Dünən “Gülər parlamenti” daha iki antidemokratik, mürtəce addım atdı, “böhtan və təhqirə görə” adı ilə internetdə senzuranı möhkəmləndirdi, etiraz aksiyalarının iştirakçılarına verilən inzibati həbsləri isə sərtləşdirdi, 15 gündən iki aya qaldırdı.
Bunlar ölkədə onsuz da yerlərdə sürünən təməl azadlıqlara tamamən gömmək, dəfn etmək üçün atılan addımlardır. Eyni zamanda da rejimin əndişələrinin, narahatlıqlarının nəticəsidir. Əks halda vintləri daha çox bərkitmək ehtiyacı niyə yaransın? Yoxsa bilə-bilə ki, bununla onsuz da pis imiclərini bir az da eybəcərləşdirirlər…
Tərəqqipərvər dünyanın tənqidlərini, ittihamlarını öz üzərlərinə çəkirlər…
Adlarının ən qəddar, iyrənc despotik rejimlərlə bir sıraya qoyulmasına kömək etmiş olurlar…
Gələcəkdə onları lənətlə xatırlayacaq nəsillərin işini bir az da asanlaşdırırlar, niyə bu qədər dərinə getsinlər, demokratiyanı imitasiyadan tamamən imtina etsinlər?
Demək ki, bunları buna vadar edən çox ciddi səbəb(lər) olmalıdır.
Məşhur filosoflardan biri deyirdi: “Rejimlər öz çöküşlərini hiss edəndə çoxlu axmaq qanunlar qəbul edirlər”.
Biz indi yaptokratiyanın timsalında məhz bunu müşahidə edirik, əmin ola bilərsiniz!
Bunlar yolun sonuna gəldiklərinin fərqindədirlər, çıxış yolunu da axmaq qanunlarla toplum üzərində nəzarəti sərtləşdirməkdə, vintləri möhkəmlətməkdə görürlər.
***
Məsələn, “internetdə təhqir və böhtana görə” cəza müəyyənləşdirmək niyə axmaqlıqdır?
Ən azı ona görə ki, məlum deyil, bunlar ölkədən kənarda misal üçün, facebook-da yazılan hər hansı statusa görə necə cəzalandıracaqlar? Youtube kiminsə xaricdən yerləşdirdiyi hansısa ifşaedici videoya görə cəza necə kəsiləcək?
Yeri gəlsə, onsuz da Əliyevçi rejim müxalif səsləri susdurmağa çalışanda, həbslərə güc verəndə heç bunu Cinayət Məcəlləsindəki təhqir və böhtan maddələri ilə də etmir axı! Şərləyir – narkotiklə, üzə qız durğuzmaqla, polisə müqavimətlə, adam döyməklə!
Indiyədək hansı jurnalisti o maddələrlə tutublar ki, internet istifadəçilərini də tutsunlar?
Sadəcə, belə mürtəce addımlarla adamların gözlərini qorxudur, ürəklərinə xal salır, daxili senzura yaradırlar. Başqa – heç zad!
***
Hə, ən komiki isə bütün bu mürtəce, çağdışı, antidemokratik qanunların, qərarların “Gülər parlamenti”ndə çıxarılmasının özüdür!
Ölkədə neçə milyonasa deputat mandatının alınıb-satıldığı…
Milli Məclisə düşmək üçün prezidentdən siyahı keçdiyi…
Kiminsə kimisə Milli Məclisə saldırmaq üçün prezidentdən keçən siyahını pozdura bildiyi…
Özünə hörmət edən, uyğar, sivil ölkələrdə seçkili olan parlamentin bizdə təyinatlı olduğu videolarla təsdiqlənir, amma bu xalqa təhqir olmur, millətə həqarət olmur, o parlamenti anındaca buraxmaq gərəkirkən türklər demiş, üstünə üstlük, bir də o parlamentdə başqalarını təhqir, həqarət adı ilə cəzalandırmağın yolunu açan qanun qəbul edilir!
Komediya deyilsə, bəs nədir?
Üzsüzlüyün son həddi deyilsə, bəs nədir?
Absurdun, məntiqsizliyin pik nöqtəsi deyilsə, bəs nədir?
Hansı çağda yaşayırıq, ilin-günün nə vaxtıdır ki, bir ölkənin parlamentinə bircə müxalif səs buraxılmasın və bu, çağdaşlığa, uyğarlığa təhqir, həqarət sayılmasın, amma o parlamentdə başqalarının təhqir, həqarət adı ilə cəzalandırılmasının önü açılsın?!
Mandatını xalqdan almayan…
Bir adamın iradəsinin əsirinə çevrilən…
Ondan gələn göstərişləri qeyd-şərtsiz qanun şəklinə salan…
Sorğulamayan…
Hesab istəməyən…
Aykırı sözün, fərqli fikirin yasaqlandığı bir məclisə parlament demək özü təhqirdirsə, amma o məclis durub təhqiri başqa yerdə və başqalarında axtarırsa, nə deməli?
Heç nə deməməli. Sadəcə, Orxan Gəncəbayın o məşhur şərqisinin sözlərini içdən-içdən zümzümə etməli:
“Batsın bu dünya!
Bitsin bu röya!”.

Orxan Gəncəbaydan oxumaq
•
•