Hakimiyyətin regionları inkişaf siyasətini ifşa edən faktor ortaya çıxdı
Məhəmməd Talıblı: «Banklarda cəmləşən vəsaitlər kiçik qrupa məxsusdur»
Mərkəzi Bank 2013-cü ilin aprel ayına kredit təşkilatlarında cəmləşən depozitlərin həcmini açıqlayıb. 11,01 milyard manat həcmində olan depozitlərin 50%-dən çoxu, 5,536 milyard manat əhalinin payına düşür. Əmanətlərin 12 faizi əcnəbilərə məxsusdur.
Maraqlı fakt həm də ondan ibarətdir ki, əmanətlərin böyük hissəsi paytaxtın payına düşür. Bakıda qoyulan əmanətlərin həcmi ümumi əmanətlərin 93 faizini formalaşdırır. Digər regionlarda, Abşeron və Aran iqtisadi rayonu istisna olmaqla, heç bir iqtisadi region üzrə 100 milyon manatdan artıq əmanət yerləşdirilməsi olmayıb.
Bu məlumatlar bir sıra məsələlərə yenidən nəzər salmağa məcbur edir. Məlumdur ki, Azərbaycanda 1,5 mln adamın banklara kredit borcu var. Borcu olan şəxslərin banklarda əmanətinin olması inandırıcı deyil. Bu da onu deməyə əsas verir ki, əmanətlər az sayda insana məxsusdur. Digər bir məqam qoyulan əmanətlərin böyük hissəsinin Bakının payına düşməsi ilə bağlıdır. Hökumət rəsmiləri durmadan regionların inkişafından danışır, bu məqsədlər üçün milyonlarla manat vəsaitin ayrıldığını açıqlayır. Bəs bu inkişaf özünü nədə göstərir?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı son illər vətəndaşların banklardan asılılığının artdığını deyir. Bu artıq tendensiya halı alıb. Banklara müraciətlər qarşılıqlı faydalılıq prinsipi əsasında deyil, ehtiyac səbəbindən olur. Bu da ölkədə sosial-iqtisadi vəziyyətin ağırlığından xəbər verir. Vətəndaşların alternativ maliyyə mənbələrinə çıxış imkanları yoxdur.
Ekspert biznes qurumlarının daha çox öz kapitallarından istifadə etdiyini, bu kapitalın isə məmurlara məxsus olduğunu da bildirdi. Banklarda cəmləşən vəsaitlər də kiçik qrupa məxsusdur. Ekspertin sözlərinə görə, banklarda daha çox Abşeron iqtisadi rayonundan vəsaitlərin cəmləşməsi onu göstərir ki, Azərbaycanda demoqraf balansın pozulması hesabına əhalinin böyük əksəriyyəti paytaxta axışıb. Iqtisadi fəal əhalinin paytaxtda cəmləşməsi hesabına büdcə gəlirlərinin 96 faizini Abşeron iqtisadi rayonu verir. Cəmi 4 faizi qalan rayonların payına düşür.
Ekspert ölkədə bank sektorunun inhisara alındığını da vurğuladı. Faiz dərəcələrinin yüksək olması isə vətəndaşlar üçün əlavə problemlər yaradır. Yaxın müddətdə də vətəndaşların banklara borclarının daha da artacağını gözləmək olar.
Fizzə


