Koordinasiya Şurası bir sıra ciddi qərarlar verdi
Mayın 8-də İctimai Palatanın Koordinasiya Şurasının növəbti iclası keçirilib. Koordinasiya Şurasının dönəm sədri, AXCP lideri Əli Kərimlinin “Azadlıq”a verdiyi məlumata görə, iclasda demokratik qüvvələrin Milli Şurasının yaradılmasıyla bağlı məsələlər müzakirə olunub: “İctimai Palatanın Koordinasiya Şurası ölkənin müxalifət qüvvələrinin konsolidasiyasına öz mənəvi və siyasi dəstəyini bir daha ifadə etdi. Prosesin uğurla davam etdirilməli olduğunu bildirdi”
Koordinasiya Şurası 30 aprel ADNA terrorunun qurbanlarını anım aksiyaysına görə gənclərin həbs olunmasını da müzakirə edib. “Əbülfəz Qurbanlı, Turqut Qəmbər və İlkin Rüstəmzadə inzabati həbs olunublar. İnzibati həbsdə olarkən gənclərə qarşı qeyri-qanuni münasibət sərgilənib. Onlara yemək verilməyə mane olublar, vəkilləri ilə görüşməyə imkan verməyiblər, hətta onların öz iradəsinə zidd olaraq başlarını qırxıblar. Biz bunu həmin gənclərə qarşı işgəncə kimi qiymətləndirdik. Azərbaycan hakimiyyətini bu kimi mənəviyyatsız hərəkətlərdən çəkinməyə çağırırıq”, – deyə Ə.Kərimli bildirib.
İclasda Milli Məclisin qəbul etdiyi son amnistiya aktına da münasibət bildirilib. Koordinasiya Şurası təəssüflə qeyd edib ki, Azərbaycan hakimiyyəti bu qərarı verəndə də siyası məqsədlər güdüb. “Məqsədyönlü şəkildə Amnistiya qərarı elə hazırlanıb ki, ictimai, siyasi fəaliyyətinə görə həbs olunmuş insanların heç biri amnistiyadan faydalana bilməsin. Ona görə də biz hesab edirik ki, bu akt humanist aksiyasından daha çox bir piar aksiyasıdır. Ölkənin müxalifət kəsiminə, demokratik düşərgəyə qarşı ayrıseçkiliyi ifadə edir” – deyə AXCP lideri mövqelərini izah edib.
İclasda Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Aslan İsmayılovun kollegiya üzvlüyündən çıxarılmasına da toxunulub. Ə.Kərimli deyib ki, Koordinasiya Şurası bu addımı qəti şəkildə pisləyir: “İctimai Palatanın Koordinasiya Şurası bəyan edir ki, bu, təsadüfi deyil. İndiyə qədər də müstəqil fikirli vəkilləri kollegiya cəzalandırıb. Bu da onu göstərir ki, Vəkillər Kollegiyası müstəqil qurum olmaqdan çıxıb. Ölkədəki rejimin repressiya aparatının bir vintinə çevrilib. Ona görə də müxalifət fəallarını müdafiə, öz mövqeyini açıq ifadə edən, ictimai-siyasi proseslərdə rol alan vəkillərə qarşı mütəmadi olaraq belə qərarlar qəbul edilir. Biz bunu qəti şəkildə pisləyirik”.
İctimai Palatanın özünü buraxacağı ilə bağlı mətbuatda yayılan məlumatların tamamilə əsassız olduğunu deyən Ə.Kərimli iclasda qurumun növbəti tədbirləriylə bağlı fikir mübadiləsi aparıldığını da əlavə edib: “Koordinasiya Şurası növbəti addımlarını planlaşdırdı. Mayın 15-də saat 14:00-da Azərbaycan rəhbərlərinin iştirak etdiyi “Kojeni qalmaqalı” ilə bağlı növbəti ictimai dinləmə təşkil olunacaq. Vətəndaş cəmiyyətinin, partiyların, mütəxəsislərin iştirakı ilə Azərbaycan hakimiyyətinin prosesdəki rolu müzakirə ediləcək. Gələn həftənin sonunda – 18 mayda isə İctimai Palatının növbəti sesisyası keçiriləcək”.
Ramin DEKO