Naxçıvanda zabitin müəmmalı ölümü

Mərhumun xanımı Zakir Qaralova nələr yazdı?

Bakı sakini Vüsalə Məmmədova baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Müraciətin bir surəti də “Azadlıq”a daxil olub. Vüsalə Məmmədova həyat yoldaşına qarşı edilmiş haqsızlıqlardan və onun müəmmalı ölümündən bəhs edir:
“Həyat yoldaşım Məmmədov Hikmət Adışirin oğlu 1983-cü il 5 mayda Ağcabədi rayonunda anadan olmuşdur. Heydər Əliyev adına Ali Hərbi Akademiyasını bitirdikdən sonra, 2005-ci ildə təyinatla Naxçıvan MR-nın ”N” saylı hərbi hissəsinə göndərilmişdi. O vaxt orada hərbi hissə komandiri Orucov Bəkir idi. 2007-ci ilin iyun ayında yoldaşımı təyinatla Salvatı dağına göndərdilər.
2008-ci ilin senytabrında yoldaşıma qarşı hərbi hissə tərəfindən qərəzli ittihamlar irəli sürülməyə başlanıldı. Onu əsgərlərə qarşı təzyiq göstərməkdə günahlandırırdıla. Bu məqsədlə ona qarşı 11 nəfər əsgəri yalandan şahid qismində ifadə verməyə məcbur etdilər. Həmin ifadələrdən sonra ərimi təqsirləndirilən şəxs qismində cəlb edib məhkəməyə verdilər. Məhkəmə tərəfindən ona 2 il 6 ay icbari iş verildi. Bu müddətdə yoldaşımın atasının dilindən kağız aldılar ki, oğlundan şikayət olunarsa o həbs ediləcək.
2010-cu ildə yoldaşım Kəngərli rayonunda yerləşən başqa bir hərbi hissəyə  göndərildi. 2012-ci ilədək orada xidmət etdi. Yoldaşım xidmət etdiyi müddətdə biz hərbi hissənin xidməti mənzili ilə təmin olunmuşduq. Uşaqlarımızın birinin 8, digərinin 7 yaşı olduğundan bizə iki otaqlı mənzil verilmişdi. 2011-ci ildə biz öz hesabımıza mənzili əsaslı şəkildə təmir etdik. Yanvar ayında ərimi məcburi şəkildə məzuniyyətə çıxardılar. Onun məzuniyyətə çıxması da müəmmalı oldu. Belə ki, biz məzuniyyətə çıxanda bu barədə yoldaşımla həmişə qabaqcadan məsləhətləşirdik. Mən özüm də məktəbdə müəllimə işləyirdim. Cümə günü işdən gələndə, yoldaşım mənə dedi ki, bilmirəm niyə məni belə təcili məzuniyyətə çıxartdılar. Biz getməliyik. Mən narazılığımı bildirdim. Lakin ərimin təkidi ilə mən məzuniyyətə çıxmağım barədə ərizə yazmalı oldum. Ərim işləyərkən tam sağlam idi. Heç yeri ağrımırdı və sağlamlığı ilə bağlı heç bir şikayəti yox idi. Bütün hərbçilər kimi yoldaşımın da sağlamlıq haqqında tibb kitabçası var idi. Kitabçada isə həmişə onun tam sağlam olduğu qeyd olunurdu. Lakin məzuniyyətə çıxdıqdan bir neçə gün sonra yoldaşının halı psiləşdi. O, Bakıya hospitala yerləşdirildi. Bir həftə tamamında yoldaşımın cənazəsi gəldi.
Ölüm səbəbi kimi diaqnoz kəskin leykoz oldu. Ölüm günü hərbi hissə komandiri Hafiz Məmmədovun hospitalda olması təsadüf idimi?! Yoldaşım yarılmadan dəfn edildi. Onun ölümünün 7-ci günündən sonra yoldaşımın xidmət etdiyi hərbi hissənin giziri Səməndərov Niyaməddin mənə zəng edərək bildirdi ki, Bakıdan hərbi prokurorluqdan gəliblər bizi dindirirlər. O, dedi ki, yoldaşımın sağlamlıq kitabçasını tələb edirlər. Açarı kiməsə vermisənsə de, yoxsa məcburuq qapını qırıb evi axtaracağıq. Mən bildirdim ki, sabaha biletim var. Özüm gələcəyəm. Dedi yox bizə əmr verilib, ya kitabçanın yerini de, ya da evi dağıtmalı olacağıq.
Mən kitabçanın yerini dedim. Sabahı evə qayıtdım. Yoldaşımın anası və mən hərbi hissənin komandiri Hafiz Məmmədovla görüşdük. Mənzil problemimi bildirdim. O da söz verdi ki, mənzil problemi tezliklə düzələcək. Sonra o, ölüm kağızını mənə verdi. Ölüm kağızını oxuyarkən dəhşətə gəldim. Həm də sağlamlıq kitabçasını göstərəndə daha da təəccübləndim. Çünki kitabça da dəyişdirilmişdi. Komandir dedi ki, bu kiatbçada hər şey qeyd olunub, guya ərim özü müalicə olunmayıb…
Mənim ərim hərbi hissədə müəmmalı şəkildə oldürülmüşdür.
Yuxarıda qeyd etdiklərimə əsasən sizdən xahiş edirəm Ərim Məmmədov Hikmət Adışirin oğlunun müəmmalı ölümünün araşdırılmasına və günahkarların müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik edəsiniz”.

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən bu barədə onlarda hər hansı məlumat olmadığını deyiblər.