Hətta yadımdadır ki, icra başçısı olduğum Səbayel rayonunda yerləşən Travmatologiya Institutunda Pənah Əliyevin rəhbərliyi ilə YAP-ın böyük bir yığıncağı keçirildi. Həmin tədbirə nə icra hakimiyyəti, nə polis, nə digər dövlət qurumları müdaxilə etdilər. Prezident Aparatından da hər hansı göstəriş gəlməmişdi ki, yığıncaq dağıdılmalıdır. Televiziyada qeydiyyatda olub-olmamasından asılı olmayaraq bütün partiyalara kifayət qədər yer ayrılırdı. Onların arasında YAP da var idi, AMIP də, Sosial Demokrat Partiyası da. Çünki Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə elan etmişdi ki, çoxpartiyalı sistemin tərəfdarıdır. Güclü iqtidar müxalifətin daha güclü olmasına şərait yaradar. Çünki bugünkü müxalifət sabahkı iqtidardır. Güclü, konstruktiv müxalifət bizim də marağımızda idi.
Bu hakimiyyətdən fərqli olaraq biz müxalifətin hər addımını izləmirdik, Milli Təhlükəsizlik Nazirliyinə onların təqib olunması ilə bağlı göstərişlər vermirdik. Bütün bunlar YAP hakimiyyətinin xislətindədir. Biz bir örnək qoyub getdik”.