«Camaatla heyvan kimi davranırlar»

Mehman Əliyev: «Fəlakət bölgəsi üçün ayrılan 300 milyonun ən yaxşı halda 10 milyonu xərclənib»

«Sən alma, sən vermə» deməklə olmur, sistem elə qurulmalıdır ki, insanların rüşvət almağa ehtiyacı olmasın»

Daşqın bölgəsindəki son qarşıdurma, Azərbaycan hökumətinin antikorrupsiya təşəbbüsləri və bu kimi aktual məsələlərlə bağlı suallarımızı “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev cavablandırır.

Hər evdən 30 minlik yeyinti…

– Mehman bəy, Sabirabadda Kür daşqınlarından ziyan çəkən sakinlərlə polis arasında qarşıdurma oldu. Sizcə, hökumət daşqın bölgəsində öhdəsinə düşən işlərin neçə faizini görüb?
– Fəlakət bölgəsində vəziyyət həqiqətən çox pisdir. Camaatla heyvan kimi davranırlar. Heç bir iş də görülməyib. Tikilən evlər bərbad vəziyyətdədir. Pulları açıq-aşkar mənimsəyiblər. Məndə olan məlumata görə bir evə 40-45 min pul siliblər, əslində isə 10-15 min arası pul xərclənib. Evlər yaşamaq üçün yararsızdır. 300 milyon vəsait ayrılmışdı, ilin axırına qədər də vaxt qoyulmuşdu. Bilinmir ki, nə iş görüblər, pullar hardadı. Kompensasiyalarla bağlı Rabitə Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik. Rabitə Nazirliyi cavab verdi ki, bu, vətəndaşların şəxsi məlumatıdı, sizə verə bilmərik. Yaxşı, mənə vermirsən, vətəndaşa ver. Bu məsələ şəffaf olmalıdır. Fövqəladə Hallar Nazirliyi ümumiyyətlə cavab vermir. Biz də məhkəməyə vermişik. Kompensasiyaların verilməsində böyük problemlər var. Bizdə olan məlumata görə vəsaitin böyük hissəsi yeyilib.

“Gözləri sönük, ac, səfil vəziyyətdədilər”

– Belə çıxır ki, sel fəlakətindən müflis olanlar da oldu, bunun hesabına öz ciblərini dolduranlar da. Sizcə, bu işdə təxmini nə qədər yeyinti olub?
– Biz bilmirik ki, fəlakət bölgəsi üçün ayrılan 300 milyon  hara gedib? Onun uzaqbaşı, 10 milyonu xərclənə bilər. Yaxşı, bəs qalan pullar hardadır? Ilin axırına qədər evləri tikmək və ya bərpa etmək öhdəliyi qoyulmuşdu. Kənd təsərrüfatı sahələri bərpa edilməli idi. Hanı bəs? Evlərin bərpası və təmiri üçün pul ayrılmır, heç bir iş görülmür. Son dəfə ay yarım əvvəl olmuşdum orada. Hitlerin vaxtındakı Buhenvald dustaqlarına bənzər adamlar gördüm. Kölgə kimi gəzirlər. Gözləri sönük, ac, səfil vəziyyətdədilər. Bu da hakimiyyətin öz vətəndaşlarına münasibəti.

– Mənimsənilən pulların hesabını kimdən sormaq lazımdır?
– Birincisi, Artur Rəsizadədən, ikincisi də Fövqəladə Hallar Nazirliyindən. Pulların xərclənməsinin ixtiyarı bunlara verilib çünki.

“Sabirabaddakı qarşıdurmanın təşkilatçısı hakimiyyət özü idi”

– Müsəlman ölkələrində baş verən inqilablardan sonra hökumət antikorrupsiya tədbirlərinə başladı. Amma hamının gözü qabağında korrupsiyadan, yeyintidən dad döyən Sabirabad və Saatlı camaatına məhəl qoyan da yoxdur. Belə çıxır ki, hökumət sosial partlayışdan ehtiyatlanmır.
– Sabirabad və Saatlıda baş verənlər təsadüfi deyildi. Bu vəziyyəti yaradan kim idi? Bu işin arxasında heç bir başqa qüvvə yox idi. Təşkilatçı hökumətin özü idi. Hökumət insanları elə vəziyyətə qoyub ki, onların bu yolla mübarizə aparmaqdan başqa çarələri qalmayıb. Insanların antikorrupsiya şüarı altında etiraz etməsi onu göstərir ki, camaat hakimiyyətin çağırışına cavab verir. Niyə birinci onlar başladı? Çünki bu bölgə hazırda Azərbaycanın ən yaralı yeridir. Insanlar hər şeylərini itiriblər, əlacsız qalıblar.

– Sizin də təmsil olunduğunuz “Kür” qərargahı hansı işləri görür bu istiqamətdə?
– Biz fəaliyyətimizə ara vermirik. Yardımlar edirik, məhkəmələrə müraciət olunur. Sorğular göndərib cavab tələb edirik. Bütün qanuni üsullardan istifadə edəcəyik ki, bu məsələni maksimal dərəcədə yoluna qoyaq. Dövlət öz vətəndaşlarına vəd etdiyi yardımı göstərməlidir. Onlar normal həyatlarını bərpa etməlidirlər.

– Korrupsiyadan söz düşmüşkən, Azərbaycanda əksər sahələrdə əmək haqları olduqca aşağıdır. Maaşlarda artım olmadan korrupsiya və rüşvətin qarşısını almaq inandırıcı görünürmü?
– Qərb Azərbaycandan normal şərait yaratmağı, korrupsiya və rüşvəti aradan qaldırmağı tələb edir. Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırlar. Bunlar da iclaslar keçirib göstəriş verirlər. Amma məmurların özləri buna hazır deyil. Onlar daha çox onu istəyirlər ki, bu prosesi formal keçirsinlər. Uzun illər bu şəraitdə yaşamağa öyrəşmiş insanlar başqa cür yaşaya bilməzlər. Ona görə də ziddiyyət yaranır. Bir tərəfdən beynəlxalq öhdəliklər, bir tərəfdən də öhdəlikləri yerinə yetirməmək istəyi.
Hakimiyyətin ta başında oturanlardan aşağıda oturanlarına qədər heç kim rüşvət almamalıdır. Amma iclas keçirib “sən alma, sən vermə” deməklə heç nə dəyişmir. Sistem elə qurulmalıdır ki, insanların rüşvət götürməyə ehtiyacı olmasın. Əvvəlcə şəraiti dəyişirsən, yaxşılaşdırırsan. Sonra da deyirsən ki, maaşınız budur, işləyin. Sosial dəyişikliklər olmalıdır. Ədalətli rəqabət mühiti yaratsalar, yaxşılar avtomatik üzə çıxacaq. Bilinəcək kim yaxşı müəllimdi, kim yaxşı həkimdi və s. Yaxşı işçinin də yaxşı pul qazanmaq imkanı olacaq.

“Əvvəlcə normal sistem yaradın, sonra qaydalar qoyun”

– Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində ayrı-ayrı sahələr üzrə bir neçə nəfər işdən azad edilib. Amma hələ heç kim hüquqi məsuliyyətə cəlb edilməyib. Sizcə, cəzalandırmaq işdən çıxartmaqla məhdudlaşmalıdır?
– Bütövlükdə sistem dəyişməlidir. Bunun üçün də islahatlar aparılmalı, şərait yaradılmalı, yeni qaydalar müəyyən edilməlidir. Deyilməlidir ki, ayın filan vaxtından sistem belə işləməyə başlayacaq. Indi tutduqları yol kimi olmamalıdır. Hamı üçün şərait yaradılmalıdır ki, insanlar öz tələbatlarını ödəyə bilsin. Əvvəlcə normal sistem yaratsınlar, sonra qaydalar qoysunlar. Hansısa kampaniyalarla heç nə dəyişə bilməz.

Gültəkin