Azərbaycanlılarda adət var; mayda şadlıq eləmirlər, bunun hardan qaynaqlandığını da düz-əməlli bilən yoxdur. Verilən izahlar o qədər də inandırıcı deyil. Heç biz də hər hansı izaha cəhd etmirik. Olsun. Əsrlərdən gəlirsə, deməli, hansısa anlamı var, izahı olmasa belə…
Ancaq YAP hakimiyyətinin başlıca bayramı may sayılır. Niyəsini soruşmağa gərək yox. Ümummilli liderləri mayda doğulub. Nə qədər hakimiyyət var, bunun keyfini çıxarmağa çalışırlar. Əsrlərdən gələn inancı heç vecə də almırlar.
Dünən 10 may qeyd olundu. Daha doğrusu may gəlməmişdən 10 may qeyd olunmağa başlanmışdı…
Bu günlə bağlı tədbirlərin Azərbaycan vətəndaşlarının büdcəsinə neçəyə başa gəldiyini dəqiq bilən yoxdur, o sadə səbəbə görə ki, bunu heç bir qurum açıqlamır. Nə Hacıbala Abutalıbov (əsas xərclər Bakı Şəhər Icra Hakimiyyətinin payına düşür) rəqəm deyir, nə də başqa icra hakimiyyətləri. Iqtisadçılar da ortaya konkret rəqəm qoya bilmir. Çünki burda iqtisadçı yox, münəccim olmaq gərəyi yaranır. Gərək ulduzların köməyi ilə hesablama aparasan. O da bu il müşkül işdir. YAP iqtidarı ulduzlara bizdən yaxındır, bu ilin fevralında göyə peyk buraxıblar, o peykdən gələn informasiyalar da bunların süzgəcindən keçir, bizim onları saf-çürük etmək imkanımız yox. Qalır gümanlar.
Hollandiyada, Almaniyada, Italiyada, Argentinada və başqa ölkələrdə gülün qiyməti. Onların Azərbaycana çatdırılmasına çəkilən xərc. Düzdür, burda da dəqiq rəqəmlər söyləmək çətin olacaq. Çünki bunlar 1 manata aldıqlarını 100 manata sənədləşdirməkdə mahirdir.
Iqtisadçı Natiq Cəfərlinin fikrincə, bu il Gül bayramına 30 milyon manat xərclənib. Onun bu rəqəmi hardan götürdüyünü deyə bilmərəm. Görünür, hansısa hesablamalar aparıb bu qənaətə gəlib. Iqtisadçıya görə, bir neçə gündən sonra Balaxanı zibilliyə atılacaq “bu vəsaitə Bakıdakı 9200 həkimin maaşını 2 dəfə artırmaq olardı”. “Yeni Müsavat” qəzeti isə başqa hesablama aparıb. Onlar hesab edir ki, Gül bayramına çəkilən xərclə 7 min 500 ailəni mənzillə təmin etmək olardı.
Büdcə talançılığına xüsusi yanaşması olan və vaxtaşırı onları saf-çürük edən Anar Mahmudoğlu tamam başqa hesablama ortaya qoyur. O, Abutalıbovun “ötənilkindən iki dəfə çox gül gətiriləcək” fikrinə əsasən bu il təkcə gülə 140 milyon manat xərcləndiyini deyir. Anar bəy yerli və xarici dizaynerlər, atəşfəşanlıq və başqa xərcləri nəzərə almadan bu hesablamanı aparıb. Biz həmin xərcləri bura əlavə etsək, büdcə talançılığı 200 milyonu keçir. Yeri gəlmişkən, indi türmədə olan keçmiş deputat Gülər Əhmədova da 2009-cu ildə parlamentdə çıxışında bir bayrama görə 14-15 milyonluq xərcə etirazını bildirmişdi. Builki xərclərdən xəbər tutubsa, heç şübhəsiz, Gülər xanımın yuxusu ərşə çəkilib…
Bu bayramı, ona çəkilən xərci gərəksiz edən bir başlıca səbəb də var; Şuşanın və Laçının işğalı. Biz burda şit mahnılar, bayağı şeirlər oxuduğumuz, atəşfəşanlıq, bayram etdiyimiz günlərdə Ermənistan prezidenti Serj Sərkisyan Laçından keçib Şuşaya gəlib. Iki gündür ordadır. Müxtəlif tədbirlərə qatılır, açılışlar edir, Şuşa qələbəsini qutlayırlar. Bu, onun Dağlıq Qarabağa 14-cü səfəridir. Maraq üçün Ilham Əliyevin bizdə olan Qarabağa səfəri barədə məlumat almaq istədim. Internetdə ilk qarşılaşdığım xəbər Ilham Əliyevin Qarabağa – Horadizə səfəri haqdaydı. “…Bu gün Ilham Əliyev Horadizdə olub, YAP-ın Füzuli rayon təşkilatının yeni binasının açılışını bildirən qırmızı lenti kəsib”. Bu xəbərdən sonra başqa axtarış aparmağa ehtiyac və maraq qalmadı.
Bilmirəm Şuşanı hansı ayda ala biləcəyik, bu hakimiyyətlə, bu təbliğatla, ümumiyyətlə, ala biləcəyikmi?
May bayram ayı deyil…

Serj Sərkisyanın Şuşa səfəri və Gül bayramı
•