«Bunların iyrənc kampaniyası «ayağı sürüşkən» qadınların üslubunu xatırladır»
Milli.az-ın verdiyi xəbərə görə, Rüstəm Ibrahimbəyov Eldəniz Quliyevə zəng edərək əsəbini gizlədə bilməyib. Belə ki, Rüstəm Ibrahimbəyov telefon danışığında “EL” hərəkatının fəaliyyətindən narazılığını bildirib.
Telefon danışığı zamanı məlum olub ki, bu məsələ ilə bağlı Rüstəm Ibrahimbəyov Eldəniz Quliyevə 100 min dollar məbləğində pul ayırıb. Bunun müqabilində isə “EL” hərəkatı effektli fəaliyyət göstərməyib.
Mənbənin məlumatına görə, Rüstəm Ibrahimbəyov telefon danışığında Eldəniz Quliyevə fəaliyyətini belə davam etdirəcəyi təqdirdə ikinci tranşı ayırmayacağını deyib.
Qazetimizə açıqlama verən “EL” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev bildirdi ki, bu, düşünülmüş şəkildə hakimiyyətin “EL”-ə qarşı, eyni zamanda Milli Şuranın yaranmasına qarşı apardığı riyakar siyasətdir. Bu cür qara piar hakimiyyət dairələrinin ənənəvi üsuluna çevrilib. “Başdan-ayağa iftira, yalan, böhtanla dolu bu sayaq qara piarlar, ”ayağı sürüşkən” qadınların üslubunu xatırladır. Bu cür xəbərləri qəsdən yayanlar, təxribata rəvac verənlər Azərbaycana utanc gətirən insanlardı”- deyə Eldəniz Quliyev bildirdi.
Eldəniz Quliyev Rüstəm Ibrahimbəyovun böyük ziyalı olduğunu dedi: “Məndən çox ona zərbə vurmaq istəyirlər. ”Son günlər “EL” hərəkatına qarşı irimiqyaslı təxribat kampaniyasına start verilib. Hətta bəzi saytlarda yazıblar ki, guya biz vəhhabilərlə məxfi görüş keçirmişik və mən bu haqda müsahibə vermişəm.
Əgər bu məxfi görüş olubsa, mən niyə bu haqda müsahibə verməliyəm? Yəni bu cür hallar göstərir ki, bunlar məntiqsiz, savadsız, iyrənc kampaniya ilə məşğuldular.
Sadəcə olaraq demokratik qüvvələrin birliyinə, əldə olunmuş bəzi razılaşmalara xələl gətirmək, bu birliyə zərbə vurmaq üçün, bu cür idbar üsullardan istifadə edirlər”.
İlham Hüseyn


