Bunu bəri başdan yazım: şəxsən mən artıq bu ölkədə seçkilərlə siyasi dəyişiklik ümidlərimi çoxdan dəfn etmişəm. Mən artıq nağıllara inanıram, amma buna – əsla! Hələ də inananları isə “Cırtdan” nağılında çaydan xəlbirlə su gətirmək istəyən divdən daha sadəlöhv sayıram. Hə, xəlbirlə su daşımaq bəlkə də mümkündür, amma seçki ilə dəyişiklik… Nə bilim vallah, inanmıram, inana bilmirəm.
Bu sətirləri isə inananlar üçün yazıram:
Yəqin ki, qərbli diplomatların, yetkililərin açıqlamalarını, bəyanatlarını oxuyursunuz. Hamısı 2013 seçkilərindən danışarkən üç aşağı, beş yuxarı eyni nöqtəyə vururlar: seçkilər azad, ədalətli keçirilməlidir!
Amma heç biri aydınlıq gətirmək istəmir: ikinci prezidentlik müddətini də tamamlamış Ilham Əliyevin təməl demokratik prinsiplərin əksinə gedərək, üçüncü dəfə qatılacağı seçki necə azad ola bilər? Onun yenidən seçkidə iştirakının özü antidemokratikdirsə, hansı demokratik seçkidən danışmaq mümkündür?
Ölkənin müstəqil, peşəkar hüquqçuları az qala yekdilliklə möhtərəmin üçüncü dəfə namizədliyini irəli sürməsinin nəinki demokratiya ilə, hətta qanunla da səsləşməyəcəyini söyləyirlər. “Ömürlük prezidentlik”lə bağlı referendumda bir şəxsin iki dəfədən artıq seçilməsinə qoyulan yasağın Konstitusiyadan çıxarılmasının Ilham Əliyevə şamil edilməsinin hüquqi baxımdan mümkünsüzlüyünü açıq, arqumentli, ağlabatan şəkildə göstərirlər.
Və adam soruşmadan keçə bilmir: bir halda ki, Ilham Əliyevin yenidən namizəd olması nəinki demokratik dəyərlərlə, hətta hüququn özü ilə səsləşmir, o zaman lap azad seçki keçirilsə də, o seçkinin nəticələri qanuni olacaqmı?
Görürsünüz ki, ortada nə qədər suallar var. Hər bir halda bu suallara aydınlıq gətirilmədir. Yoxsa bu gün rejimin qarşısına sadəcə və sadəcə, “azad seçki” tələbi ilə çıxan qərblilərin sabah da “bu seçkilər demokratiyaya doğru bir addım olub”, ya da “bu seçkilər Avropa standartlarına uyğun keçirilməyib” kimi ənənəvi, artıq qulaqlarımızı yağır eləmiş, toplumda ikrahdan və gülüşdən başqa heç nəyə yaramayan bəyanatlarla işin içindən çıxacaqlarına heç bir şübhə yoxdur.
Azad olmayan mühitdə azad seçki necə mümkündür?
Lap deyək ki, Ilham Əliyevin bu seçkidə iştiraka demokratik prinsiplər baxımından da, hüquqi baxımdan da haqqı çatır. Hə, nə olsun?
Həbsxana divarları arasında bu qədər şərlənmiş siyasi məhbus varkən…
Ölkədə sərbəst toplaşmaq azadlığından əsər-əlamət yoxkən…
Müxalifətin toplantılarına polis basqınları başını alıb gedərkən…
Ölkədəki bütün telekanallar bir siyasi iradənin əsirinə çevrilmişkən…
Onsuz da işləkliyi olmayan qanunlar üstəlik, daha da mürtəce şəklə salınarkən…
Seçki komissiyaları tamamən rejimin nəzarətində ikən…
Fərqli, tənqidçi, müxalif qələmlər hşər addımda sındırılmağı çalışılırkən “azad seçki” tələbini səsləndirmək hansı məntiqə və əxlaqa sığır?
Bəyəm seçki yalnız seçki günündənmi ibarətdir?
Seçkiyə aylar qala, repressiyalar, basqılar bu qədər güclənibsə, siyasi rəqabət imkanlarından danışmaq mümkün deyilsə, siyasət ölkədə faktiki olaraq ləğv edilibsə, onun yerini az qala dissident mübarizəsi tutubsa, hansı azad seçkidən danışırsınız?
Bu şərtlər altında lap səslər doğru sayılsa belə, seçki necə, hansı ölçülərlə, meyarlarla azad, ədalətli sayılacaq?
Prezidentliyə namizədliyini elan etmiş siyasətçilərdən biri indinin özündə də qondarma ittihamlarla həbsdədirsə…
Prezidentliyə namizədliyini hələ elan etməmiş hazırki rejim başçısının isə seçkiyə qatılmasına nə demokratiyanın təməl prinsipləri, nə də hüquq icazə vermirsə, bundan sonra nə azad seçki-zad, cənablar?
Kimi aldadırsınız axı, kimi?

İlham Əliyevin iştirak edəcəyi seçki azad seçki ola bilərmi?
•
•