Təzəxan Mirələmli və övladlarına qarşı növbəti zorakılıq

Cəzaçəkmə müəssisəsindəki problemləri dilə gətirdiyinə görə cəbhəçini və azyaşlı övladlarını döydülər

AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli və ailə üzvləri zorakılığa məruz qalıb. Hadisə Təzəxan Mirələmlinin azyaşlı oğlu Vasif Mirələmovun cəza çəkdiyi Yetkinlik Yaşına Çatmayanlar üçün Islah Müəssisəsində baş verib.
Mayın 9-da müəssisədə “Açıq qapı” günü keçirilib. Təzəxan Mirələmli kiçik oğlu Vahidlə birlikdə Vasifin görüşünə gedib. Tədbirdə Penitensiar Xidmətin rəis müavini də iştirak edirmiş. Rəis müavininə sual verdiyi üçün polis çağırılaraq, Təzəxan bəyi və oğlu Vahidi döyə-döyə 37-ci polis bölməsinə gətiriblər. Vasif Mirələmovu isə elə cəzaçəkmə müəssisəsində döyüblər.
Təzəxan Mirələmli “Azadlıq”a açıqlamasında ona qarşı zorakılıqla əlaqədar prokurorluğa şikayət verdiyini bildirib: “Xəsarətlə əlaqədar prokurorluğa şikayət vermişəm. Həm mənim, həm də 16 yaşına çatmamış oğlum Vahidin xəsarətləri var. 37-ci polis bölməsindən izahat aldılar”.
Cəbhəçi deyir ki, tədbirdə çıxış etdiyi üçün döyülüb: “Açıq qapı” günü idi. Dedilər ki, məhbus valideynlərindən kimin sözü var? Mən də bir valideyn kimi çıxış elədim. Digər valideynlərdən fərqli olaraq, tərifli çıxış etmədim, saxlanma yerindəki çatışmazlıqlardan danışdım. Sonra onların işçiləri gəldi ki, sən bizim tədbirimizi pozursan. Bizi çıxartdılar klubdan çölə. Həmin vaxt Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov da orada idi. Sonra başladılar məni iki övladımın gözü qarşısında döyməyə ki, tədbirimizi pozursan, dövlətin əleyhinə çıxırsan və s. Bu hərəkətə həbsdə olan 17 yaşlı oğlum Vasif də etirazını bildirdi, onu da döyməyə başladılar. Sonra Vasifi bizdən ayırdılar, saldılar bir otağa və başladılar orada döyməyə. Kiçik oğlum Vahidlə mənə də xəsarətlər yetirərək, sürüyə-sürüyə bizi çıxartdılar bayıra. Sonra 102-yə zəng edib, bizi apardılar 37-ci bölməyə”.

Ramin DEKO