İmişlidə “kəndli üsyanı”

Örüş yerləri zəbt olunan sakinlər mal-qara ilə Icra Hakimiyyətinə yürüş etdi

Hadisə zamanı AXCP fəalı və jurnalist saxlanıldı

İmişlinin Otuzikikənd kəndində yerli əhali ilə bələdiyyə arasında mübahisə yaranıb. Kənd camaatı onlara verilməli olan torpaq sahəsinin bələdiyyə və Icra Hakimiyyəti tərəfindən kənar şəxslərə satılmasına etiraz edir. Məsələ ilə əlaqədar məhkəməyə də müraciət olunub.
Dünən isə sakinlər örüş yerinin əllərindən alınmasına etiraz olaraq, mal-qara ilə birgə Imişli Rayon Icra Hakimiyyətinin qarşısında aksiya keçirməyə cəhd ediblər. Narazılar icra hakimiyyətinə çatmağa az qalmış polis onların qarşısını kəsib. Bir neçə etirazçı, eləcə də hadisələri lentə alan “Azadlıq” radiosunun bölgə müxbiri Azər Əli, AXCP fəalı Vüqar Qədirov saxlanılaraq polis şöbəsinə aparılıb.
Saxlanılanlardan Fərman Zərbəliyevin atası Əlisiyavər Zərbəliyev “Azadlıq” radiosuna deyib ki, onlar Küdrü deyilən ərazidə onlara məxsus 85 hektar örüş sahəsinin zəbt olunmasına etiraz ediblər: “Indiyə qədər bununla bağlı şikayətlərimizə baxılmadığından 150 baş mal-qaranı icra hakimiyyətinin qarşısına aparmağa qərar verdik. Bu barədə ”102″ xidmətinə də zəng vurub xəbərdar etdik ki, bizə heç kim mane olmasın. Icra hakimiyyətinə az qalmışdıq ki, polislər bizim qabağımızı kəsdi, uşaqların bir neçəsini döyüb apardılar polisə, bizi də geri qaytardılar”.
Polis şöbəsindən sərbəst buraxılan Natiq Şirov onunla birgə 7 nəfərin polis şöbəsinə aparıldığını, bir qədər sonra iki nəfərdən başqa hamının sərbəst buraxıldığını deyib: “Azər Əli ilə Vüqar Qədirovu buraxmadılar. Bizə isə dedilər ki, gedin həmin örüşdə heyvanlarınızı otarın”.
Bir qədər sonra Azər Əli dəÿburaxılıb, amma məhkəməyə qədər. Məhkəmə prosesi isə mayın 11-i saat 15:00-a qədər təxirə salınıb. Azər Əlidən başqa yerə getməməklə bağlı iltizam alınıb.
Azər Əlinin saxlanması məsələsi beynəlxalq təşkilatlara çatdırılıb. Onlar bu məsələni araşdırıb diqqətdə saxlayacaqlarını bildiriblər.
Azər Əli “Azadlıq” radiosuna deyib ki, onu Imişlinin polis rəisinin müavini Etibar Babayevin göstərişilə saxlayıblar: “Çəkiliş aparmağa belə imkan vermədilər, dərhal kameramı və mobil telefonum əlimdən alındı. Mülki adamlar məni mülki maşınla polisə gətirdilər. Məndən izahat aldılar. Protokol tərtib olundu ki, guya həmin aksiyanı mən təşkil etmişəm.
Polis şöbəsində 5 saat saxlanıldıqdan sonra məni rayon məhkəməsinə gətirdilər.
Mənim mobil telefonumu, kameramı, hətta şalvarımın kəmərini saxlanan kimi aldılar”.
Azər Əli onu da qeyd edib ki, polis şöbəsində ona qarşı təhqiramiz hərəkətlərə yol verilib.