ADNA terrorunun qurbanlarını andıqları üçün həbs edilən gənclərlə bağlı işgəncə xəbərləri gəlir.
Yemək-içmək vermirlər. Qəzet-kitabdan məhrum ediblər.
Həqarət, təhqir də öz yerində.
Hə, bir də başlarını qırxıblar – öz aləmlərində bununla onları aşağıladıqlarını sanırlar.
Amma fərqində deyillər: bir baş üçün ən böyük həqarət onu Şərin önündə əyə bilməkdir.
Düşünməkdən məhrum edə bilməkdir.
O gənclər başı dik yürüməyə, düşünməyə, sorğulamağa, hesab istəməyə davam etdikləri müddətcə həqarət, aşağılama adına əlinizdən gələni beş qaba çəksəniz, nə mənası, nə faydası?!
Əslində istəkləri yalnız aşağılamaq olmasın gərək.
Əsl səbəb o gənclərin başından qorxudur.
Qorxurlar – çünki onların beyni, ağlı sayəsində işlərin hər zaman belə getməyəcəyinin fərqindədirlər.
Aydınlıq günlərə dair ümidlərin qalacağının fərqindədirlər.
Toplumu öz iradələrinə təslim edə bilməyəcəklərinin fərqindədirlər.
O gənclərin başından qorxduqları qədər də nifrət edirlər – önə əyə bilmədikləri üçün. Öz yalanları ilə doldura bilmədikləri üçün.
Inanın, əlacları olsa o başları bədənindən qopararlar. Odur ki, o başları qırxmaqla ürəklərini, qəzəblərini soyudurlar.
Azərbaycanın son illər tarixində heç vaxt ölkə həbsxanalarına siyasi səbəblərlə, siyasi sifarişlə, şərləmələrlə bu qədər gənc insan doldurulmayıb.
Heç vaxt bu qədər gənc eyni vaxtda dəmir barmaqlıqlar ardına atılmayıb.
Onların əzmi, enerjisi, ağlı qarşısında əlacsızlığın nəticəsidir bu. Çarəsizliyin, əndişənin nəticəsidir.
Onların timsalında bu ölkənin gələcəyində özlərinə yer olmadığını görürlər, qəzəblənirlər.
Bilirlər – o gənclərin başını əzmədikcə gözlərinə yuxu haramdır.
O gənclərin başı önə əyilmədikcə, məmləkəti qəbiristanlıq sükutuna qərq etməyi bacarmayacaqlarının, qurdla qiyamətə qalmayacaqlarının fərqindədirlər.
O gənclər başı dik dayandıqca, qurduqları şər xanimanının təntənəsini yaşaya bilməyəcəklərini anlayırlar.
Qınamayın onları.
Onlara acıyın. Çoxlu, çoxlu acıyın, çoxlu pulları qədər!
Sirus Təbrizli üçün kiçik not
Azərbaycanda Əliyevçiliyin təntənəsini quranlardan biri Sirus Təbrizli müsahibə verib, deyib: “Nəyə görə parlamentdə Heydər Əliyevə sui-qəsd hazırlayan adam oturub”.
Əcəb məntiqdir. Guya Heydər Əliyevi sevmək və sevməmək parlamentdə oturmaq üçün səbəb verir?
Guya nə vaxtsa Heydər Əliyevə qarşı olmusansa, heç vaxt parlamentdə otura bilməzsən?
Ya da həmişə Heydər Əliyevin yanında olmusansa, bu sənə ömürlük parlamentdə oturmaq haqqı verir?
Sirus müəllim və bu cür düşünən hər kəsin üsyanı başqa şeyə olmalıdır:
– niyə bu ölkənin parlamentində xalqın səsini almayanlar oturur?
– niyə bu ölkənin parlamenti seçkili yox, təyinatlıdır?
Parlamentdə oturmağı Heydər Əliyevə sevgi və nifrətlə ölçən bir təfəkkürün “prezidentdən keçən siyahını pozduran” zehniyyətdən əsla və əsla fərqi yoxdur.
Çaplinin qızına məktubu
“Hər küncdə yoxsul adamlar görə bilərsən, təki sən görmək istə! Mən bu şeytanın insanın ağlını başından necə aldığını bildiyim üçün puldan danışıram. Uzun müddət sirkdə işləmişəm, ip üstündəki kəndirbazlara qorxu ilə baxmışam. Bil ki, əziz qızım, insanın ayağının sürüşməsiylə yerə dəyməyi kəndirbazların o ipdə sürüşməyindən daha asandır. Sən bu gecə brilyantın cazibəsinə aldana, istər-istəməz yerə dəyə bilərsən. Gün gələr, bir şahzadənin üzü səni əsir alar. Bax, o gündən sonra sən artıq təcrübəsiz kəndirbaz olacaqsan. Ip isə həmişə təcrübəsizlərə xəyanət edir. Heç vaxt qızıl və daş-qaşlara görə ürəyini satma. Unutma ki, ən böyük brilyant günəşdir və bəxtimizdən də günəş hamımızı bərabər işıqlandırır”.
Dünən Arif Rəhimzadə “Gülər parlamenti”ndə Heydər Əliyevdən danışıb ağlayanda mən də dahi Çarli Çaplinin çox sevdiyim “Qızıma məktub”undan bu parçanı növbəti dəfə oxuyub duyğulanmışdım.
Zatən onu oxuyub, anlayanlar hansısa “dahi rəhbər” üçün ağlamaz.
Mənə elə gəlir. Bilmirəm, bəlkə də yanılıram.
Çünki bu, sıradan bir məktub deyil. Bu, dərslikdir, həyat və insanlığa aid dərslik.
Axtarın tapın onu, oxuyun, övladlarınıza da oxutdurun.

O başlara nifrətin səbəbi
•
•