Neft Fondu 2018-in pullarını xərcləyir

Böyük neft pullarının gəldiyi dövrdə hökumət niyə əlavə xərcləmələrə gedib?

«Çox xərcləmək çox qazanmaq və daha çox korrupsiya deməkdir»

“Dünya Bankının metodologiyası əsasında aparılan hesablamalar göstərir ki, Dövlət Neft Fondu hazırda 2018-ci ilin vəsaitini xərcləyir. 2013-cü ilin vəsaiti isə 2011-ci ildə xərclənib. Xərclər bu sürətlə davam etsə, neft və qaz gəlirləri 10 ildə tükənə bilər”. Bunu, Ictimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad Ibadoğlu dünən “Azərbaycanda neft gəlirlərinin idarə edilməsinə retrospektiv və perspektiv baxış” mövzusunda keçirilən konfransda belə deyib.
Ekspert qeyd edib ki, dövrü yenilənən nisbi transfertlər vasitəsilə xərcləmələri 9 milyard dollar məbləğində limitləşdirməklə gəlirlərdən istifadə müddətini 15 ilədək artırmaq olar: “Dövlət Neft Fondunun diversifikasiya olunmuş investisiya qoyuluşları, xüsusilə də qızıla qoyuluşlar idarəetmə riskini daha da artırıb. Yeni investisiya siyasəti fondun qarşısında yeni tələblər qoyur”.
Q.Ibadoğlu neft gəlirlərinin xərclənməsininin fiskal qaydalara uyğunlaşdırılmalı olduğunu vurğulayıb: “Neft Fondundan dövlət büdcəsinə transfertlər dövrü yenilənən sabit transfertlər əsasında limitləşdirilməlidir. Qeyri-neft büdcə kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisi yaxın və orta müddətli dövr üçün azalan qaydada aşağı salınmalı və uzunmüddətli dövrdə miinimuma endirilməli, fondun vəsaitlərinin idarə olunması zamanı yığım və istehlak arasında optimal balans yaradılmalı, vəsaitlərin gələcək nəsillər üçün saxlanması və nəsillərarası ədalətli bölgüsü təmin edilməli, fondun büdcəsindən sosial, infrastruktur və investisiya layihələrinin birbaşa maliyyələşdirilməsi praktikasına son qoyulmalıdır”.
Q.Ibadoğlu bildirib ki, Neft Fondunun Müşahidə Şurasında ictimai təşkilatların nümayəndələri təmsil olunmalı və Hesablama Palatasının Neft Fondunun büdcəsinin layihəsinə dair rəy verməsi təmin edilməlidir. Ekspert neft gəlirlərinin idarə olunmasının tənzimlənməsi üçün təkliflər də verib: “Daimi dəyişməz gəlirlər (Dünya Bankının dövrü olaraq sabit xərcləmə prinsipi ilə orta illik 5,9 milyard dollar xərcləmə); Nisbi dəyişən transfertlər (Norveç təcrübəsi, idarəetmədən əldə edilən gəlirlərin 4 faizinə qədər məhdudiyyət); Sabit bazaya və dəyişən göstəricilərə əsaslanan transfert tənzimlənməsi (Qazaxıstan təcrübəsi, 8 milyard dollar +,- 15 faiz); Dövrü yenilənən nisbi transfertlər (cari maliyyə ili, 5 ötən və 5 sonrakı ilin orta gəlir səviyyəsinin 75%-i həcmində gəlirlər büdcəyə transfert olunur, bu halda 2013-cü il üçün xərcləmələr 9 milyard manat səviyyəsində məhdudlaşdırılmalıdır);
Neft gəlirlərini xərclənməsi səviyyəsinin qeyri-neft sektorunun artım tempi ilə uzlaşdırılması”.
“Azadlıq”a açıqlamasında Q.Ibadoğlu ölkəyə böyük neft pullarının gəldiyi bir vaxtda Neft Fondunun niyə 2018-ci ilin vəsaitini xərclədiyinə aydınlıq gətirib: “Korrupsiya və monopoliyaya görə iqtisadiyyatda əlavə gəlir yaradan sahələr demək olar ki, iflasa uğrayıb. Yeganə gəlir gətirən mənbə neft və qaz sektorudur. Bu sektorda da biznesin təşkili və idarəsi demək olar ki, Azərbaycan hökumətindən asılı deyil. Bu, daha çox Azərbaycanda neft hasilatı ilə məşğul olan şirkətlərdən asılıdır. Həm siyasi hakimiyyətin, həm saxta seçki ilə formalaşan parlamentin bu prosesdə iştirak etməməsi səbəbindən neft gəlirlərinin xərclənməsi ilə bağlı heç bir çərçivə müəyyənləşdirilməyib. Yəni burada heç bir limit, heç bir qayda və mexanizm yoxdur. Olanlar da işləmir. Bu baxımdan da siyasi hakimiyyət necə, hara, nə qədər xərcləmək məsələsini fərdi qaydada müəyyən edir. Ikinci səbəb odur ki, Dövlət Neft Fondunun Müşahidə Şurası formal xarakter daşıyır. Bu Şura Neft Fondunun idarə olunmasında, fəaliyyətinin tənzimlənməsində heç bir təsiredici imkana malik deyil. Üçüncü səbəb də odur ki, çox xərcləmək həm də çox qazanmaq və daha çox korrupsiya deməkdir. Ona görə də xərcləməyə maraq daha çoxdur, nəinki onu yığıb saxlamağa”.

Gültəkin