21 illik həsrətin, 90 yaşlı vüsalı

Şuşanın işğalından 21 il keçdi.
Azərbaycanın 21 yaşlı yetimi, düşmənin “atalığı” altında yaşayır.
Nə “lazım” övladına yiyə çıxmaq istəyir, nə də xalq “lazım”ın gəlməsinə israr edir.
Artıq “növbəti bayramı Şuşada keçirdəcəyik” ifadəsi dəbdən düşüb.
“Gələn il Şuşada kabab yeyəcəyik” deyənlər, “gül bayramı”ndakı güllərin qoxusunu içlərinə çəkdikləri üçün kababa olan iştahları ölüb.
Artıq “Şuşada axşamlar yanar ulduzlar” mahnısı, estafeti “oğuldur Ilham” nəğməsinə ötürüb.
Şuşa nisgilini, “Gül bayramı”nın sevincinə qurban vermişik.
Qarşıdan 10 may gəlir.
10 may, həm də solmuş güllərə baxan, solğun gözlərin lirik süjetidir.
10 may, 9 milyona qarşı olan xəsisliyin, bir insana qarşı səxavətə çevrildiyi gündür.
10 may, maaşı 2 manat artırılan vətəndaşın, 2 saat açıq havada fonoqram dinləməyə məhkum olduğu gündür.
10 may repertuarların “ulu öndər”lə nəfəs aldığı gündür.
Artıq “Qarabağ şikəstəsi” oxumaq, karyeranın zirvəsinə sınmış pilləkənlərlə qalxmaq deməkdir.
Rəhbərə tərif isə, o zirvəyə “lift”lə qalxmağa bərabərdir.
Indi Şuşanın dağlarındakı duman görünməsə də, Şuşalıların başındakı dumanın musiqi sədaları altında silkələndiyi görünür.
Bəli, bu ölkədə 90 yaş, 21-dən daha cavandı.
Bu ölkədə minlərin itirdiyi, 10-ların tapdığı ilə kompensasiya olunub.
Bu ölkədə diri xalqın iztirabına gülənlər, ölü liderin doğumuna ağlaya bilirlər.
Nədənsə liderin doğum günü ilə bağlı konsertlər terror qurbanlarının anım gününə, Şuşanın işğal tarixinə təsadüf edir.
Ancaq mən təsadüflərə inanmıram. Yəqin ki, bu təqvimlərdə ilahi bir hikmət var.
Bəlkə, zaman bizə göstərmək istəyir ki, sizin kədəriniz, bu rejimin sevincidir.
Əslində hakimiyyətdəkilər də bilir ki, hər gün ölkənin müxtəlif yerlərində 90 illiklə bağlı təşkil olunan konsertlərə gələnlər, Heydər Əliyevin doğumunu yad etməyə deyil, Röyanın yeni mahnısına qulaq asmaq, Namiq Qaraçuxurlunun meyxanasına çırtma çalmaq üçün gəlirlər.
10 may, öz məğlubiyyətlərini, müğənnilərin qalibiyyətində gizlədənlərin “ulu öndər” sevgisinin gül ilə imitasiyasıdı.
Nə yaxşı ki, “Gül bayramı” var. Yoxsa, 9000 məhbus azadlıq arzusun zindan divarlarına məhkum edərək yaşayacaqdı.
Nə yaxşı ki, “Gül bayramı” var. Yoxsa, xalqımız Hollandiya, Fransa, Türkiyə, Almaniya və başqa ölkələrdə yetişdirilən güllərin ətrindən məhrum olardı.
Nə yaxşı ki, “Gül bayramı” var. Yoxsa, Heydər Əliyevin uzaqgörən siyasətindən danışmaq üçün sıraya düzülənlər, 20 illik siyasətin Qarabağ uğursuzluğundan danışmağa çətinlik çəkəcəkdilər.
Bəli, 10 may elə bir gündür ki, ayın 10-da doğulmuş insanı, ayın 30-dan təbrik etməyə başlayırlar.
Ilham Əliyev müşavirədə təmtəraqlı ad günləri keçirən məmurlara irad tutanda, yəqin ki, dirilər barədə danışırmış. Yoxsa, səsi qulağımızdan hələ getməmiş sözlərə əlahəzrət xəyanət etməzdi.
Bu da bizim qismətimizdi. Başsağlığı qəbul etməli olduğumuz halda, gül iyləyə-iyləyə təbrik eşidirik.
Artıq insanlar sevgililərinə gül bağışlamağa ehtiyat edirlər. Çünki güllərin neqativ xatirələri var bu ölkədə.
Çünki ən azı 250 ton gül bir adama aiddir bu ölkədə.
Indi bütün dünya görür ki, biz 21 illik Şuşa həsrətini, 90 yaşlı vüsalla ovuduruq.
Ayın 10-da Şuşada şəhid olanların qəbri üstə gül qoymağa tələsək.