Məşhur YAP-çılar onun Ramiz Mehdiyev haqqında dediklərinə münasibət bildirdi
“Sirus Təbrizli yeganə adamdır ki, həm xalq hərəkatında fəal olub, həm YAP-ın yaranmasında. Nə dövlət qəzetlərində görürsünüz məni, nə də televiziyalarda. Çünki Ramiz Mehdiyev nə xalq hərəkatında olub, nə də YAP-ı yaradanlardan. Heydər Əliyev özü deyirdi ki, bu adam mənə iki dəfə xəyanət edib, indi də üçüncü dəfə xəyanət edir…
Xəyanət ortalıqdadır. Heydər Əliyevin silahdaşları qalıb kənarda. Bu gün Heydər Əliyev gözünü açıb görsəydi ki, kimlər televiziyada ondan danışır, bilmirəm nə hiss keçirərdi”. Bu sözləri Azadlıq Radiosuna müsahibəsində Yeni Azərbaycan Partiyasının qurucularından olan Sirus Təbrizli deyib. Qocaman YAP-çı Əli Əlirzayev də qəzetimizə açıqlamasında Sirus Təbrizlinin bəzi fikirlərinə haqq qazandırıb: “Mən onun Ramiz Mehdiyevlə bağlı söylədikləri barədə heç nə deyə bilmərəm. Amma ümumiyyətlə onun sözlərində müəyyən həqiqət var. Həqiqət budur ki, Heydər Əliyevin silahdaşlarına, YAP-ı yaradanlara bu gün ögey münasibət var. Ədalətsizlik edirlər. YAP-ın yaranmasında iştirak etməyənlər, Heydər Əliyevin ağır vaxtlarında onun yanında olmayanlar, indi yuxarı başa keçib. Biz isə qalmışıq kənarda”.
Əli Əlirzayev əlavə edib ki, qocaman YAP-çıları indi heç tədbirlərə belə çağırmırlar: “Bu bizi ağrıdır. Tədbirlərə elə adamlar çağırılır ki, vaxtilə Heydər Əliyevə qarşı çıxıb. Bizi sözün əsl mənasında çıxdaş ediblər. Əlbəttə ki, bu haqsızlıqla dözmək olmur”.
Qocaman YAP-çı bunun səbəbini belə izah edir: “Bunlar istəyir ki, obyektiv söz danışmayasan. Yaltaq olasan. Nazirləri tərifləyəsən. Axı mən niyə hansısa naziri tərifləməliyəm? Məgər biz bunun üçün YAP-ı yaratmışıq? Biz istəyirik ki, ədalətli cəmiyyət olsun, hər kəs öz fikrini ifadə eləsin, yaltaq olmasın və s. Təsəvvür edin, indi nazirlər var ki, mənim tələbəm olublar, çantamı toplayıblar. Amma nazir olandan sonra adam saymırlar. Belə olmaz axı. Vəzifəyə kim layiqdirsə, o da təyin edilməlidir. O cümlədən də xalq kimi deputat görmək istəyirsə, o da deputat olmalıdır. Mən texnikum bitirib deputat olmamışam. Mən illərlə əziyyət çəkmişəm, oxumuşam, illərimi elmə sərf eləmişəm, xalqın rəğbətini qazanmışam və mənə səs veriblər deputat olmuşam. Amma 2010-cu ildə məni Gülər Əhmədovaya uduzdurdular. Özü də məni mənəvi cəhətdən sındırmaq üçün göstəriş vermişdilər ki, ona az səs yazın ki, bir də namizədliyini verməsin. Bütün məktəblərə, xəstəxənalara və digər büdcə təşkilatlarına göstəriş vermişdilər ki, Gülər Əhmədovaya səs verin. Belə münasibət olmaz. ANS göstərir ki, Heydər Əliyevin silahdaşlarına orden verdik. Hardan oldu onlar Heydər Əliyevin silahdaşı. Heydər Əliyevin silahdaşı Sirus Təbrizli, Əli Əlirzayev və digər indi çıxdaş olunmuş qocaman YAP-çılardır”.
Sabiq YAP-çı deputat Şahlar Əsgərovun isə Sirus Təbrizli ilə fikirlərilə bağlı mövqeyi belə olub: “Belə fikirləri biz kənardan da eşidirik ki, Heydər Əliyevin əsl silahdaşları kənarda qalıb. Amma onu da deməliyəm ki, bu gün parlamentdə həqiqətən deputat olmağa layiq adamlar var. Konkret özümə gəlincə, mən elmimlə məşğulam. Mən hazırda ”Hara gedir bu dünya?” sualına cavab axtarıram”.
Ramiz Mehdiyevin Heydər Əliyevə xəyanət edib-etməməsinə gəlincə, sabiq deputat bu barədə danışa bilməyəcəyini deyib: “Tam səmimiyyətlə deyirəm ki, mənim Ramiz Mehdiyevlə Heydər Əliyev arasındakı gizli münasibətlər barədə məlumatım yoxdur. Bəlkə Sirus Təbrizlinin əlində hansısa arqumentlər var, hər halda o, Naxçıvanda 40 gün Heydər Əliyevin yanında olub, ola bilər, hansısa söhbətlər ediblər. Amma mənim heç bir məlumatım yoxdur. Ona görə də heç nə deyə bilmərəm”.
AVP sədri Fəazil Ağamalı isə Sirus Təbrizlinin Ramiz Mehdiyev haqqında dediklərinə şərh vermək istəməyib.


