Tıxac problemi

Cərimələr, faciələr və təklif olunan tədbirlər

Hörmətli DYP-nə rəhbərlik edən cənablar!  Tıxac problemi ölkəmizə iqtisadi-ekoloji, xalqımızın  sağlamlığına böyük zərər yetirir.  Yəqin hər gün Sizin tətbiq etdiyiniz müasir nəzarət-tənzimləmə-qeydetmə sistemi şəhərin mərkəzi küçələrində avtomobil hərəkətinin tənzimlənməsində nələr  baş verdiyinin video görüntülərini və bu problemin həll olunmaması səbəbindən nələrin, hansı hadisələrin  şahidi olursunuz. Necə olur ki, tıxaclar yaranır və  niyə onları əmələ gətirən səbəblər aradan qaldırılmır?
Tıxacların yaranması səbəblərinə keçməzdən əvvəl qeyd edim ki, şəhərimizi əhatə edən və hazırda istismarda olan yol qovşaqları və onlarda yerləşdirilmiş nəzarət, hərəkəti- tənzimləmə qurğuları və küçələrin fiziki-texniki parametrləri bu küçələrdə istifadə olunan nəqliyyat vasitələrinin fasiləsiz hərəkətinə imkan verir və  onların sayı, tıxacların yaranmasına səbəb deyil.
Sadəcə tıxacların yaranmaması üçün şəhərin mərkəzindəki  küçələrdə və prospektlərdə qoyulan yol hərəkətini tənzimləyən və məhdudlaşdıran idarə etmə nişanlarının tələblərinə ciddi əməl edilməlidir. Avtomobillərin göstərilən küçələrdə saxlanmasına-dayanmasına ciddi qadağa qoyulmalıdır. Əgər küçələrin müəyyən hissəsinin eni müntəzəm hərəkəti təmin etməklə, avtomobil parkovkasına da imkan verirsə, onda həmin yer standartlara uyğun dayanacağa çevrilməlidir. Bu tədbiri işə salmaqla göstərilən küçələrin “nəqliyyatı ötürmə gücünü” pik saatlarında 85-90% çatdırmaq mümkündür.

Tıxac hansı səbəblərdən və necə yaranır?

Birinci səbəb şəhərin mərkəzi küçələrində- Ü.Hacıbəyov, Xaqani, Nizami, 28 may, Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Bulbül, Rəşid Behbudov, Azadlıq, Istiqlaliyyət, Azərbaycan, Puşkin və s. küçə və prospektlərində demək olar ki, bütün  bu küçələr boyu hər iki tərəfdə (dayanmağı, saxlamağı-parkovkanı) qadağan edən yol nişanları var və bu nişanlar çoxdan qoyulub və qüvvədədir. Amma bunlardan ancaq Neftçilər prospektində, Z.Əliyeva və Ü.Hacıbəyli küçələrində bu nişanlarin tələblərinə qismən əməl olunur. Yuxarıda göstərilən 4-6 cərgəli yolların hər iki tərəfi avtomobil dayanacağına çevrilir, yolların hərəkət hissəsi tamamilə bağlanır, qalan 2-3 metr enindəki hissədə isə (QIL-KÖRPÜ-ləri) avtomobillərə toxunmamaq üçün “Qarışqa surəti” ilə hərəkət etməyə məcbur olursan. Başqa cür mümkün deyil. Digər tərəfdən yuxarıda göstərilən yollarda çoxlu sayda ticarət obyektləri, dövlət idarələrinin yerləşməsi üstünlük təşkil etdiyindən şəhərin bu hissəsinə iş vaxtı (pik saatı) avtomobil nəqliyyatlarının, avtobusların şəhər ətrafından hərəkəti bura yönəlir və burada küçələrin hərəkət hissəsinin 70-80 % nəqliyyat vasitələrinin parkovkası(saxlanması) üçün istifadə olunduğundan ƏLAHƏZRƏT TIXAC yuxarıda göstərdiyim küçələrdə yaranır və bu artıq qayda şəklini alıb.
Nəticədə şəhərə giriş magistralları (Sumqayit, Tbilisi pr. S.Vurğun küç. Azadlıq pr. Bakıxanov küç.və s.) qapanır.
Demək olar ki, bu biabırçılıq hər gün təkrar olunur.

Ayrıca avtobus yolları

Tıxacın yaranmasının ikinci əsas və başlıca səbəbi  sərnişin- avtobuslarının hərəkətinin tənzimlənməsindəki problemlərdir. Bu məsələnin həllində texniki problem yoxdur, təşkilati və dəqiq nəzarət tətbiq etmək sayəsində  tixacların tam aradan götürülməsinə şərait yaranar.
Əvvəldə qeyd etmişdim ki, hazırda şəhərimizin bütün küçələrinin texniki imkanları və hərəkət marşurutları bu problemin də təmamilə nizamlanmasına imkan verir. Bunun yerinə yetirilməsi tıxacı təmamilə ləğv edər. Baxın Avropa və Amerikanın bütün böyük şəhərlərində (adları Sizə məlum olan bütün meqapolislərin hamısında) küçələrdə avtobusların hərəkəti üçün hərəkət istiqamətində yolun müəyyən hissəsi (eni -3 metr olan polosa- Qurşaq) ancaq avtobus hərəkəti  üçün ayrılır və bu qurşaqda ancaq avtobusların hərəkət etməsinə (təcili yardım, polis maşınları) icazə verilir.
Belə avtobus xətlərinin şəhərimizdəki küçə və prospektlərində tətbiq olunması nəticəsində:
a) Yollarda qeyri qanuni avtomobil saxlanılması (PARKOVKA) bir dəfəlik ləğv olunar;
b) Avtobuslarin dayanacaqlara qrafiklə vaxtında, gəlməsini və yanacağa qənaət edilməsini, ekoloji-təmizliyi  (qismən) təmin edər;
c) Avtobusların xətdən kənara çıxmasına imkan verməz.
Insanların vaxtlı vaxtında iş yerlərinə, tələbələrin  təhsil müəssisələrinə gedib və geriyə dönməsinə az  vaxt sərf etməsini təmin edər;
d) Avtobus marşurutlarının uzunluğundan asılı olaraq dayanacağa təyin olunan vaxtda (interval 3-5 dəqiqə) gəlməsini və marşurutlara lazım olan avtobusların sayını dəqiqliklə tənzimlənməsinə imkan yaradar.
Burada bir məqamı qeyd edim: Avropadakı meqopolislərin əksəriyətində- Parisdə, Vyanada, Londonda və s. avtobuslar sərnişinləri gərəkli yerə taksidən tez çatdırır, bütün tələbələr, məktəblilər, biznes adamları,sənətkarlar və s. avtobuslardan-metrodan-tranvaydan istifadə etməyə üstünlük verirlər. Səbəb isə bu nəqliyyat vasitələrinin mənzil başına vaxtında çatması tıxaca düşməməsi (baxmayaraq ki, bu şəhərlərdə tıxac həmişə-var) insanların bu xidmətlər üçün  az pul ödəməsi, vaxta qənaət etməsi, ekoloji cəhətdən sağlamlığinın qorunması və s. üstünlüklərin olmasıdır.
Niyə bunu eləmirsiniz?
Tıxac probleminin yaranmasında vacib məsələlərdən biri də küçələrin, prospektlərin və yolların işıqlandırılmasıdır. Bu problem şəhərin və şəhər ətrafı yolların və küçələrin demək olar ki, 70-80 faizində mövcuddur ki, bu da qəzaların yaranmasında əsas rol oynayır. Yəqin bilirsiniz ki, dülgərin iş aləti çəkiç, elektrikin iş aləti nəzarət lampası olduğu kimi DYP məmurlarının iş aləti yollar, küçələr, prospektlərdir. DYP istismarda olan bütün magistrallar, yollar, küçələrin standartlara uyğun asfalt örtüklü və işıqlandırılmsını cavabdeh təşkilatlardan (müvafiq icra hakimiyyətlərindən) çox vacib və sərt formada (böyük məbləğdə cərimələr tətbiq etmək, həbs etmək və s.) tələb və təmin etməlidir. Yollar və küçələr hər hansı bir parametrə görə standarta cavab vermirsə və həmin nasazlığı dərhal düzəltdirməyən vəzifəli şəxs barəsində ciddi intizam tədbiri görülməli, əgər həmin səbəbdən yollarda qəza və insan tələfatı baş veribsə, mühakimə olunmalıdır.
Niyə bunu eləmirsiniz? Qorxursunuz?
Başqa bir sadə sual: Niyə əhalinin əksəriyyəti metrodan istifadə edir? Çünkü inanır və dəqiq bilir ki öz vaxtını itirməyəcək. Burada qeyd edim ki, Avropa ölkələrində avtobus nəqliyyatının işi metrodaki kimi təşkil edildiyi üçün əhalinin əksəriyyəti şəxsi avtomobillərinin olmasına baxmayaraq, bu nəqliyyatdan istifadə etməyə üstünlük verir. Bununla da parkovka problemindən, izafi yanacaq xərcindən və vaxt itgisindən özünü qismən xilas etmiş olur. Bu səpgidə inamı, ümidi xalqımız üçün də yaratmaq mümkün və vacibdir.     
Təxmini hesablamalara görə hər il avtomobil sahiblərindən texniki baxış, icbari sığorta, yol vergisi və cərimələr formasında rəsmi qaydada 250-280 mln.manat məbləğində toplanan vəsait hara xərclənir? Daha bir maraqlı sual-deyirlər ki, sürücülərdən qayda-pozuntularına görə rəsmi formada alınan cərimələrin (6-aya 36 mln.AZN) əhəmiyyətli hissəsi DYP məmurlarının maaşlarına əlavə edilir və mükafat kimi verilir. Əgər bu həqiqətdirsə, onda cəsarətlə ölkə üzrə DYP məmurlarının sayıni 4-dəfə, maaşlarını isə 3 dəfə artırmaq olar. Nəzərinizə belə bir faktı çatdırmaq istəyirəm; ABŞ-da və Kanadada sahə həkimlərinin məvacibi və mükafatı konkret-sahədə ay və il boyu xəstələrin sayı nə qədər azalırsa, həmin həkimin məvacibi-mükafatı da o qədər yüksək olur. Belə bir qaydanı DYP şəhərin rayonları  arasında tətbiq etsə, DYP məmurları hansı göstərijiyə  görə məvacib aldıqlarını anlayarlar.
Bu Qətliam deyilmi?
DYP-nin rəsmi məlumatına görə keçən ilin 6 ayı ərzində sürücülər 36 milyon manat məbləğində cərimə olunublar.
Qeyri rəsmi statiskadan-kənar yəqin ki, ondan 2-3 dəfə çox. Rəsmi məlumatda göstərilən cəriməyə əsasən hesablasaq, ayda 6 milyon manat və orta cərimə məbləğini 40 manat qəbul etsək, gündə 5000 yol-hərəkəti qaydası pozulmuş olur.
Qeyri rəsmi məlumatlara görə 2-3 dəfə artıq ( 10-15 min gündə) olar. Bu böyük bir BƏLA, FACIƏ, QƏTLIMDIR və bu SOYQRIM- bəlasından təcili yaxa qurtarmaq vacibdir.
Sadə bir müqayisə aparaq. Əhalisinin sayı və torpaq sahəsi təxminən Azərbaycan qədər(avtomobillərin sayı 5-6 dəfə artıq) olan təbiətən-dağların əhatəsində olan sərt iqlim şəraitinə malik Isveçdə 2012-ildə avto-qəzalarda həlak olanların sayı 168, yaralanan və şikəst olanlar daha az olub, Ölkəmizdə isə bu göstərijilər uyğun olaraq 1168 və 2297 nəfər olub. Bu QƏTLIAM deyilmi?.
Çox səmimi və ürək ağrısı ilə qeyd edim ki, Dünyanın heç bir şəhərində (meqapolisləri nəzərdə tuturam məs: Parisdə, Istanbulda, Londonda, Berlində, hətta Nyu Yorkda) şəhər içində və ətrafında bu qədər DYP məmurları görməzsən baxmayaraq ki, yuxarıda göstərilən şəhərlədə əhalinin sayı Bakıdakından 5-6 dəfə çox, avtomobillərin sayı da 10 dəfə çox, yollarıda texniki cəhətdən Bakının indiki yollarından az fərqlənir. Amma baxın cərimələrin miqdarına qayda pozanların sayına faciəli qəzarların statiskasına, həlak olanların sayına və hər 10000 avtomobilə düşən yol polisinin sayına görə biz bütün meqapolislərdən çox -çox irəlidəyik .

Texniki baxış, vəkalətnamə və məcburi sığorta

Vəkalətnamə ilə bağlı vəziyyət ümumiyyətlə gülməli və absurd haldadır. Dövlət Notarial kontorunda alınan vəkalətnamə DYP-də əvvəlcə kompüterdə qeyd olunmalı -3 manat, sonra DYP məmuru ona ştamp vurmalıdır- 10 manat-qeyd olmasa, vəkalətnamə etibarsız sayılır, avtomobili həbs edirlər və  bu əməliyyatları yerinə yetirmək üçün mütləq yenə də avtomobillə birlikdə Respublika DYP-yə getməlisən növbəyə,  durmalısan, dünən texniki baxışdan keçən avtomobili bu gün yenidən “baxışdan keçirtməlisən” bütün bu təhqir edici hərəkətlərdən sonra vəkalətnaməyə DYP ştampı vurulur və Dövlətin gerbli möhürü bu ştampdan sonra qüvvədə olur.
Beləliklə insanları soyurlar.
Dünyanın heç bir ölkəsində avtomobil idarə olunmasında belə cəngəllik qanunları yoxdur. Hətta Rusiya dövləti də bu hoqqaları artıq ləğv edib. Yəni texniki baxış ildə və ya   2 ildə bir dəfə səlahiyyətli texniki baxış stansiyalarında keçirilir. Bu stansiya hər avtomobil sahibinə il müddətində dəqiq vaxt təyin edir və ona yazılı məlumat göndərilir və həmin təyin olunan saatda sən gedib 15-20 dəqiqə ərzində texniki baxışdan keçir, baxış talonu alırsan. Yol vergisini il boyu nə vaxt istəyirsən poçt xidməti və ya bank vasitəsi ilə ödəyirsən. Avtomobili idarə etməyə heç bir vəkalətnamə lazım deyil. Lazımdır avtomobilin sənədi idarə edən adamda  (kim olur fərqi yoxdur) və idarə edən adamın sürüçülük vəsiqəsi olsun.
Qaldı sığorta özü də məcburi- sığorta kampaniyası- hər avtomobilə 100-120 manat təşkil edir. 1 illik sığorta olmaqla (bu ildə təxminən 150 mln manat edir) heç bir öhdəçilik yerinə yetirilmir. Bu üsula da “geydirmə”    sığortası deyilir. Mənin maşınımı dayanacaqda sürtmüşdülər, sağ tərəf qapısı əzilmişdi. Sığortaya zəng etdim. Dedilər bizlik deyil ona gərək DYR-yə zəng vurasınız, onlar günahkarı tapalar və günahkar Sizin avtomobili təmir etdirər. Budurmu sığorta? Elə əvvəllər də qayda belə idi. Amma onda sığorta yox idi. Ona görə deyirlər, “geydirmə” sığortası, yəni saxta sığorta. Pul tələsidir bu! Belə deyilmi?! SSRI dövründə avtomobili olan şəxslər zadəgan- dövlətli hesab olunurdular. Keçmişdə SSRI dövründə texnik baxış  1,5 rubl (yəni 5 kq çörək pulu) idi, indi 50-60 (140 kq çörək, bahalaşma 40 dəfə) manatdır.
Hörmətli DYP rəhbərləri keçmişdə  dövlət avtomobil sahibindən cüzi miqdarda vəsait və ya vergi alırdı, sığorta xərci yox idi, yanacaq indikindən 10 dəfə ucuz, sürtkü yağları, maşın hissələri, şinlər və ş. indikindən 10-15 dəfə ucuz idi. Indi avtomobil sahiblərinin əksəriyyəti ehtiyac içində yaşamaqlarına baxmayaraq  onları sağmal inək kimi hər tərəfdən sağırlar və bu haqsızlıqlar qanunun tələbi formasında yerinə yetirilir.
Həmin qanunların hazırlanması, Milli Məclisdən keçməsində SIZIN fikriniz həlledici rol oynayır.
Xahiş edirəm millətin, avtomobil sahiblərinin iqtisadi durumunu nəzəra alıb, həmin qanunlarda ədalətli dəyişiklər olması təklifi ilə müvafiq mövqe tutasınız və onlarda  mütləq vacib olan düzəlişlər, əlavələr olunması təklifi  ilə Milli Məclisə müraciət edəsiniz.
Mən də bu yazını Milli Məclisin müvafiq Komissiyasına  baxılması üçün göndərmək niyyətindəyəm.

Fərəməz Məmmədov