Əsəd erası başa çatır?

Suriya prezidenti sığınmağa ölkə axtarır

«İstər Rusiya, istərsə də Iran üçün Suriyadakı oyun uduzulub»

Ingiltərənin baş naziri Devid Kameron Rusiya prezidenti Vladimr Putinlə Moskvadakı görüşü zamanı Suriya böhranı ilə bağlı sərt bəyanat səsləndirib. Kameron Suriya prezidenti  Bəşər Əsədin iqtidardan getməli olduğunu, müxalif qüvvələrə kömək üçün isə Avropa Birliyinin tətbiq etdiyi silah embarqosunun aradan qaldırıla biləcəyini deyib.
Görüşdən sonra mətbuata açıqlama verən Kameron bildirib ki, Suriya tarixi Suriya xalqının qanı ilə yazılır. Suriya məsələsi ilə bağlı Rusiya ilə fərqli mövqeləri paylaşdıqlarını deyən Kameron ölkədəki vəziyyətin getdikcə pisləşdiyini dilə gətirib: “Milyonlarla insan evini tərk etdi. Böhranı bitirmək üçün ortaq dəyərləri də paylaşırıq. Suriya xalqının öz idarəçilərini seçə bilməsi lazımdır. Eyni zamanda radikal ünsürlərin da güclənməsini önləməliyik”.
Dünən məlum olub ki, Suriya məsələsini müzakirə etmək üçün Israilin baş naziri Benyamin Netanyahu da Rusiyaya səfər edəcək. Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı Rusiyanın Suriyaya silah tədarükü, xüsusilə də, “S-300″ zenit-raket kompleksləri, eləcə də Iranın nüvə proqramı müzakirə ediləcək.ÿRusiya mətbuatının yazdığına görə, hazırda səfərlə bağlı yüksək hazırlıq işləri aparılır.ÿ
Suriya məsələsi ilə bağlı Pentaqonun başçısı Çak Heygeldən də açıqlama gəlib. Heygel bildirib ki, Suriyadakı münaqişənin gərginləşməsi ilə ölkənin ərazi baxımından parçalanması ehtimalı artır: “Münaqişənin intensivliyi artır. Ölkənin parçalanması ssenarisi getdikcə daha gerçək görünür”. Onun sözlərinə görə, Suriyada vəziyyətin nizamlanması üçün ABŞ Rusiya ilə Çini daha çox iş görməyə çağırır: “Bu onların öz marağındadır”. Heygel həmçinin ABŞ və Rusiyanın Suriyaya dair konfrans keçirəcəyini xatırladaraq münaqişə edən tərəfləri bu konfransda iştirak etməyə çağırıb. Xatırladaq ki, Moskva ilə Vaşinqton mayın sonunda Cenevrədə Suriyaya üzrə beynəlxalq konfransın keçirilməsinə dair razılıq əldə ediblər.ÿ
Dünən Suriya ilə bağlı yayılan ən maraqlı xəbər isə Bəşər Əsədin ölkəni tərk etməyə hazırlaşdığı ilə bağlı olub. Məlumata görə, Əsəd Suriyada müxalif qüvvələrin təzyiqlərinə tab gətirməkdə çətinlik çəkir. Artıq onun bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar apardığı bildirilir. Bu fikirlər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin NBC telekanalına “Əsma Əsədin Suriyanı tərk etməsi ilə bağlı məlumatlar gəlir” deməsi ilə yayılmağa başlayıb. Türkiyə Kəşfiyyat Idarəsinin Əsəd və onun ailəsi ilə bağlı əldə etdiyi məlumatlar mətbuatın marağına səbəb olub. Əsəd ailəsinin Suriyanı tərk etməsi ilə bağlı Türkiyə kəşfiyyatının əldə etdiyi məlumatlar 15 gün öncə baş nazirə təqdim edilib. Eyni zamanda Bəşər Əsədin də sığınacaq üçün 4 ölkəyə müraciət etməsi ilə bağlı məlumatlar əldə edilib.
Siyasi şərhçi Rahim Hacıyevin sözlərinə görə, Suriya problemlinin həlli ilə bağlı səylər son dövrlər xeyli intensivləşib. ABŞ, Avropa Birliyi, ərəb ölkələri və Türkiyə Suriyada yaşanan böyük humanitar fəlakətin aradan qaldırılması üçün bu vaxta qədər olmayan intensivliklə faəliyyət göstərir: “Artıq insanların kütləvi qətlinin qarşısını almaq, ölkənin parçalanması perspektivini aradan qaldırmaq üçün qətiyyətli addımlar atmağın zəruriliyi dərk olunub. Ciddi bir təhlükə amili Suriyada olan çox böyük kimyəvi silah ehtiyatlarıdır. Artıq bu vasitələrdən istifadə olunması haqda məlumatlar yayılır. Bəşər Əsədin ən böyük dəstəkçisi olan Putinlə aparılan intensiv danışıqlar  Rusiyanın mövqeyindən geri çəkilməsi məqsədi daşıyır. Eyni zamanda Qərb güc variantından istifadəni də istisna etmir.
Uzun müddət prosesdən kənarda qalan Israilin bir həftə bundan əvvəl Suriyanın 43 obyektini atəşə məruz qoyması problemin həllində yeni mərhələnin başlanmasının ilk siqnalı idi. Kifayət qədər ciddi əsaslar var ki, bunlar Putinin geri çəkiləcəyini şərtləndirəcək. Rusiya hakimiyyətinin Bəşər Əsədi uzun müddət müdafiə edə bilməyəcəyini dərk etməsi artıq özünü büruzə verir. Bir neçə gün bundan əvvəl Rusiyanın xarici işlər naziri Lavrov dünyanı Suriyada hakimiyyətə silahlıların gəlmə ehtimalının çox böyük olduğu ilə bağlı xəbərdar etmişdi. Artıq belə bir fikir formalaşıb ki, istər Rusiya, istərsə də Iran üçün Suriyadakı oyun uduzulub”.