“Bu qədər narazıdırlarsa, Avropa Şurasından çıxsınlar”

«Səməd Seyidov Ermənistanla Azərbaycanı müqayisə edərək özünü gülünc vəziyyətə salmamalı idi»

Azərbaycan hakimiyyətinin Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın REAL Hərəkatının sədri Ilqar Məmmədova irəli sürülən yeni ittihamlarla bağlı son tənqidi bəyanatına reaksiyası özünü çox gözlətmədi. Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəyanata cavab olaraq Yaqlandın ünvanına sərt ittihamlar səsləndirib.
S.Seyidov bildirib ki, Avropa Şurasında qeyri-obyektiv mövqe tutan, məsələləri araşdırmamış, mahiyyətinə varmamış ard-arda bəyanatlar verən qüvvələr var: “Bunlar qeyr-adi hal deyil və bizi təəccübləndirməməlidir. Təəssüflər olsun ki, Avropa Şurasında dəyərlərin deqradasiyaya uğramasının, dəyərlərin lazım olduğu kimi deyil, əks formada istifadə edilməsinin şahidi oluruq. Ona görə də belə bəyanatlar olur. Məsələni araşdırarlar, baxarlar, nə baş verdiyini öyrənərlər, sonra bəyanat verərlər. Mən ona məsləhət görərdim ki, Ermənistanda keçirilən prezident seçkisi, prezidentliyə namizədin güllələnməsi haqda bir bəyanat versin. Təsəvvür edin ki, Ermənistanda prezidentliyə namizəd güllələnir. Amma bir bəyanat belə verilmir. Bunu təsəvvür etmək mümkün deyil, amma reallıqdır.ÿ Azərbaycana ikili standartla yanaşılır, bir hadisə baş verən kimi dərhal buna reaksiya verilir. Ölkə üçün ən vacib hadisə prezident seçkisidir. Ermənistan Avropa Şurasının Nazirlər Komitəsinin sədri olacaq, növbə onlardadır. Avropa Şurası Nazirlər Komitəsinin sədri olacaq ölkədə prezidentliyə namizədi güllələyirlər. Amma Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland bir dəfə də bəyanat vermir. Belə şey olar? Ona görə də Azərbaycan haqda bəyanatları obyektiv saymaq olmaz”.
REAL Hərəkatının icra katibi Natiq Cəfərli isə S.Seyidovun bu açıqlamasının absurd olduğunu deyir: “Heç kim Azərbaycanı Avropa Şurasına dəvət etməyib. Azərbaycan özü hələ 90-cı illərin ortalarından bu quruma üzv olmaq üçün müraciət etdi. Avropa Şurasına 2001-ci ildə üzv olarkən də öz üzərinə öhdəliklər götürdü. Şuranın üzvü kimi, Azərbaycan bu öhdəliklərə əməl etməyə borcludur. Azərbaycan Avropa Şurasından bu qədər narazıdırsa, o zaman bu qurumdan çıxsın. Öz imzalarını geri çəksinlər və bu formatda iştirakdan imtina etsinlər. Amma dövlət olaraq ora imza atmısansa, üzərinə öhdəliklər götürmüsənsə, onlara mütləq əməl etməlisən”.
N.Cəfərlinin fikrincə, hansısa ölkənin bu öhdəliklərə əməl etməməsi ilə bağlı arqumentlər gətirmək ümumiyyətlə gülüncdür: “Başqa bir ölkə demokratiyaya, Avropa dəyərlərinə zidd addımlar atırsa, sən onları misal çəkməli deyilsən axı. Bir də, niyə Ermənistanı misal çəkirsən? Niyə Avropa Şurasına üzv olan digər dövlətlərin adını çəkmirsən? Niyə özünü Gürcüstanla, Baltikyanı ölkələrlə, Şərqi Avropa ölkələri ilə müqayisə etmirsən? Ermənistanla müqayisə qüsurludur. Üstəlik Ermənistanda son seçkilərdə bəzi hadisələrin baş verməsi ilə yanaşı, demokratik addımlar da atıldı. Ermənistan hakimiyyəti şəhərin mərkəzində müxalifətə istədikləri gün istədikləri qədər mitinq keçirməyə, sərbəst şəkildə toplaşmağa imkan yaratdı. Azərbaycandan fərqli olaraq Ermənistan müxalifətinin əlində televiziya və FM dalğalarında yayımlanan radio kanalları var. Ermənistan parlamentində partiyaların fraksiyaları mövcuddur. Avropa Şurası da təbii olaraq Ermənistandakı bu müsbət addımları görür. Azərbaycan hakimiyyəti isə bu fərqləri görmür. Özlərini Ermənistanla müqayisə edirlərsə, o zaman bu fərqləri də görsünlər. Bütün günahı dünyanın, Avropa strukturlarının üzərinə atmasınlar. 20 ildir Azərbaycanın başına gətirilən oyunlarda erməni lobbisinin izini axtarırlar. Özlərində isə günah görmürlər. Səməd Seyidov Ermənistanla Azərbaycanı müqayisə edərək özünü gülünc vəziyyətə salmamalı idi”.

Gültəkin