Biri (Zeynəb Xanlarova) evini qərargaha çevirib, o biri (Sirus Təbrizli) qapı-qapı düşərək yandaşlar toplayıb: beləliklə, hər ikisi KQB generalı, 70-ci illərdə – Moskvaya yarınmaq üçün millətin ayaqlar altına atıldığı o illərdə – Azərbaycan KP MK-nın birinci katibi, sonra Politbüro üzvü olmuş Heydər Əliyevi hakimiyətə qaytarmaq üçün çalışıb. Indi bunlar acıqlanaraq, kimlərinsə H.Əliyevi satdıqlarından, ona dönüklük etdiklərindən danışırlar.
Bunlar tanınmış diktatoru yenidən hakimiyətə gətirmək üçün dəridən-qabıqdan çıxanda ölkədə az-çox demokratik hakimiyət vardı. Azərbaycan ordusu qanlı savaş bahasına ölkəmizi erməni separatçı-terrorçularından qovub qurtarmaqda idi. Bunlar içdə-dışda özləri kimi bir çoxları ilə birləşərək o hakimiyəti yıxmağa, yerində indiki əliyevçi KQB hakimiyətini qurmağa girişmişdilər. Iç-dış düşmənlərimizin yardımı ilə Heydər Əliyev Qarabağı verməklə, Neft-Qaz resurslarından keçməklə hakimiyətə yiyələndi. KQB generalı prinsiplərinə, ideya-planlarına uyğun olaraq milli düşmənlərdən, satqın-dönüklərdən, oğru-korrupsionerlərdən komanda oluşdurdu. Klançılıq, rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq, monopoliya DÖVLƏT SIYASƏTINƏ çevrildi. Indi əliyevlərin Azərbaycandan etdikləri oğurluq 100 milyardı aşmış sayılır. Ən başlıcası, hər hansı millətin bel sütunu saylacaq milli-mənəvi dəyərlər, demək olar, bu gün bizdə bütünlüklə aşındırılmış durumdadır. Bu isə dövlətin, dövləti oluşduran millətin bütünlüklə yoxluğa sürüklənməsi deməkdir!
Bəs indiki sözü gedən çıxışlar nə deməkdir? Heydərizm yoluyla batıb-gedən Azərbaycan gerçəkliyi içində kimlərinsə indiki antimilli, antidemokratik rejim qurucusunu hakimiyətdəki (başlıca olaraq PA-dakı, parlamentdəki) “satqın”, “dönük”, “terrrorçu” kimsələrdən qorumaq istəklərinin arxasında nə dayanır? Sözsüz, H.Əliyevi hakimiyətə gətirmək istəklərinin arxasında dayanan istəklər, hansısa özəl umacaqlar. Elə olmasaydı, ayrı-ayrı satqın, dönük, terrorçu kimsələrdən deyil, əliyevçi rejim sonucu olaraq bütövlükdə Azərbaycanın satıldığından, Azərbaycana dönüklük yolu tutulduğundan, Azərbaycanın ideya-siyasi, milli-mənəvi TERROR obyektinə çevrildiyindən danışılardı.
Bu ölkənin minlərlə tanınmışı yoxsulluq üzündən evində dustaq olub qalır, il uzunu dünyanın bu başından vurub o başından çıxan, indi də Havay adalarından qayıdan pensiyaçı jurnalist Sirus Təbrizli H.Əliyevi xalqa ədalət, H.Əliyevin 70-ci illərdən ən sevimli kadr-yetirməsi olmuş R.Mehdiyevi ədalətsizlik simvolu olaraq tanıtmağa çalışır. Paradoksal bir görsəniş! Ortada başqa bir paradoks faktı da var. Yaradıcılarından olduğu YAP-ı 10 il qabaq “simasız quldurlar partiyası” adlandıran S.Təbrizli indi – seçki öncəsi – prezident seçkisində yarışacaq partiyalar arasında YAP-ın maddi və mənəvi baxımdan ən güclü olduğunu deyir. “Maddi” baxımdan doğrudur – ölkənin ən oğru – SIMASIZ QULDURLAR PARTIYASI ölkədə hamıdan varlı olmaya bilməz. “Mənəvi” baxımdan SIMASIZ QULDURLAR PARTIYASI dünyanın harasında keçirilməyindən asılı olmayaraq istənilən seçki yarışmasından yalnız uduşla çıxa bilər. Sözsüz, S.Təbrizli belə bir partiya qurucusu olaraq bunu hamıdan yaxşı bilir.
S.Təbrizli bir sıra yazılarımla bağlı ayrı-ayrı çağlarda mobil telefonuma zənglər edib. Bir saat, saat yarım dayanmadan danışıb, sonra telefonunu qapayıb. (Sirussayağı qanacaq görsənişi!). Bəlli olduğu kimi, mənim yazılarım heydərizmə kəskin antipatiyası ilə seçilən yazılardır. Sirus mənim yazılarımı “vətəndaşlıq mövqeyi baxımından” yüksək dəyərləndirdiyini bildirir, üstəlik, hakimiyyətin ən yüksək eşelonundan tutarlı faktlar verə biləcəyini deyirdi. Belə bir “vətəndaş mövqeyi”, belə bir Ensiklopediya!