Azərbaycan: yiyəsi ölüb, qardaşı satır!

II
Son çağlar baş verən bir sıra get-gəllər, danışıqlar, çağırışlar Azərbaycanın siyasət bazarına çıxarılmasının açıq görsənişidir. Qarşıdan gələn çətin seçki öncəsi müxalifət birlik üçün tələsməsə də, hakimiyyət tələsir, özü də çox tələsir. Ortada açıq görünən milli strategiya yoxluğu var. Bu yoxluq birincidə də, ikincidə də istər-istəməz uğursuzluqla sonuclanır. Müxalifətdəki birlik istəyi xalqın birliyinə – başqa cür desək, milli birliyə gətirib çıxarmalıdır. Ancaq hələlik, çağ getdikcə daralsa da, bu baş verməyib.
Hakimiyyət özünün çoxillik anti-xalq siyasətlərinin sonucu olaraq xalqdan əlini üzüb. Buna görə o, özünə arxa-dayağı başlıca olaraq qıraqda axtarır. Elə buna görə də hakimiyyət Irandan ABŞ-a, Rusiyadan Israilədək Azərbaycanı bazara çıxarıb. Düzdür, biz daha çox siyasi danışıqlar getdiyini, siyasi çıxışlar edildiyini görürük. Ancaq əliyevçi rejimi korrupsioner rejim olaraq tanıdığımızdan, rejim başçılarının bir çox güclərlə gizli bazarlıqda bulunduğuna çox inanırıq. Bu alver-bazarlığın baş tutub-tutmaması ayrı qonudur.
Rejimin özünə dünya gücləri arasında arxa-dayaq yaratmaqla bağlı girişdiyi diplomatik çalışmalar hələlik eləcə uğursuz çalışmalar olaraq qalır. Burada iki faktor önəmli rol oynayır:
1. Əliyevçi rejimin dünyaya bəlli dayanıqsızlığı;
2. “WikiLeaks” saytının rejim siyasətləri ilə bağlı açıqladığı bir sıra faktlar.
Rejim dünyaya özünün dönük xarakteri ilə tanındığından daha ona inanıb bel bağlayan qalmayıb.
Baxın, qabaqca Səməd Seyidov ABŞ-a göndərilir. S.Seyidov, söz yox, aldığı tapşırığa uyğun olaraq, ABŞ-da göz yaşı tökərək Rusiya ilə Iranın “bizi” sendviç kimi əzdiyini bildirir. Görünür, bunların düşüncəsinə görə, ABŞ hökuməti elə oradaca S.Seyidovun əlinə I.Əliyevin daha beş illiyə prezident olması üçün mandat verib qutlamayla yola salmalıymış. Bəlli olduğu kimi, bu baş vermədi. Görünür, I.Əliyev bundan acıqlanaraq ABŞ-ın qulağını batıracaq bir səslə dünyaya car çəkdi: “Rusiya bizim strateji müttəfiqimizdir”. Burası bəlli deyil: Azərbaycan torpaqlarını tutub Ermənistana qatan, üstəlik, Ermənistana milyardlarla dollar dəyərində yaraq-sursat verən ölkə necə bizim strateji müttəfiqimiz ola bilər? I.Əliyev bunu “Beynəlxalq münasibətlər” institutunda oxuyub, ya hansısa praktikada görüb?
S.Seyidov Azərbaycanın ABŞ-la birgəliyindən, ABŞ-a bağlılığından da danışmış, bundan sonra da belə olacağını demişdi: energetika, anti-terror koalisiyası-filan. Yetərsiz oldu. Buna görə də prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov ABŞ-a göndərildi. F.Məmmədov anti-demokratik Azərbaycanın demokratik Gürcüstana böyük, çoxsaylı yardımlarından danışdı. Ancaq arxasında seçki alveri gizlənən bu çıxışla da ABŞ-dan mandat payı olmadı. ABŞ gücü çatan hər yerdə anti-demokratik rejimləri demokratiyanın sponsor-nökərinə çevirir. Buna görə əliyevçi rejimin demokratik Gürcüstana yardımları ABŞ üçün legitim-qanunauyğun yardımlardır: anti-demokratik rejimsən, xalqını soyub-yağmalayıb milyardlara yiyələnirsən, get, demokratiyanın qulluğunda dur, onu yaşat, ona yardım et!
Iranla Israil barışmaz düşmənlərdir. Israilin dünyada geniş, güclü lobbi şəbəkəsi, Iranın Azərbaycanda din adına geniş, güclü şpion şəbəkəsi var. Əliyevçi rejim bu iki antoqonist gücdən birdən-birə, bir arada yararlanmağa çalışır. E.Məmmədyarovun Israil görüşləri bu ölkə prezidentinin iki gözlənilməz açıqlaması ilə rejimi quyunun dibinə tulladı:
1. Türkiyə-Israil qarşıdurmasında Azərbaycan Israilin yanında olub;
2. Israil-Iran qarşıdurmasında Azərbaycan Israillə ortaqlıqda bulunur.
Bütün bunların üstündən rejim ideoloqu R.Mehdiyev Iranla bayraqsız… bazar danışıqlarına gedir…