Fermerlərin “Aqrolizinq” problemi

Sahibkarlara güzəştlə veriləcək gübrələr dəyərindən baha satılır

Dövlət başçısı 23 yanvar 2007-ci ildə 1907 saylı “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncam imzalamışdı. Sərəncamda kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsi zamanı istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin orta hesabla 50 faizini dövlətin ödəməsi nəzərdə tutulub.
Sərəncamın yerinə yetirilməsi məqsədi ilə Nazirlər Kabineti 15 fevral 2007-ci ildə 32 saylı qərar qəbul edib. Həmin qərara 13 noyabr 2007-ci ildə 179 saylı, 20 noyabr 2007-ci ildə 184 saylı və 13 iyun 2008-ci ildə 135 saylı əlavə və dəyişikliklər edilib. Qərarda göstərilir ki, “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər mineral gübrələri kənd təsərrüfatı məhsullarının istehsalçılarına 50 faiz güzəştlə satmalıdırlar. Qərarda hər hektara 300 kq gübrə verilməsi nəzərdə tutulub. Gübrənin yuxarı hədd qiyməti 50 manat müəyyən edilib. 50 faiz güzəştlə verilən 300 kq mineral gübrənin qiyməti 25 manat edir. 300 kq mineral gübrə 6 kisə edir. 25 manatı 6-ya böləndə 1 kisə gübrənin qiyməti 4 manat 16 qəpik edir.
Lakin dövlət başçısının imzaladığı 1907 saylı sərəncam və Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar yerinə yetirilmir. Mineral gübrələri “Aqrolizinq” ASC vətəndaşlara 2-3 dəfə baha satır. Yəni bir kisə mineral gübrə 9 manat 60 qəpiyə satılırdı. 2013-cü ildən isə bir kisə gübrə 12-13 manata satılır. Ölkəyə gətirilən mineral gübrələr çox keyfiyyətsizdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına aşağı faizlə kredit verilmir. Ona görə ki, dövlət kənd təsərrüfatının inkişafında maraqlı deyil. Düzdür, Iqtisadi Inkişaf Nazirliyinin yanında Sahibkarığı Kömək Milli Fondu yaradılıb. Amma bu Fondun iş prinsipi hamıya məlumdur. Yəni hamıya pul yoxdur. Kənd təsərrüfatı məhsulları istehsalçıları istehsal etdikləri məhsulları sata bilmir. Saatlı rayonunun əhalisi təxminən 100 min nəfərdir. Bundan cəmisi 13 faizi xidmət sahəsindədir. Qalan 87 faizi kənd təsərrüfatı sahəsində çalışır. Yetişdirdikləri məhsulun bazarı yoxdur. Rayonda kənd təsərrüfatı məhsullarını qəbul edən məntəqə yoxdur. Şəhərə aparılan məhsulları bazara buraxmırlar. Nəticədə kəndli maşına verdiyi yol pulunu çıxartmaq üçün məhsulu dəyərindən aşağı qiymətə satır. Yeganə bazarı olan məhsul pambıqçılıqdır. O da monopoliyadadır. Pambığı 41 qəpiyə qəbul edirlər. Əhmədbəyli pambıq zavodu pambığı 47 qəpiyə götürürdü. Ona görə də monopolistlər həmin zavodu bağlatdırdılar. 41 qəpiyə qəbul edilən pambıq isə maya dəyərini ödəmir.
Fermerlər bu sahədən də imtina etmək məcburiyyətindədirlər. Ona görə də işsizlik kütləvi xarakter alıb. Bu da rayonda əlavə gərginlik yaradır.
Taxılçılıqda da vəziyyət ağırdır. Nə üçün taxıl xaricdən alınır, yerli istehsalçılardan alınmır? Xaricdən alınan taxıl və taxıl məhsulları yerli məhsullardan keyfiyyətsizdir. Bundan əlavə, artıq xərc tələb edir. Yerli istehsalçılardan alınan taxıl daha sərfəlidir. Taxılın artırılması üçün yerli istehsalçılarla müqavilə bağlamaq lazımdır ki, istehsalçı bilsin ki, onun məhsulu yerdə qalmayacaq.
2000-ci ilə qədər Saatlı rayonunda 20-yə qədər un dəyirmanı var idi. Bu gün 1-2 dəyirman qalıb, onlar da işləmir. Monopoliya nəticəsində sahibkarların sıxışdırılması onların məhv edilməsinə səbəb oldu.
2013-cü ilin aprel ayının 5-də Kənd Təsərrüfatı Naziri Ismət Abbasov Saatlıya gəlməli idi. Lakin gəlmədi. Salyanda YAP-çılarla görüş keçirib Bakıya qayıtdı. Sadə vətəndaşları bir sual düşündürür. Nə üçün rayonlara gedən dövlət məmurları vətəndaşlarla görüşmür?
5 aprel 2013-cü ildə Ismət Abbasova veriləcək çox suallarımız vardı.

Nəsrəddin Kərəmov, “Aran” Ekoloji Maarifləndirmə Ictimai Birliyinin sədri