Yataqxana sakinləri kompensasiyadan narazılıq edir
Xətai rayonu, Cavanşir küçəsi, 36 və 38 binanın 100-dən çox sakini ötən gün rayon icra hakimiyyətinin qarşısına toplaşaraq etiraz ediblər. Sakinlərin toplaşmasının səbəbi sözügedən ünvandan çıxarılmalarıdır. Vətəndaşlara bir ay vaxt veriblər ki, Z.Tağıyev adına kombinatın yataqxanasını tərk etsinlər. Onların sözlərinə görə, ailə tərkibi nəzərə almadan hər kəsə 45 min manatdan kompensasiya verilir.
Icra başçısının birinci müavini Zaməddin Əkbərov sakinləri icra hakimiyyətinin zalına toplayaraq onların problemini dinlədikdən sonra bildirdi ki, Nazirlər Kabinetinin yataqxananın sökülməsiylə bağlı qərarı var. Onlar da yalnız məlumatın olduğu, hələ ki, maliyyə ilə bağlı sənədin olmadığını dedi. Zaməddin Əkbərov hər bir ailəyə 45 min manatın veriləcəyini söylədi. Ailə tərkibi, evin sahəsinin nəzərə alınmayacğını qeyd etdi. Sakinlər isə buna etiraz edərək və zaldan çıxdılar.
Icra hakimiyyətinin binasını tərk edən sakinlər sözügedən binalardan bir neçə ay öncə çıxarılan 80 ailənin hamısına mənzil verildiyini deyir: “Ailə tərkibi 3 nəfərə qədər olana 1, 4-6 nəfər olana 2, 6 nəfərdən çox olan ailələrə isə 3 otaqlı mənzillər veriblər. Bizə də dedilər ki, sizə ev veriləcək. Ancaq indi deyirlər ki, 45 min manat kompensasiya alacaqsınız. Bu pul bizi qane etmir. 45 min manata heç yerdə ev almaq olmaz. Icra başçısı Razim Məmmədovun da dünən (mayın 13-də – red.) qəbulunda olduq. Dedik ki, ya normal pul veriləcək, ya da evimizdən çıxmayacağıq. Icra başçısı da dedi ki, çıxmayacaqsınız, eviniz başınıza uçacaq”.
Söküləcək yataqxananın yerində yaşayış kompleksi tikiləcəyini deyən vətəndaşlar bildirirlər ki, onları aldadırlar: “Yalandan deyirlər ki, ərazini abadlaşdırırıq. Bu yalandır. Bizdə məlumat var ki, köçəndən sonra orada yaşayış kompleksi tikiləcək. Bizə maliyyə haqqında heç bir sənəd təqdim etmirlər. Ona görə də gedib Nazirlər Kabinetinin qarşısına toplaşacağıq, Maliyyə Nazirliyinə gedəcəyik ki, bizə nə qədər pul ayırdıqları barədə məlumat versinlər, sənəd təqdim etsinlər”.
Ramin DEKO