Sumqayıtda məktəbli faciəsi (VİDEO)

11-ci sinif şagirdi məktəbin həyətindəcə ürək tutmasından keçinib; ona cəza verildiyi deyilir

Sumqayıtdakı 17 saylı məktəbin 11-ci sinif şagirdi Azad İlyasovun halı məktəbin həyətində qəflətən pisləşib. Həkimlər onun həyatını xilas edə bilməyib. Şagirdlər iddia edirlər ki, Azadın ölümünə səhhətindəki problemlə yanaşı, digər məktəblilərlə birgə gecikdiyinə görə verilən cəza olaraq məktəbin həyətində qaçması olub. Bundan sonra o, ağacın altına yıxılıb və çox çəkməyib ki, vəfat edib. Ürəyində problem olan Azada isə həkimlər nəinki qaçmağa, ümumiyyətlə, hər hansı bir fiziki işlə məşğul olmağa həkimlər qadağa qoyublar. Gecikməyə görə məktəbin həyətində qaçmaq cəzası absurd səslənsə də, məktəblilər bunun reallıq olduğunu iddia edirlər.

Məktəbin direktoru Nargilə Səfərova şagirdin ölümü ilə bağlı belə söyləyib: “Məktəbin həyətində halı pisləşib. Qaçırtmaq məsələsi qətiyyən olmayıb”.

Vəfat edən məktəblinin valideynləri isə deyir ki, uşağın ürəyində problem olduğundan, o, hətta arayış əsasında bədən tərbiyəsi dərsindən də azad olunub.

Sumqayıt şəhər Təhsil şöbəsində isə məsələnin araşdırılacağına söz verdilər. Qurumun müdir əvəzi Vaqif Ələkbərov bildirib ki, gecikməyə görə şagirdlərin qaçmağa məcbur edilməsi barədə ilk dəfə eşidir: “Əgər uşaqlara cəza verilməsi məsələsi aşkarlansa, həmin məktəb nümayəndələri cəzalandırılacaq”.

Xatırladaq ki, bu Sumqayıtın 17 saylı məktəbində baş verən ilk neqativ hal deyil. Bir neçə ay öncə internetdə sözügedən məktəbin müəlliminin şagirdləri döydüyünü əks etdirən video da yayılmışdı. /ANS TV/

***

“Azad İlyasov ürək çatışmazlığından vəfat edib”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Sumqayıt şəhər Təhsil Şöbəsinin müavini Vaqif Ələkbərov Sumqayıtdakı 17 saylı orta məktəbin XI sinif şagirdi, 1996-cı il təvəllüdlü Azad İlyasovun dərs zamanı ölməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Təhsil Şöbəsinin müavini bildirib ki, hadisədən dərhal sonra həmin məktəbə gedib: “Şagird elə məktəb həyətindəcə, dərsə girməmiş dünyasını dəyişib. Bu gün Azad İlyasov evdə də bildirib ki, ürəyində ağrı var və dərman içib. Anası dərsə getməsinə razı olmasa da, o, özünün yaxşı hiss etdiyini söyləyib və dərsə gəlib”.

V. Ələkbərov onu da əlavə edib ki, məktəbdə ona kömək etməyə çalışsalar da, nəticə verməyib: “Təxminən 15-20 dəqiqə sonra təcili yardım maşını gəlsə də, artıq uşaq vəfat etmişdi”.

Azad İlyasovun müəllim tərəfindən cəzalandırılaraq həyətdə qaçmasına da V. Ələkbərov aydınlıq gətirib: “Mən məktəbdə olarkən elə bir söhbət eşitmədim. Uşağın sinif yoldaşlarına baş sağlığı verdim. Onlar hamısı şokda idi. Hətta anası da orada idi”.

Qeyd edək ki, mətbuatda yayılan informasiyaya görə, Azad İlyasov səhər saatlarında dərsə gecikib. Ona görə də müəllim onu cəzalandıraraq məkktəbin həyətində qaçmağı əmr edib. Şagird qaçan zaman qəflətən yıxılıb. Hadisə yerinə həkim çağırılsa da, Azadın həyatını xilas etmək mümkün olmayıb.

***

Bu gün səhər saatlarında Sumqayıt şəhərində orta məktəbdə şagird dərs zamanı ölüb. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, 8-ci mikrorayonda yerləşən 17 saylı orta məktəbin XI sinif şagirdi, 1996-cı il təvəllüdlü Azad İlyasov qəflətən dünyasını dəyişib.Hazırda uşağın ölümünün səbəbləri araşdırılır.

Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, Azad İlyasov səhər saatlarında dərsə gecikib. Ona görə də müəllim ona cəza kimi məktəbin həyətində qaçmağı əmr edib. Şagird qaçan zaman qəflətən yıxılıb. Hadisə yerinə həkim çağırılsa da, Azadın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar 17 saylı məktəbin rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. Telefonu məktəbin mühafizəçisi götürüb və günorta saatları olmasına baxmayaraq, məktəbdə heç kimin olmadığını bildirib. Ölən şagirdin Gülşən Hüseynovanın rəhbərlik etdiyi “11 B” sinifində təhsil aldığını deyiblər.