Kollegiyanın Aslan İsmayılov cəzası

Hüquqşünaslar bu qərarı siyasi sifariş kimi qiymətləndirir

Tanınmış hüquqşünas Aslan Ismayılov Vəkillər Kollegiyasından çıxarıldı. Bu barədə qərar dünən Kollegiyanın iclasında qəbul edilib. A.Ismayılov “Azadlıq”a açıqlamasında bildirib ki, o, faktiki olaraq Vəkillər Kollegiyasından uzaqlaşdırılıb, amma bu barədə son qərarı məhkəmə verəcək. Məhkəməyə qədər isə A.Ismayılov vəkillik fəaliyyəti ilə məşğul ola bilməz. Aydın görünür ki, Aslan Ismayılovla bağlı qərar onun vətəndaş fəaliyyəti ilə bağlıdır. Bu cür qərar qəbul edilməsi daha çox siyasi sifariş kimi görünür. Çünki azad fikir sərgiləyən, hakimiyyətin tapşırığı ilə oturub-durmayan vəkillərə qarşı bu cür ədalətsiz qərarlar dəfələrlə həyata keçirilib.
Xatırladaq ki, Aslan Ismayılov 1999-cu ildə də vəkillikdən uzaqlaşdırılmışdı.
Aslan Ismayılovun Vəkillər Kollegiyasından çıxarılmasına tanınmış hüquq müdafiəçiləri də münasibət bildirdi.

ALP sədri Əvəz Temirxan bunun Azərbaycandakı mövcud hakimiyyətin ənənəvi davranış forması olduğunu dedi: “Bu hakimiyyətə düşünə bilən, savadlı, müstəqil fikir yürüdən insan lazım deyil. Aslan Ismayılova qarşı bu cür davranış, onun fəaliyyəti, mətbuatdakı tənqidi fikirləri ilə bağlıdır”.

Hüquqşqnas Müzəffər Baxışov qeyd etdi ki, Azərbaycan reallığında məhkəmələrin, prokurorluğun və digər dövlət idarələrinin hansı durumda olduğu hər kəsə məlumdur. “Ölkədə prinsipial vəkillərin öz müştərilərinin haqlı mövqeyini hansı fədakarlıqla müdafiə etdiyi, hansı çətinliklərlə üzləşdiyi aydın reallıqdı. Aslan Ismayılov kimi tanınmış vəkilə qarşı hansısa hakimin müraciət etməsi reallığa uyğun ola bilməz. Bu, həmin hakimin öz qanunsuz əməllərini ört- basdır etməsi üçün atdığı addımdı. Azərbaycanda dövlət hakimiyyəti olmadığı üçün, Vəkillər Kollegiyası da bəzi adamların monopoliyasına çevrilib. Aslan Ismayılov da bu yalnış siyasəti ifşa etdiyi üçün cəzalandırıldı”- deyə Müzəffər Baxışov bildirdi.

Hüquqşünas Qurban Məmmədov da hesab edir ki, bu cür hallar zaman-zaman olub. Mən özüm, Namizəd Səfərov, Elçin Namazov, Xalid Bağırov, Intiqam Əliyev, Ənnağı Hacıbəyli və başqaları bu qəbildən olan müxtəlif ədalətsizliklərlə qarşılaşmışıq. “Bizim kimi düşünən insanları ya Vəkillər Kollegiyasından uzaqlaşdırırlar, ya da, ümumiyyətlə, ora yaxın buraxmırlar. Çünki bu hakimiyyətə azad düşünən, təmiz, vicdanlı vəkil lazım deyil. Yaltaq olmayan, xalqın taleyin düşünən insanlar hakimiyyət üçün arzulanmaz şəxslərdi”- deyə Q.Məmmədov vurğuladı.

Hüquqşünas Ənnağı Hacıbəyli də həmkarları kimi hesab edir ki, Aslan Ismayılovla bağlı qərar onun aktiv vətəndaş mövqeyi ilə bağlıdır. “Vəkillər Kollegiyasından bir nəfər də olsun qanun pozuntusuna görə çıxarılan adam yoxdur. Bütün hallarda siyasi mövqeyinə, müxalif düşərgədən həbs olunmuş insanları müdafiə etdiyinə, ictimai-siyasi fəaliyyətinə görə vəkilləri Kollegiyadan uzaqlaşdırırlar. Adətən Vəkillər Kollegiyası öz üzvlərini haqlı olanda müdafiə edir, bizdə isə kollegiya avtoritar qurum kimi fəaliyyət göstərir və vəkilləri düşüncəsinə görə xaric edirlər. Aslan Ismayılov da öz mövqeyini açıq ifadə etdiyi üçün Kollegiyadan uzaqlaşdırılıb”- deyə Ənnağı Hacıbəyli bildirib.

İlham Hüseyn