Britaniyanın baş naziri Rusiyaya gedir

Britaniyanın baş naziri Deyvid Kameron Suriya müharibəsinə son qoyulması səyləri çərçivəsində Rusiyaya səfər edir. O, Rusiya prezidenti Vladimir Putinlə Soçi şəhərində görüşməlidir.

ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov may ayının sonunda Suriya ilə bağlı beynəlxalq konfrans keçirilməsi barədə razılıq əldə ediblər. Londonun həmin konfransa ev sahibliyi edəcəyi barədə söhbətlər dolaşır.

ABŞ dövlət katibi Con Kerri Suriyanın müvəqqəti hökumətində prezident Bəşar Əl-Əsədin yer almayacağını bildirərək, onu istefaya çağırıb.

Eyni zamanda Suriyada döyüşlər davam edir. Yerli Koordinasita Komitəsinin bildirdiyinə görə, Dəməşq və Homs şəhərlərində 22 adam həlak olub. Qızğın döyüşlər Hələb, Hama və Dəraa şəhərlərində də aparılır.