YAP sonunun yaxınlaşdığını hiss edir

Müxalifət Əli Əhmədovun Milli Şura ilə bağlı dediklərinə cavab verdi

Milli Şuranın yaradılması ideyası hakimiyyət dairələrində ciddi narahatlıq yaradıb. Rəsmilərin verdiyi qəzəbli açıqlamalardan da bunu görmək mümkündür. YAP icra katibinin müavini Əli Əhmədov APA-ya açıqlamasında da bu günlərdə Milli Şuranı hədəfə alıb. YAP rəsmisinin fikrincə, Milli Şura yaradılsa belə, o, kağız üzərində qalan və heç bir siyasi perspektivi olmayan qurum olacaq. Milli Şura ideyasını siyasi təxribat adlandıran Ə.Əhmədov belə təklifin reallaşdırılması ehtimalının kifayət qədər az olduğunu deyib.
YAP icra katibinin dediklərinə qarşı tərəfin də cavabı ləngiməyib.
“EL” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Əli Əhmədovun Milli Şura ilə bağlı dediklərini qeyri-səmimi  hesab edir. Hakim partiyanın istədiyi vaxt referendum keçirib və konstitusiyaya dəyişikliklər etdiyini deyən E.Quliyev Azərbaycanda ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi məqsədilə demokratik düşərgənin, siyasi partiyaların bir araya gəlməsinin Əli Əhmədovu narahat etməsinin təəccüblü olduğunu qeyd edib.
YAP icra katibinin Milli Şuranın sosial bazasının olmaması barədə dediklərinə gəldikdə E.Quliyev təşkilatda fəaliyyət göstərənlərin öz vicdanlarının və ürəklərinin səsi ilə təmsil olunduqlarını vurğulayıb: “Əli Əhmədovun dediyi 700 min ordusu varsa, qoy onda narahat olmasın”.

 AXCP sədrinin müavini Nurəddin Məmmədli YAP-ın narahatlığı üçün yetərincə əsasın olduğunu deyir. Çünki YAP-ı son dövrlərdə təslim olmamasının əsas səbəblərindən biri Azərbaycan müxalifətinin demokratik kəsiminin birləşməməsi idi. Bunu həm beynəlxalq təşkilatlar, həm də ölkə ictimaiyyəti qeyd edirdi. Lakin hakimiyyətin zəiflədiyi, beynəlxalq güclərin təzyiqinin artdığı, eyni zamanda ölkədə qalxınma prosesinin gücləndiyi bir mərhələdə YAP-ın gözləmədiyi reallığın ortada olması, yəni bütün demokratik qüvvələrin, siyasi partiyaların, ictimai qurumların, nüfuzlu vətəndaşların bir araya gəlməsi hakimiyyəti ciddi şəkildə narahat edir.
N.Məmmədli bu narahatçılığın ilk növbədə hakimiyyətin itirilməsi qorxusu ilə bağlı olduğunu deyir. Çünki hakimiyyət getdikcə inamsızlaşır və bu inamsızlığın da ifadəsi mənəviyyata, əxlaqa sığmayan üsullarla əks cəbhəyə hücumlar etməsi, insanları alçaltmağa cəhd etməsində öz əksini tapır: “Əli Əhmədov kimilərin törətdiklərinə görə cavab vermək reallığı gündəmə gəldikcə bunların çabaları artacaq, ritorikaları daha da kobudlaşacaq. Hər halda bu, YAP-ın yaxşı dönəmdə olmamasının ifadəsidir”.

Fizzə