İlham Əliyevin antikorrupsiya teatrı

Bu bir teatrdır – antikorrupsiya teatrı. Azərbaycan teatr mədəniyyətini ölümcül duruma salmış rejimin özümlü teatr tamaşaları var. Bizlər hələlik bu teatrın passiv izləyiciləri – tamaşaçılarıyıq.

Budur, Ilham Əliyev xalqı antikorrupsiya çarpışmasına çağıra-çağıra Daşkəsənə icra başçısı qoydu. Sözsüz, prezident adlanan kimsənin antikorrupsiya çağırışlarında bulunması rayonları başçısız qoymaq demək deyil. Di gəl, antikorrupsiya çağırışlarında bulunurkən korrupsionerləri iş başında saxlamaq, Daşkəsəndə olduğu kimi, boşaldılmış yerləri tanınmış korrupsionerlərlə doldurmaq… Bu, bir yandan xalqı ələ salmaqdırsa, başqa bir yandan… korrupsiya faktıdır!
I.Əliyev bundan az öncə antikorrupsiya çağırışları içində bir sıra rayonların icra başçılarını dəyiş-düyüş eləmişdi. Bu nə kadr siyasətidir belə? Yevlaxı yeyib-dağıtmış birisi Yevlaxdan daha varlı, daha axar-baxarlı bir yerə – Gəncəyə transfer edilir. Bütövlükdə Ilham Əliyevin kadr siyasəti hər hansı yenilikdən uzaq transfer siyasətidir. Bircə fakta baxmaq yetər: Yevlaxdan Gəncəyə, Gəncədən Sumqayıta, Sumqayıtdan nazirliyə – belə bir kadr trayektoriyası. Üst baxışdan bunu kadrların rotasiyası da adlandırmaq olardı. Ancaq bu, kadr rotasiyası deyil; korrupsiya axarında baş verən özümlü bir transferdir. Bəlli olduğu kimi, siyasi yönətimdə kadr rotasiyası qanunauyğun, üstəlik, önəmli bir görsənişdir.

Aşağıdan yuxarıya hakimiyyətdə baş verən sürəkli kadr rotasiyasının iki önəmli yönü var: birinci, xalqla hakimiyyətin ilişkisi üzülmür, xalqla hakimiyyət arasında qırılmaz bağlılıq olur (belədə xalq hakimiyyətin başlıca enerji qaynağına, bazasına çevrilir); ikinci, hakimiyyətə durmadan gənc güclər gəlir. O başdan bu başa əliyevçi rejimdə belə bir görsəniş yoxdur. Bu da əliyevçi rejimin antimilli, antidemokratik, eləcə də korrupsioner xarakterindən doğan görsənişdir.
Baxın, rejim atasının yoxluğundan az qala, on il keçib, qoca başçının yerinə “gənc lider” keçib. Nə dəyişib? Ölkədə hansı köklü yenilik baş verib? KQB generalının formalaşdırdığı komanda, demək olar, necə var, eləcə qalır. Içdə xalqı, dışda demokratik dünyanı aldatmaqla hakimiyyət başına gətirilən “gənc lider” gerçək gənc liderdən daha çox bəlli bir qara-boz kardinalın aparatında potensial pensiya çağlarını yaşayan hakimiyyət veteranına bənzəyir. Onun kadr siyasəti də belə bir veteran siyasətidir: Əlinin papağını Vəlinin başına qoyur, Vəlinin papağını Əlinin başına. Bir daha demək gərəkir: indiki “antikorrupsiya” axarında baş verən bu dəyişikliyin özü korrupsiya xarakterlidir. Burada bir gülləyə bir neçə dovşan vurmağa çalışılır: birincisi, dəyişiklik – yenilik görüntüsü yaradılır; ikincisi, yerdəyişmə – rokirovka oyunu oynamaqla korrupsioner komanda olduğu kimi saxlanılır; üçüncüsü, alver axarında dəyişiklik aparmaqla böyük pullar qazanılır. Burada hər atama – təyinatdan verən də bəllidir, alan da bəlli!

Ölkədə korrupsiya ilə gerçək çarpışma aparılması üçün PARLAMENT, MƏHKƏMƏ, MEDIA bağımsız olmalıdır. Bizdə parlament də, məhkəmə də, media da başlıca olaraq bir ələ, bir ailəyə bağlıdır – korrupsiyanın başında duran bir ailəyə. Bu ailə bütöv bir rejim deməkdir. Bir gündə Azərbaycan ordusu 8 itki verdi. O 8-dən birinin suçu ermənilərin, 7-sinin suçu rejimin boynundadır. Əliyevçi rejimə o başdan bu başa göz yetirsək, görərik: içdən gələn itkilərimiz dışdan gələn itkilərimizdən qat-qat artıqdır. Bunlar faktiki olaraq antimilli, antidemokratik rejim xarakterindən doğan görsənişlərdir.

Ərəb ölkələrindəki rejimlər antidemokratik xarakteri ilə qorxulu rejimlərdir. Özünün ikili xarakteri baxımından əliyevçi rejim daha qorxuludur. Ancaq 30 illik Mübarək rejimi, 42 illik Qəddafi rejimi kimi bu rejimin də sonu… çatıb!