ADNA terrorunun qurbanlarını andıqlarına görə həbs edilən gənclərlə bağlı çirkin təxribatın üzərində dayanmağa dəyərmi? Dəyməz, məncə. Onların saxlanıldıqları yerin təmizliyi qeydinə qalmasından təbii nə ola bilər? Axı bu gənclər, ümumiyyətlə, ölkənin pisliklərdən, üfunətdən təmizlənməsi üçün yola çıxıblar. Onlar sistemin ölkəni batırdığı çirkabdan çıxarmağa çalışırlar.
Yox, əgər kimlərsə o gəncləri həbsxanada işgəncə ilə, zorla nəyəsə vadar edib sonra da bununla onları aşağıladıqlarını, “sındırdıqlarını”, gözdən sala bildiklərini düşünürlərsə, yenə yanılırlar.
Həqiqətin, ədalətin, Xeyirin yanında olan adamı heç nə ilə alçaltmaq olmaz, aşağılamaq, gözdən salmaq olmaz.
Belələrinin məhrəm görüntülərini yaymaq da olar, onları öz aləmlərində ayıb sayılan hansısa işə məcbur edib sonra da bunu el-aləmə car çəkmək də.
Amma artıq anlamaları lazımdır: bu cür çirkin, mənfur “mübarizə” üsulları heç bir effekt vermir. Heç bir uğur gətirmir, heç bir üstünlük qazandırmır rejimə.
Əslində sistemin haqq mübarizəsi qarşısında, demokratiya, azadlıq, hüquq mücadiləsi önündə çarəsizliyinin, əlacsızlığının təntənəsi kimi səslənir.
Necə ki, artıq həbslər də qorxutmur.
Necə ki, artıq yalanlar da işləmir.
Necə ki, artıq çoxlu pullar da kömək eləmir.
Heç nə, bəli, bəli, heç nə rejimin toplum üzərində mənəvi təntənəsini elan etmək üçün kifayət deyil artıq.
Bu ölkənin bir daha tamamən qəbiristanlıq sükutuna qərq edilməsi mümkünsüzdür artıq.
Artıq nə etsələr də, adamlarda dəyişiklik ümidlərini yoxa çıxarmağa bacarmayacaqlar.
“Belə gəlib, belə də gedəcək” düşüncəsi bir də heç vaxt bu toplumun şüuruna kütləvi şəkildə hakim olmayacaq.
Indən sonra nə qədər taxt-tac sahibi olacaqlar, bilmirəm.
Amma bunu dəqiq bilirəm:
Hakimiyyətdə qaldıqları müddətcə sabahla bağlı əndişələri, narahatlıqları da həmişə qalacaq.
“Bu günü də yola verdik, bəs görəsən, sabah necə olacaq” sualı bir an yaxalarını boş buraxmayacaq.
Hər xırda səsdən diksinəcəklər.
Rahat villalarda yatacaqlar yenə, amma rahat yata bilməyəcəklər.
Hər günləri, hər saatları səksəkədə keçəcək.
Artıq hər gün daha çox həqiqətin harda olduğunu görür.
Hər gün daha çox adam rejimin zülmündən dadır və daha çox adamda rejimin ədaləti və əvəzolunmazlığı haqqında şübhələr yaranır.
Odur ki, qarayaxmalarla, çirkin kampaniyalarla, hüququn və əxlaqın sərhədlərini zorlayan gözdənsalmalarla əvvəlki effekti əldə etmək mümkün deyil. Çünki toplumun ictimai şüur səviyyəsi əvvəlki kimi deyil. Doğru informasiya almağın, həqiqəti öyrənməyin çətinlikləri əvvəlki kimi deyil.
Elə bir vəziyyət yetişib ki, sistemin azacıq hədəf kimi götürdüyü adamlar bir andaca toplumda qəhrəmana çevrilirlər. Hətta dünənəcən vətəndaş mövqeyi sərgiləmədiklərinə, proseslərdən kənarda dayandıqlarına, nə vaxtsa rejimlə işbirliyində olduqlarına görə onları qınayanlarda belə, simpatiya, rəğbət doğururlar.
Bunlara nifrət o həddə çatıb ki, dünənədək Şuşanın işğalının baiskarı kimi göstərilən, ona görə də haqqında kütləvi etimadsızlıq, qəzəb olan adamın belə, möhtərəmə sərt ittihamlarla dolu məktub yazması ona qarşı cəmiyyətin əvvəlki baxışlarını kökündən dəyişə bilir.
Bunları nəzərə almalıdır yaptokratlar və yandaşları.
Oturub düşünməlidirlər ki, cəmiyyətdə özlərinə qarşı bunca qəzəb və nifrət necə yarandı? Necə olur ki, keçmişi, reputasiyası qaranlıq adamlar belə, sistemə qarşı tənqidləri ilə adamların gözündə yenidən yüksələ bilirlər? Bu kifayət deyilmi, adamların rejimdən nə qədər yanıqlı, acıqlı olduğunu dərk edəsən?
Oturub düşünməlidirlər ki, niyə hətta hüquqdan və əxlaqdan kənar kampaniyalar da müxalif düşüncəliləri zərrəcə alçaltmır, əksinə daha da ucaldır?
O zaman bəlkə yanlışın yarısından dönə bildilər, onlarla xurcuntayı olan rejimlərinkindən də dəhşətli aqibət yaşamaqdan xilas oldular.
Yox, əgər bundan sonra da eyni zehniyyətlə yola davam edəcəklərsə, etsinlər.
Onsuz da bu, ayaqlarındakı cinayətlərin, pisliklərin sırasına yenilərinini əlavə olunmasından, alacaqları cəzaların daha da ağırlaşmasından başqa heç nəyə yaramayacaq.
Yapçıları dərindən düşündürməli olan məsələlər
•
•