olu

Alman vətəndaşının qətli ilə bağlı şok məlumat

oluVüsal Şilderi qətlə yetirməyi kim və nə üçün sifariş edib?

Bakıda Almaniya vətəndaşının qətlilə bağlı “Azadlıq”a ilginc məlumatlar daxil olub. Həmin məlumatları təqdim etməmişdən əvvəl yada salaq ki, Almaniya vətəndaşı Şilder Vüsal Adolf mayın 2-də saat günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisində qətlə yetirilib.
Baş Prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, əvvəllər xuliqanlıq niyyəti ilə dıgər şəxslərə bıçaqla xəsarət yetirməklə törətdiyi cinayətlərə görə iki dəfə məhkum olunmuş Elman Isgəndərov qohumu Seymur Talıbov və qeyrilərindən ibarət bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onların sifarişi əsasında Bakı şəhərində yaşayan Vüsal Şilderi qəsdən öldürmək üçün qeyd edilən tarixdə Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında sonuncuya yaxınlaşaraq üstündə olan bıçaqla gicgah nahiyəsinə, döş qəfəsinə və bədəninin digər nahiyələrinə xəsarətlər yetirməklə onu qəsdən öldürüb hadisə yerindən qaçıb.
Elman Isgəndərov mayın 4-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Ona iş üzrə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5 (sifarişlə adam öldürmə) maddələri ilə ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Indisə keçək yeni məlumatlara. Həmin məlumatlarda Vüsal Şilderin qətlində kifayət qədər nüfuzu olan, əvvəllər hakimiyyətdə post tutmuş bir şəxsin adı hallandırılır. Həmin şəxsin adı da bizə bəllidir. Lakin bəzi dəqiqləşdirmələr apardığımızdan hələlik açıqlamırıq. Məlumatlara görə, Vüsal Şilderin qətlə yetirilməsi sırf məişət zəmnində baş vermiş olaydır. Onun öldürülməsini isə qeyd etdiyimiz nüfuzlu şəxs sifariş edib. Yəni, bu sifarişli qətldir. Elə bu səbəbdən prokurorluq Elman Isgəndərova həm də 120.2.5 (sifarişlə adam öldürmə) maddəsi ilə ittiham irəli sürüb.
Məlumatlarda qeyd edilir ki, bu hadisə üzrə Məmmədov Ilham Zahid oğlu adlı şəxs də istintaqa cəlb edilib. Bildirilir ki, bu şəxs mühafizə polisinin Binəqədinin rayon şöbəsində çalışır. Lakin həmin şəxs həbs edilmək təhlükəsini hiss edərək aradan çıxıb. Onun axtarışa verildiyi bildirilir. Eyni zamanda Ilham Məmmədovun Bərdədəki evində də axtarış aparılıb.
Ilham Məmmədovun mühafizə polisində çalışıb-çalışmadığını dəqiqləşdirmək üçün DIN-lə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Vüsal Şilderin qətli ilə bağlı cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində araşdırıldığından bu məsələ ilə bağlı bütün suallara da onlar aydınlıq gətirə bilər.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun isə məlumatla bağlı mövqeyi belə oldu: “Cinayət-prosessual qanunvericiliyin, həmçinin kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimləyən ”Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərinə müvafiq olaraq ibtidai araşdırma məlumatlarının yayılmasına yalnız ibtidai araşdırmanı aparan şəxsin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə yol verilir. Ona görə də istintaq sirri təşkil etdiyindən istintaqın hazırkı mərhələsində sorğunuzla bağlı ibtidai araşdırma məlumatların yayılması yolverilməzdir”.
Mövzunu diqqətdə saxlayacağıq.

Informasiya şöbəsi