Aslan İsmayılovu vəkillikdən məhrum etdilər

“Tezliklə qərara dəyişiklik olmasa, demək ki, prezidentin də xeyir-duası var”

Tanınmış hüquqşünas Aslan İsmayılov Vəkillər Kollegiyasından xaric edildi. Bu barədə qərar bu gün Kollegiyanın iclasında qəbul edilib. A.İsmayılov “Azadlıq”a açıqlamasında bildirib ki, o, faktiki olaraq Vəkillər Kollegiyasından uzaqlaşdırılıb, amma bu barədə son qərarı məhkəmə verəcək. Məhkəməyə qədər isə A.İsmayılov vəkillik fəaliyyəti ilə məşğul ola bilməz: “Kollegiyanın qərarı belə oldu ki, vəkillik fəaliyyətim dərhal dayandırılsın və vəkillikdən xaric edilməyim üçün məhkəməyə müraciət olunsun. Məhkəməyə nə vaxt müraciət edəcəkləri bəlli deyil. Bu, bir ay da çəkə bilər, beş ay da, bir il də. Fakt odur ki, həmin qərara qədər mən vəkil kimi fəaliyyət göstərə bilmərəm. İntizam Komissiyasının rəyində yazılanları əsas götürsələr, məni nəinki vəkillikdən xaric etməli, hətta dar ağacından asmalıdılar. Sadəcə olaraq deməyə sözüm yoxdur. O rəydən belə çıxır ki, Azərbaycanda vəkilliyə mənim qədər xələl gətirən ikinci bir adam yoxdur. Guya mən vəkil etikasını, qanunları pozmuşam, Kollegiyaya hörmətsizlik etmişəm. Hakimin otağında xuliqanlıq etmişəm, az qala, hakimi döymüşəm, təhqir etmişəm, zorla otağına girmişəm və s. Bunun bircə adı var – həyasızlıq”.
A.İsmayılov bu qərarın onun ictimai faəliyyəti ilə bağlı olduğunu deyir: “Mən heç vaxt heç bir qanun pozuntusuna yol verməmişəm, heç buna yaxın addım atmamışam. Bu, son dövrlər mənim hakimiyyəti, məhkəmə sistemindəki korrupsiyanı, rüşvətxorluğu, hüquq-mühafizə orqanlarının yararsız fəaliyyətini kəskin tənqid etməyimlə bağlıdır. Mənim bu qərara qarşı heç bir addımım olmayacaq. Hesab edirəm ki,  mənə qarşı atılan addımdan ölkə rəhbərliyinin də xəbəri var. Ən azı, Ramiz Mehdiyev bunu bilir. Tezliklə qərara hər hansı dəyişiklik olmasa, demək ki, bu işdə prezidentin də xeyir-duası var”.

Gültəkin