Keçmiş nazir Əliyevlərlə münasibətə görə “vuruldu”

Alman mətbuatı Əliyevlə bağlı tədbirə qatıldığına və Azərbaycan hökumətinə lobbiçiliyə görə Genşeri sərt tənqid etdi

Azərbaycan hakimiyyəti, o cümlədən Əliyevlərlə münasibətlərə görə dünyanın bir çox tanınmış şəxsləri öz ölkələrində tənqid hədəfi olur. Bu tənqidlər uzun illər Almaniyanın xarici işlər naziri olmuş Hans Dikrix Genşerdən də yan keçmədi. Keçmiş nazir Heydər Əliyevin yubiley tədbirinə qatıldığına, eyni zamanda, onun rəhbərlik etdiyi piar şirkəti Azərbaycan hökumətinə lobbiçilik etdiyinə görə Almaniyanın nüfuzlu “Sueddeutsche Zeitung” qəzetinin qınaq obyektinə çevrilib.
Qəzet yazır ki, insan hüquqları məsələsi Hans Dikrix Genşeri heç vaxt narahat etməyib. Bu səbəbdəndir ki, o, bu gün də diktatorlarla münasibət saxlamaqda davam edir.
“Bu yaxınlarda Berlində Heydər Əliyevin 90 illiyilə bağlı tədbir keçirilib. Azərbaycanın Almaniyadakı səfiri amansız Heydər Əliyevin Azərbaycan üçün əhəmiyyətindən danışıb. Onu Konrad Adenauer, Villi Brandt, Şarl de Qoll kimi şəxsiyyətlərlə eyniləşdirilib.
Həmin tədbirdə birinci sırada Avropa Ittifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger və Almaniyanın keçmiş xarici işlər naziri Hans Dikrix Genşer əyləşib”, – deyə məqalədə qeyd olunur.
Müəllif yazır ki, Genşer bu tədbirə Azərbaycanda sabit diktatura rejimi yaratmış bir şəxsi tərifləməyə gəlmişdi. Eyni zamanda, vurğulayır ki, Azərbaycanda hazırkı prezident Ilham Əliyev də atasının ölümündən sonra onun diktatura siyasətini davam etdirir.
Azərbaycanda diktatura rejiminin hökm sürdüyünü sübut etmək üçün müəllif Avropa Şurası Parlament Assambleyasının yanvarda keçirilən qış sessiyasında Azərbaycanla bağlı qəbul olunmuş qətnamədən bəhs edir. Sənədə istinadən qeyd edir ki, Azərbaycan Avropa Şurasının üzvü olandan bəri bu ölkədə bircə dəfə də demokratik seçki keçirilməyib. Ölkədə vətəndaşların hüquq və azadlıqları daim pozulur, müxalifət sərt təzyiqlər altındadır: “Genşer isə deyir ki, ”Heydər Əliyev fəxrlə geri boylana bilər…”
Məqalədə vurğulanır ki, Genşer üçün başlıca məsələ demokratiya və insan hüquqlarıyla bağlı tələblər yox, biznesdir. Hətta Rusiyaya münasibətdə də o, eyni mövqedən çıxış edir.
Bu yerdə məlumat verilir ki, Genşer qərargahı Berlində yerləşən piar-agentliyin Məsləhət Şurasının fəxri sədridir. Həmin agentlik də xarici dövlətlərin hökumətlərinə və onların Almaniyadakı diplomatik nümayəndəliklərinə məsləhət və dəstək verməklə məşğuldur: “Agentliyin müştərilərindən biri də Azərbaycan hökumətidir…”

Siyasət şöbəsi