İrandan küsməyə dəyərmi?

Günlərdir bir azərbaycanlı araşdırmaçı xanım və onunla Irana gedən daha bir soydaşımız molla rejiminin girovudur.
Nədən həbs edildikləri, harada saxlanıldıqları konkret bəlli deyil.
Indi buna görə bizdə Iranı xeyli asıb-kəsən var. Haqsızdırlarmı? Deyillər. Nə qədər acı söyləsələr, yeridir yeri olmasına da, amma hər kəs öncə bir suala cavab verəcək.
Günlərdir Xaçmazda üç vətəndaşımızı da Əliyevçi rejim girov götürüb, hansı maddə ilə yarğılandıqları, harda saxlanıldıqları bilinmir.
Artıq dörd gündür yaxınları, dostları bu üç nəfəri Xaçmazdan, Qubadan Bakıyadək hər yerdə axtarırlar.
Nə saxlanıldıqları yeri söyləyən var, nə hansı durumda olduqlarını.
Bu vəziyyətdə ailələrinin, valideynlərinin, dostlarının dörd gündə hansı əndişələr, stress, narahatçılıq yaşadıqlarını söyləmək də artıqdır.
Iki azərbaycanlını Iranda girov saxlayan oradakı molla rejimini baltalayanların öncə cavab verməsi gərəkən sual isə budur: Sizin ölkənizdəki rejim öz vətəndaşları ilə belə haqsızca, vicdansızca rəftar etdikdən, davrandıqdan sonra səsinizi çıxarmayıb, el-aləmin Iranından-miranından nə gözləyirsiniz, nə umursunuz, nə küsürsünüz?!
Seyran Səxavətə sual
Yazıçı Seyran Səxavət “mediaforum” saytına müsahibə verib, xeyli danışıb. Məsələn, müxalifəti fərsizlikdə, 20 ildir hakimiyyətə gələ bilməməkdə ittiham eləyib.
Əcəb eləyib, əlinin içindən gəlib. Nə deyib, az deyib. Buna sözüm yoxdur.
Sadəcə, mən Seyran bəyin sözlərində səmimiyyət görmədim, bu gün kənara çəkilməsinə bəraət qazandırmaq üçün dedikləri mənə inandırıcı gəlmədi.
Niyəmi? Deyim:
Seyran bəy deyir ki, indiyədək heç vaxt seçkiyə getməyib. Heç seçki komissiyalarının iş prinsipindən də məlumatı yoxdur.
Çox gözəl. Çox pakizə.
Indi soruşuram: Seyran bəy, siz 2003-cü ildə xalqı Isa Qəmbərə səs verməyə çağırmısınız. Amma yuxarıda dediklərinizdən belə çıxır ki, siz özünüz Isa bəyə səs verməmisiniz, çünki seçkiyə getmirsiniz.
Seyran bəy, heç düşünmüsünüzmü, bəlkə 20 illik uğursuzluqda həm də bunun rolu var: xalqı harasa çağırırsan, amma özün ora getmirsən.
Xalqı hakimiyyəti seçki ilə dəyişəcəyinə inandırırsan, amma özün seçki komissiyalarının işi nədir, bilmirsən.
Və siz həm də bu səmimiyyətləmi kimlərinsə fərli-fərsiz olduğunu müəyyənləşdirirsiniz, Seyran bəy?!
Ramiz Rövşənin baş nazir müavininə şeir yazması
Seyran Səxavət kimi, həqiqətlərin daha da yüksəkdən söylənməsinə ən çox ehtiyac olduğu vaxtlarda susmağa qərar verənlərdən biri də Ramiz Rövşəndir.
Bir dəfə bunun səbəbini “mən iyrənib də susa bilərəm” deyə açıqlamışdı.
Bir neçə gün sonra isə mən onu ITV-də mənasız mövzulardan birində danışarkən gördüm. Belə çıxırdı ki, həqiqətləri danışmaqdan iyrənib susa bilir, amma rejimin təbliğat tribunalarından birində danışmaqdan iyrənmir. Olsun.
Bu dəfə isə Ramiz müəllim baş nazirin 17 illik müavini, 80-ci illərin sonunda Heydər Əliyevin ilk hakimiyyət dövrünü “durğunluq illəri” adlandıran, 90-cı illərin ortalarından isə eyni Heydər Əliyevi öyüb, öyüb bitirə bilməyən Elçin Əfəndiyevdən iyrənməyərək ona gözəl şeir həsr edib.
Məncə, E.Əfəndiyevin “Heydər Əliyev şəxsiyyətinin miqyası çox böyük idi və bu mənada o unikal şəxsiyyət idi. SSRI-nin ucqar guşəsində doğulub boya-başa çatasan, Ivanov yox, Petrov yox, Əliyev familiyası daşıyasan və dünyanın taleyini həll edən SSRI kimi imperiyanın başında duran üç kişidən, beş kişidən biri olasan – bu son dərəcə zor bir iş idi. Bunun üçün gərək həqiqətən nəhəng olasan və Heydər Əliyev nəhəng idi. Müstəqil Azərbaycanı da yeni tarixinin ən çətin dövründə həmin nəhənglik xilas etdi” sözlərinin işığında həm də “Qoca” şeirinin müəllifi olan Ramiz Rövşənin Elçin müəllimə yazdığı şeirdən bir parçanı oxumağın ayrı ləzzəti var:
Bir vaxt daş kimiydi, kərpic kimiydi
sözlər əlimdə.
Mən şeir yazmırdım ki,
sözlərdən ev tikirdim.
Bir vaxt balta kimi, çəkic kimiydi,
sözlər əlimdə.
Mən şeir yazmırdım ki,
öz içimi-çölümü
dağıdırdım-tökürdüm.
Mənə qalsa, heç oxumaqla da kifayətlənməyin. Həm də mütləq əzbərləyin!