General Gülər Əhmədova ilə görüşüb

Sabiq deputatın ailəsinə görüşə icazə verilib; Onun həbs müddətinin artırılmasından şikayət verilib  

Bakı Istintaq Təcridxanasında saxlanan keçmiş deputat Gülər Əhmədova dünən ailəsi ilə görüşüb. G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov “Media forum” saytına açıqlamasında deyib ki, görüşə böyük oğlu ilə birlikdə gedib və təcridxanada iki saata yaxın qalıblar.
F.Əhmədovun bildirdiyinə görə, G.Əhmədova həbsdə olduğu müddətdə ailəsi ilə beş dəfə görüşə bilib: “Amma kiçik oğlumuz hələ də anasının həbsdə olduğunu bilmir, ona deməmişik. O elə bilir ki, anası xaricdədir. Gülər xaricdə səfərdə olanda ona tez-tez zəng edirdi. Indi oğlumuz məndən soruşur ki, ata, anam niyə mənə zəng eləmir, danışanda bunu da soruş. Cavab verirəm ki, ay oğul, anan əvvəl Avropa Şurasına gedirdi, indi isə Afrika Şurasına gedib. Afrika Şurasında isə telefon yoxdur”.
F.Əhmədov deyib ki, həyat yoldaşının səhhəti yaxşı deyil: “Əvvəla, həbsxana insanın səhhətinə pis təsir edir. Ikincisi, Gülər bu hadisələrə görə stress keçirib, əsəbləri korlanıb. Ürəyi ağrıyır, qıcolmaları var. Dedi ki, həbs müddətinin artırılmasından sonra gecələr yata bilmir, qıcolmaları tutur.
Gülər xanım hesab edir ki, ona qarşı qeyri-qanuni hərəkətlərə yol verilir. Burada heç bir cinayət yoxdur. Tamamilə əsassız ittihamdır. Bu, iki üstəgəl iki kimi sadə bir məsələdir. Əgər söhbət Elşad Abdullayevin yaydığı videolardan gedirsə, Gülər xanım dedi ki, bunların hamısını açıqlayacaq. Söylədi ki, həbsdən çıxandan sonra mətbuat konfransı keçirəcək, bütün məsələləri danışacaq. Videodakı söhbətlərdə nədən danışıldığına, məsələnin nə yerdə olduğuna aydınlıq gətirəcəyini dedi. Amma bundan əvvəl Elşad Abdullayevin Azərbaycana gəlməsini, gəlmirsə gətirilməsini və üzləşmə olmasını tələb edir”.
F.Əhmədov qeyd edib ki, G.Əhmədovaya sovqat və bir neçə kitab aparıblar: “Kitablar istəmişdi, onları alıb apardıq”.
Dünən həmçinin Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi general-leytenant Mədət Quliyev G.Əhmədova ilə görüşüb. O, mayın 10-da “Media forum” saytına deyib ki, G.Əhmədova daimi həkim nəzarətindədir və səhhəti normaldır: “Sadəcə, bir az narahatlığı var. Vaxtilə deputat olub, müəyyən həyat normalarında yaşayıb. Indi isə təqsirləndirilən şəxsdir, istintaq təcridxanasında saxlanır. Bunun müəyyən psixoloci çətinlikləri var, asan deyil. Mən bir neçə gün öncə Gülər Əhmədova ilə görüşmüşəm. Vəziyyəti yaxşıdır, həkimlərin nəzarətindədir. Narahatlıq üçün əsas yoxdur”.
G.Əhmədovanın vəkilləri isə sabiq deputatın həbs müddətinin 3 ay uzadılmasından apellyasiya şikayəti verib. Bu barədə “Azadlıq”a sabiq deputatın vəkili Raqif Mustafayev məlumat verib. O, bildirib ki, G. Əhmədovanın həbs müddətinin uzadılması qanunsuzdur: “Gülər xanımın həbs müddəti heç bir sübut təqdim edilmədən artırılıb. Ona görə də biz bunu qanunsuz sayırıq və apellyasiya şikayəti verdik”.
Vəkil apelyasiya şikayətinin təmin olunub-olunmayacağı barədə konkret heç nə deyə bilməyəcəyini söyləyib.