“Ola bilər ki, ingilis, kanadalı, amerikalı üçün namus məsələsi əhəmiyyət kəsb etmir…”
«Namusu necə qoruduqlarını Quba və İsmayıllı olaylarında gördük»
Mayın 14-də Milli Məclisdə Cinayət Məcəlləsi və Inzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib və qəbul olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlum təşəbbüsün Baş prokurordan gəldiyini xatırladaraq dəyişikliklərin internet resurslarında təhqir və böhtana görə cinayət məsuliyyətini, inzibati həbsin maksimum müddətinin 15 gündən 3 aya qədər artırılmasını nəzərdə tutduğunu bildirib.
Ə.Hüseynli deyib ki, mətbuatda təhqir, böhtana görə məsuliyyət nəzərdə tutulursa, internetdə də təhqir və böhtan bu maddənin təsiri altına düşməlidir: “Bizi günahlandırırlar ki, ”Diffamasiya haqqında” qanun layihəsi aktual olduğu halda niyə bu dəyişikliklər müzakirəyə çıxarılır. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi heç vaxt Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin ləğvinin tərəfdarı olmayıb”.
Vitse-spiker Ziyafət Əsgərov da bildirib ki, mətbuatda təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılması təklifilə razı deyil. Bu zaman o, Qərb ölkələrinə həqarət də edib: “Avropa ölkələrinin yalnız üçündə diffamasiya haqqında qanun qəbul edilib. 27 Avropa ölkəsinin 10-u bunu qəbul etsin, 11-ci biz olaq. ”Diffamasyia haqqında” qanunun qəbulu bizim Avropa Şurası qarşısında öhdəliyimiz deyil. Sadəcə, bunu bizə məsləhət görüblər. Mən şəxsən hesab edirəm ki, Azərbaycan mühiti buna hazır deyil. Ola bilər ki, ingilis, kanadalı, amerikalı üçün namus məsələsi əhəmiyyət kəsb etmir, bizim üçün əhəmiyyət kəsb edir. Bu qanunu bizə sırımaq istəyənlər bizə nümunə göstərsinlər”.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev diffamasiya məsələsində Azərbaycan hakimiyyətinin özünü Avropa ilə müqayisə etməsini absurd adlandırıb: “Bu sözlərin hamısı cəfəngiyyatdır. Azərbaycanda informasiya əldə etmək problemi var, jurnalistlərə basqılar var, azad məhkəmə sistemi yoxdur. Biz Avropa deyilik və bizdə Qərb standartları işləmir. Məhkəmələr qəzetləri fantastik məbləğdə cərimələyir ki, heç bir Avropa ölkəsində bu yoxdur. Hakimiyyətin başında korrupsiyalaşmış cinayətkar qruplar dayanır. Nədən söhbət gedir? Bunlar özlərini hansı məntiqlə Avropaya bənzətmək istəyirlər? Xeyli korrupsiya faktları ifşa etmişik, əvəzində hansı məmuru məsuliyyətə cəlb ediblər, hansını həbs ediblər? Götürək, Kür daşqınlarını və Zaqatalanı. Söhbət, bir-iki milyondan yox, yüzmilyonların oğurlanmasından gedir. Demək istəyirlər ki, mən dövlətin pulunu talaya bilərəm, sən jurnalist danışa bilməzsən.
Qoy, bir nümunə göstərsinlər ki, Avropada hansısa korrupsiya faktı ifşa edilib, amma həmin məmur hələ də vəzifədədir. Hansı namusdan danışırlar? Qubada, Ismayıllıda, son olaraq da Xudatda insanlar namus məsələsinə görə küçələrə çıxmadı? Hansı məmur cəzalandırıldı? Həmin o namusu müdafiə edənlər həbs olundu. Namusu bunlar belə qoruyurlar?”.