“Yeni Müsavat” Elmar Vəliyevdən prezidentə şikayət etdi

İcra başçısı isə ittihamları uydurma adlandırdı

“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan ona gələn çoxsaylı telefon hədələri ilə bağlı dünən prezident Ilham Əliyevə müraciət edib. A.Ayxan bildirib ki, 12.05.2013-cü ildən etibarən müxtəlif mobil telefon nömrələrindən ona hədə zəngləri daxil olub və naməlum şəxslər tərəfindən təhqirlərə məruz qalıb. Zəng edənlər və mesaj yazanlar “Yeni Müsavat”da Gəncə Şəhər Icra Hakimiyyətinin başçısı Elmar Vəliyev haqda yazılara son qoymağı, icra başçısından əl çəkməyi tələb ediblər.
A.Ayxan xatırladıb ki, 22 illik jurnalist və 8 illik redaktor fəaliyyəti dövründə bu cür psixoloji təzyiqə və mənəvi terrora ilk dəfədir məruz qalır: “Məni və redaksiyamızın digər əməkdaşlarını təhqir edən, şəxsiyyətini alçaldan, ölümlə hədələyən bu şəxslərin tezliklə tapılaraq qanunla cəzalandırılması məqsədilə müvafiq tədbirlərin görülməsi barədə göstəriş verməyinizi xahiş edirik.
Onlar elə bilirlər ki, bu yolla bizə təsir göstərə, barələrində yazılmasının qarşısını ala biləcəklər. Ancaq əksinə oldu, onlar artıq öz-özünə sönməkdə olan ocağın üstünə benzin tökdülər”.
Qəzet xatırladır ki, “Yeni Müsavat”ın son saylarında Elmar Vəliyev haqqında silsilə yazılar dərc olunub. Həmin yazılarda E.Vəliyevin idarəçilikdə yol verdiyi bəzi qanunsuzluqlar əksini tapıb. Redaksiya rəhbərliyi bu səbəbdən baş verənlərin arxasında böyük ehtimalla şəxsən E.Vəliyevin və onun çevrəsinin dayandığını güman edir.
Dünən məsələyə icra başçısı Elmar Vəliyev özü də reaksiya verib. E.Vəliyev publika.az-a açıqlamasında ittihamları tamamilə əsassız və uydurma adlandırıb.ÿ”Yeni Müsavat” qəzetində qeyd olunan telefon nömrələrinin Gəncə Şəhər Icra Hakimiyyətinə heç bir bağlılığının olmadığını vurğulayan E.Vəliyev deyib: “Həmin yazılar və söylənilən ittihamlar əsassız və yersizdir. Mənim barəmdə yazılanlar da hansısa jurnalistin uydurmasıdır və heç bir fakta əsaslanmır. Azərbaycanda sərbəst söz və mətbuat azadlığı mövcuddur. Kim nə istəyirsə, onu sərbəst şəkildə deyə və yaza bilir. Bunun üçün də mən bu cür yazılara indiyədək əhəmiyyət verməmişəm. Ancaq böhtanın da bir həddi olur. Əgər mənə qarşı müxalifət mətbuatında bu cür böhtan xarakterli yazılar və kampaniyalar davam edərsə, o zaman məcbur olub məhkəməyə müraciət etməli olacam. Yaxşı olar ki, bunu yazanlar öz vicdanları qarşısında məsuliyyət hiss etsinlər və qələmlərinə hörmət etsinlər”.

Gültəkin