Əslində bu, xeyli əvvəlin söhbətidir. Zaman o zaman idi ki, Gəncədə Eldar Əzizov xan idi, günün birində Nizami yurdundan müjdəli xəbər gəldi. Məlum oldu ki, Gəncənin yaşı dəqiqləşdirilib, sən demə, onun nə az, nə çox, düz 2500 yaşı varmış. Sonra buna görə toy-bayramlar düzəldildi, əlbəttə, bir ətək də pul xərcləndi.
Bir ətək pulu xüsusi qeyd etməzdim, onsuz da bunların neft pullarının başına daş salmaqda fantaziyalarına, məharətlərinə heç şübhə yoxdur, üstəlik, elə adlar altında elə fantastik pullar xərclənir ki, bəlkə də yubiley pulu onların yanında konfet kağızı idi. Amma iş burasındadır ki, niyə Eldar Əzizovun tapşırığı ilə alimlər araşdırma aparıb şəhərin məhz 2500 yaşı olduğu qərarına gəlmişdilər? Niyə məsələn, 2340 yox, niyə 2680 yox, məhz 2500? Ona görəmi ki, yubiley yaşı düzəlsin və mənasız təmtəraqlara xeyli pul silmək mümkün olsun?
Əlbəttə, başa düşürəm, söhbət min illər əvvəldən gedirsə, dəqiq tarix söyləmək çətindir, odur ki, ola bilsin, təxmini, amma yuvarlaq bir rəqəm seçiblər. Yenə çox gözəl, çox pakizə!
Bəs indi nə baş verib ki, Gəncənin təzə xanı Elmar Vəliyev şəhərin yaşının təzədən dəqiqləşdirilməsini tapşırıb? Bəs bir neçə il əvvəl 2500 illik yubileylər nəyə lazım idi? O zaman şəhərin yaşı necə müəyyənləşdirilmişdi ki, indi bunun doğru olmadığı, Gəncənin tarixinin ən azı 5 min il əvvələ gedib çıxdığı iddia edilir? Hələ bunun üçün ABŞ-dan arxeoloqlar da dəvət olunub. Əsl komediyadır. Bəs hanı sizin “elmi qüdrət”iniz? Bəs deyirdiniz, ulu öndər və onun layiqli davamçısının atalıq qayğısı nəticəsində elmimiz sürətlə inkişaf edir? Bu ölkə arxeoloq sarıdan da başqalarına möhtacdırsa, kimə və nəyə lazımdır o Milli Elmlər Akademiyası, çevirin şadlıq evindən-zaddan bir şey eləyin, qoy camaatımızın şadlığına şitlik etdiyi məkanların sırası bir az da genişlənsin.
Nə isə, mövzudan çox uzaqlaşmayaq. Bəli, indi belə çıxır ki, hər dəfə Gəncəyə yeni xan təyin olunacaq, o da şəhərin hazırkı yaşını bəyənməyəcək, yenidən arxeoloji qazıntılar-zad aparıb əslində Gəncənin daha qədim tarixi olduğunu elan edəcək? Eldar Əzizov 2500 deyirdi, Elmar Vəliyev 5000 deyir, yəqin yenisi gələndə artıq 10 min il əvvələ-zada gedib çıxar.
Əvvəla, bir ölkə müasir insan məskəni olmazsa, çağla ayaqlaşmazsa, çağdaşlıqdan qoparsa, onun qədim insan məskəni olması nəyi dəyişir axı? Lap tutaq ki, sizin ölkə, yaşadığınız şəhər ilk insanların yaşadığı yerdir, əgər orada bu gün insanlar dünyanın bütün modern, uyğar, sivil, firavan ölkələrində, şəhərlərindəki kimi yaşamırsa, bunun mənası nədir axı?
Ikincisi, mümkündür ki, hər yeni icra başçısı gəldikcə Gəncənin yaşının bir az da qədimləşməsinin simvolik anlamı var. Bəlkə bu, hər təzə xanın yarıtmaz idarəçiliyinin şəhəri sürətlə qocaltmasının, onu bir ildə min il geri atmasının, yaşlandırmasının işarəsidir? Əslində Elmar Vəliyev və əyan-əşrəfinin dilindən düşməyən “Gəncə durmadan yaşıllaşır” sözlərini də bəlkə “Gəncə durmadan yaşlaşır” kimi başa düşmək lazımdır?
Üçüncüsü: gəlin bir az da qədimləşə-qədimləşə gedən Gəncənin müasir halından xəbər tutaq: “Gəncənin Şah Ismayıl Xətai prospektində yerləşən 6 saylı dördmərtəbəli binanın çökmə təhlükəsi var. Binaya yaxınlaşanda elə şəlalə səsini xatıladan su axıntısı eşidilir. Sakinlər danışırlar ki, bu səslər binanın zirzəmisindən gəlir. Düz iki ildir ki, binanın sınmış kanalizasiya xətti zirzəmiyə axır. Sakinləri narahat edən təkcə bu suyun şırıltılı səsi deyil. Yayı, qışı nəmlikdən evlərinə ağcaqanad dolur. Üstəlik, evlərdə çirkab suyun qoxusundan dayanmaq olmur. Sakin Naidə Cəfərova danışır ki, binanın çökəcəyindən narahatdırlar: ”Kanalizasiya borusu qırılıb, bütün zirzəmi suyun içindədir. Iydən durmaq olmur. Bina çökəcək… Kanalizasiya idarəsinə deyrik, gəlir buranı açır, o biri tərəf tutulur, o da zirzəmiyə axır. Evi indidən dərmanlayırıq yayda bizi ağcaqanad yeməsin” (ganca.az).
Sakinləri qınayıram: cəmi ikicə ildir adi bir kanalizasiya probleminin həll edilməməsini dərd etmək, şikayətlənmək ayıb deyilmi? 5000 ilin yanında iki ilin söhbətini edərlər heç? Problemin həllini heç olmasa, 2-3 min il gözləsəniz, xəncərinizin qaşı düşər?!

Gəncənin yaşı
•
•