Qubad İbadoğlu: «Bu cür idarəetmə ilə problemləri 50 ilə də həll etmək mümkün deyil»
Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi məqsədilə Avropa Birliyinin maliyyələşdirdiyi “Avropa Qonşuluğu Barometri” layihəsi çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında Azərbaycanda 1000 respondent arasında sorğu keçirilib. Guya rəyi soruşulanların böyük əksəriyyəti (92 faiz) öz hökumətinə və parlamentə (68 faiz) inanır. Həmçinin, respondentlər ölkələrinin inkişaf istiqamətindən razıdırlar: rəyi soruşulanların 69 faizi iqtisadi vəziyyətin yaxşı olduğunu hesab edir, 60 faiz isə ölkədə gedən demokratik proseslərin nəticələrindən razıdır.
Eyni zamanda Ilham Əliyev də Qobustan səfərində 2018-ci ilə qədər Azərbaycanda problemin qalmayacağını söyləmişdi.
Görəsən minimum əmək haqqının, minimum yaşayış normasını ödəmədiyi ölkədə vətəndaşın iqtisadi vəziyyətdən razı olması, həyatı dövlət idarələrində süründürməçiliklə keçən insanların hökumətdən razı qalması, 20 ildir həll edilməyən problemlərin 5 ilə həll olması nə qədər reallığı əks etdirir? Bu sorğunun nəticəsi və ölkə başçısının 2018-ci il iddiası xalqa yalan “hədiyyə” etmək deyilmi?
Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu öncə vurğuladı ki, bu sorğu həqiqəti əks etdirmir və respondentlərin cavabları müəyyən məqsədlər üçün dəyişidirilə də bilər. “Doğurdan da real, şəffaf sorğu keçirilsə, məlum olacaq ki, əhalinin böyük əksəriyyəti hökumət nümayəndələrini tanımır. Belə olan halda hakimiyyətə etimaddan söhbət gedə bilməz. Hakimiyyətin strukturu və siyasəti elə qurulub ki, onun idarəetməsindən razı olmaq mümükün deyil”- deyə Qubad Ibadoğlu bildirdi.
Əhalinin ölkədəki iqtisadi vəziyyətdən razı qalmasına gəlincə, ekspert bildirdi ki, ölkədə iqtisadiyyatın liberallaşması, şaxələnməsi problemi var. “Təhlilər onu göstərir ki, iqtisadiyyatda davamlı və dayanıqlı reformalara ehtiyac var. Azərbaycan iqtisadiyyatı 2006-ci ildə 34,5 faizlik artıma məruz qalıb. 2011-ci ilin yekunlarına görə, cəmi 0,1% artım oldu. Iqtisadiyyatda 5 ildə 350 dəfə azalma müşahidə olunub. Bu təhlükəli fakt dünyanın heç bir yerində müşahidə olunmayıb. Ötən il üçün isə 2,2 faiz iqtisadi artım olub. Bu rəqəmlər onu göstərir ki, Azərbaycan iqtisadiyyatında davamlı artım yoxdur”.
Qubad Ibadoğlu Ilham Əliyevin 2018-ci il vədinə də münasibət bildirdi: “Əvvəlla bu istiqamətdə yanlış siyasət yürüdülür. Infrastruktur layihələri başlamazdan əvvəl, yolların tikintisinə start verildi. Layihəyənin vahid və kompleks planı olmadığı üçün, bir tikinti şirkəti tikərkən digər tikinti şirkəti sökməklə məşğul oldu. Bu sahəyə milyardlarla pul ayrılır. Ancaq kənar xərcləmələr, korrupsiya faktları və səmərəsiz xərcləmələr bu sahədəki problemlərin azalmasına imkan vermir. Ona görə də mən tam əminliklə deyə bilərəm ki, infrastrukturla bağlı və başqa problemlər nəinki 5 ilə, hətta 50 ilə də həll oluna bilməz”.
İlham Hüseyn