aslanismayilov-enyeni

Vəkillərdən Aslan İsmayılova dəstək

aslanismayilov-enyeni«Vəkillər Kollegiyası müstəqil deyil və sifariş yerinə yetirir»

Tanınmış hüquqşünas Aslan Ismayılov Vəkillər Kollegiyasından çıxarıldı. Kollegiyanın iclasında qəbul edilən qərara görə, o, məhkəməyə qədər vəkillik fəaliyyəti ilə məşğul ola bilməz. Açıq-aydın görünür ki, Aslan Ismayılovla bağlı qərar onun vətəndaş fəaliyyəti ilə bağlıdır. Bu cür qərar qəbul edilməsi daha çox siyasi sifariş kimi görünür. Çünki azad fikir sərgiləyən, hakimiyyətin tapşırığı ilə oturub-durmayan vəkillərə qarşı bu cür ədalətsiz qərarlar dəfələrlə həyata keçirilib.
Qeyd edək ki, Aslan Ismayılov 1999-cu ildə də vəkillikdən uzaqlaşdırılmışdı.
Aslan Ismayılova qədər bir neçə tanınmış vəkil də kollegiyadan uzaqlaşdırılıb. Namizəd Səfərov, Elçin Namazov, Xalid Bağırov (Xalid Bağırovun vəkillik fəaliyyəti dayandırıldı), Osman Kazımov (Osman Kazımov vəkillər kollegiyasından çıxarılsa da sonradan bərpa oluna bildi) və başqaları.
Hansı vəkil ki, prinsipialdır, sifarişlə işləmir, buyruq qulu deyilsə, hakimiyyət onu cəzalandırmağı çalışır.
Söhbət etdiyimiz vəkillər də bu fikirdədirlər.

Vəkil Xalid Bağırov deyir ki, Aslan Ismayılovun təqib olunması birmənalı şəkildə, onun son dövrlər aktiv ictimai çıxışları ilə bağlıdır: “Aslan Ismayılovun Vəkillər Kollegiyasından çıxarılması, Azər Tağıyevin rəhbərlik etdiyi qurumun müstəqil və vəkillərin iradəsini ifadə etməyən qurum olduğunun göstəricisidir. Bu qurum bir dəfə Aslan Ismayılovu vəkillikdən xaric etmişdi. Səhv etmirəmsə, yuxarıdan tapşırıq gəldikdən sonra bərpa elədilər”.
Xalid Bağırovun fikrincə, Azər Tağıyevin rəhbərlik etdiyi Rəyasət Heyəti Batav Respublikasıdır: “Sual yaranır, Aslan Ismayılov doğrudan vəkil olmağa layiq şəxs deyildisə və Vəkillər Kollegiyasının Rəyasət Heyəti doğrudan da müstəqil qurum idisə, niyə onu o vaxt bərpa edirdilər. Bu bir daha göstərir ki, onlar müstəqil deyil və sifariş yerinə yetirirlər”.

Vəkil Anar Qasımlı hər hansı bir vəkilin kollegiyadan çıxarılmasının əleyhinə olduğunu bildirdi: “Aslan Ismayılovun vəkillikdən çıxarılmasını pisləyirəm. Hər hansı bir vəkil intizamsızlıq edirsə, alternativ yollardan istifadə etmək olardı. Ona xəbərdarlıq oluna, irad tutula bilər. Bunlardan istifadə eləmək lazımdır. Vəkilin kollegiyadan çıxarılması indiki halda yaxşı bir şey deyil. Onsuz da Azərbaycanda vəkillərin sayı çox azdır. Aslan Ismayılov barmaqla sayılacaq vəkillərdəndir. Prinsipiallığına, döyüşkənliyinə, savadına, mübarizliyinə görə Aslan müəllim kimi vəkillər azdır”.

Ramin DEKO