İş adamının qətli ilə bağlı proses davam edir

Növbəti iclas mayın 21-də olacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə davam etdirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə tikinti dələduzluğunda zərərçəkmiş Tural Zeynalov bildirdi ki, mənzil alması üçün pulu Hümbət Məmmədova ödəyib və mənzilini də ondan tələb edir. Başqa zərərçəkmiş Tahir Əliyev də eyni mövqedən çıxış etdi.
Qətlə yetirilən Əflatun Piriyevin ailəsinin vəkili Aslan Ismayılov çıxışına ibtidai istintaq orqanına təşəkkür etməklə başladı. Dedi ki, istintaq orqanı cinayət işini tam və hərtərəfli araşdırıb. Onun sözlərinə görə, son məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı cinayət işində olan sübutları məhkəmənin diqqətinə çatdırıb. Istintaq orqanı isə təqsirləndirilən şəxslərin vaxtında telefon danışıqlarını, ifadələrini, ekspertizaları tam şəkildə yerinə yetirib. Vəkil cinayət işi üzrə təqsirləndirilən Şamil Şamilova verilmiş ittihamın tam sübut olunmadığını da söyləyib: “Həm istintaq, həm də məhkəmə araşdırması zamanı Şamil Şamilovun bu cinayətdə iştirak edib-etməməsini müəyyən edə bilmədik. Buna görə də onun barəsində təyin edilmiş cəzanı məhkəmənin səlahiyyətlərinə veririk. Digər təqsirləndirilən şəxslərin törətdikləri əməl məhkəmə araşdırması zamanı tam sübuta yetirildi. Məhkəmə iclaslarında təqsirləndirilən şəxslərin davranışları bir daha ibtidai istintaqın ədalətli aparılmasını sübut etdi. Mərhum Əflatun Piriyevin qardaşı Ərəstun Piriyev istintaqın tam araşdırılmasına yaxından köməklik göstərib. O, törədilmiş cinayətlə bağlı şübhələndiyi şəxsin – Hümbət Məmmədovun adını dərhal istintaq orqanına verib, istintaq orqanı da təxirəsalınmaz əməliyyat nəticəsində məlumatı araşdırıb, cinayətin iştirakçılarının əhatəsini müəyyən edib. Məlumat əsasında təqsirləndirilən Hümbət Məmmədovun telefon danışıqları qeydə alınıb, onun dərhal həbs edilməməsinə səbəb cinayətin digər iştirakçılarının da müəyyənləşdirilib, həbs edilməsi ilə bağlı olub”.
A.Ismayılov çıxışında təqsirləndirilən şəxslərin barəsində ağırlaşdırıcı halların çox olmasını da dedi: “Cinayəti törədən şəxslər hadisəni törədəndən sonra hadisə yerindən qaçırlar. Hörmətli məhkəmə, belə cinayət işləri sizin də icraatınızda çox olub. Bu cinayəti törədən şəxslər hadisə yerindən qaçmaq əvəzinə, orada pul almaq uğrunda dava ediblər. Bu fakt həm istintaq dövründə, həm də məhkəmədə sübuta yetirildi. Sübut edildi ki, bu şəxslər cinayəti törədəndən sonra qorxu və təhlükə hiss etməyiblər. Hümbət Məmmədov cinayətdən sonra mərhumun əzizi kimi cənfəşanlıq edib. Bütün bunlar bir daha sübut edir ki, Hümbət Məmmədova qatil demək olar”.
Vəkil daha sonra bildirdi ki, bu işdə təqsirləndirilən  şəxslərin əməlində yüngülləşdirici halları nəzərə almaq olmaz.
A.Ismayılov onu da bildirdi ki, Hümbət Məmmədov tikintidə zərərçəkənləri Piriyevlərə qarşı qaldırmağa çalışıb. Onun sözlərinə görə, mərhumun qardaşı Ərəstun Piriyev tikinti üzrə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün də mübarizə aparıb: “Hümbət Məmmədovun tikinti dələduzluğunda zərərçəkmişləri Ərəstun Piriyevə qarşı qaldırmaqda məqsədi olub. Məqsəd də Ərəstunun istintaqın gedişinə köməklik göstərməsi olub, bu da Hümbət Məmmədovu narazı salıb”.
Ərəstun Piriyev vəkilinin çıxışı ilə razı olduğunu bildirdi.
Məhkəmə iclası digər vəkillərin çıxışı ilə mayın 21-də davam etdiriləcək.

Ramin DEKO