Maraqlıdı ki, təkcə bir azdan yazacağım bənzərliklərlə deyil, həm də üstündən 1954 il keçməyinə baxmayaraq, mövsümlər, az qala aylar belə üst-üstə düşür.
Quldur Varavvanın adı (Bar-abba) dörd Incilin dördündə də xatırlanır. Matveyin incilində (Mf. 27:15-21) göstərilir ki, Pasxa bayramında prokurator xalqın istəyi ilə bir nəfər məhbusu azad edərdi. O pasxada zindanda Varavva adlı bir məhbus vardı. Beləliklə, həmin bayramda xalq yenə toplandı və prokurator Ponti Pilat onlara dedi ki, kimin azad edilməsini istəyirlər: quldur Varavvanın, yoxsa Isanın? Çünki bilirdi ki, Isanın heç bir suçu yoxdu, onu baş kahinlər qısqanclıqdan satıblar. Ancaq baş kahinlər və ağsaqqallar camaatı qızışdırdılar ki, Varavvanın azad edilməsini tələb etsinlər, Isa isə edam edilsin. O zaman prokurator ikinci dəfə soruşdu: hansını azad edim? “Varavva!” – qışqırdılar. O, üçüncü dəfə soruşdu (Luka. 23: 17-25), yenə də Isaya çarmıx, Varavvaya azadlıq tələb etdilər. Onda Pilat məcbur oldu ki, qulduru azadlığa, Isanı çarmıxa göndərsin.
Və bu əfv dediyim kimi, pasxa bayramına təsadüf edirdi.
Maraqlı dediyim budur ki, parlamentin Heydər Əliyevin 90 illiyi münasibətilə millət vəkili Mehriban Əliyevanın təqdim etdiyi Amnistiya Aktı layihəsini qəbul etməsi yenə pasxa bayramının sonuna düşür. Məzmun da eynidi, təxmini nəticə də.
Bu akta əsasən amnistiya 9000 nəfərə şamil edilib. Lakin bu 9000-in içində bir nəfər olsun belə haqq-ədalət, azadlıq savaşçısının adı yoxdu. Hətta birbaşa siyasi səbəblə həbs edilməyən Nigar Yaqublunun adına belə rast gəlmədik.
O zaman baş kahinlər söz sahibiydi. Prokurator onları eşidirdi. Indi qərarı parlament verir. Çağımızın baş kahinləri onlardı. Səsvermə zamanı kimsə ağzını açıb bir kəlmə deməyib. Deməyib ki, bu qədər siyasi məhbusdan heç olmasa birini bu 9000 nəfərin gözünə qatın. Ilyas Ismayılov bunu belə izah edir ki, layihə müzakirə edilməyib. Elə şappadan səsverməyə çıxarıb, yekdilliklə qəbul ediblər. Onların az qala hər biri üçün sevinmək olar. Ancaq bu ölkədə azadlıq, demokratiya istəyən insanlar o qədərmi düşmən sayılırlar ki, bir nəfər müxalifətçinin belə maddəsi bu layihəyə salınmayıb? Layihənin müəllifi qadındı və deməli, heç olmasa, bu qadınlığa görə o, bir qadının (lap düşmən qadın olsun) maddəsini layihəyə saldıra bilməzdimi? Bilərdi. Lakin görünür ki, yenə də dövlət marağı yox, şəxsi və siyasi dividend gətirən maraqlar əsas götürülüb.
Bu layihəni bir yana qoyub Isa zamanına qayıdıb baxışları, idarəetməni incələyəndə görürsən ki, ortaçağ Roması XXI əsrin Azərbaycanından daha demokratik olub. Belə desək, o çağın prezidenti xalqa müraciət edirdi, seçimi onlara buraxırdı. Isanı desəydilər, onu da azad edəcəkdi. Lakin bu gün nəinki xalqa müraciət, heç millət vəkillərinə belə imkan verilməyib ki, öz fikirlərini desinlər.
Bu zehniyyətlə onlar çəkinmədən özlərini XXI əsrin vətəndaşı sayırlar.
Sanki bir siyasi məhbusun azad edilməsi ilə xanimanları uçacaqdı. Görünür, həmişə, hər məsələdə olduğu kimi, yenə də əsas motiv qisasçılıq olub. Pilat vəhşi ortaçağda, az qala quldarlıq dövründə dərk eləmişdi ki, özünü Çar, padşah adlandırmasına baxmayaraq, cani deyil, ondan dövlətə heç bir zərər yoxdu. Sonralar zaman göstərdi ki, gerçəkdən Isanın dövlətə heç bir ziyanı yox imiş, əksinə, bir qədər keçəndən sonra Roma dövləti məhz xristianlığın sayəsində daha da qüdrətləndi. Bu günkülərin təfəkkürü bir prokurator qədər də deyilmiş, zira onları düşündürən dövlət olsaydı, bəlkə onlar da Pilat qədər ola bilərdilər.
Pasxadan az keçmiş Ponti Pilat yuxuda keçindi, Isa isə hələ də sağdı, üstəlik, deyirlər, qayıdacaq da…

İsa qayıdacaq…
•
•