Görünür, semiotikanın həyatın hər sahəsində tətbiqi, hər addımda qarşımıza çıxan izlərin arasında məntiqi bağ olması söhbəti qətiyyən uydurma, hansısa təxəyyülün məhsulu deyil, az qala gerçəyin özü imiş. Işarələr kifayət qədərdi. Sadəcə, bu işarələr arasında əlaqəni və çatdırmaq istədiyi mənanı oxuya bilmək lazımdı.
Bakı şəhərinin Füzuli küçəsi-39 ünvanındakı sürüşdürülən, “Hacıniskinin evi” kimi tanınan tarixi binanın sakinləri binada çatların yaranması ilə bağlı məlumat verib. Bu tikili təkcə tarixi bina deyil, məzmunca tarixin özüdü. Sürüşdürülən də bina deyil, tarix idi. Indi Azərbaycanda tarix üskük oyunundakı üsküklərə oxşayır. Müstəvidən ayırmadan yerləri elə dəyişirsən ki, həqiqətin harda, hansı üsküyün altında olduğunu bilmək müşkülə çevrilir və nəticədə oyunu üskük sahibi aparır. Bu oyunun bir adı var – qumar; həm dinin, həm qanunun yasaq elədiyi bir oyun.
Ilham Əliyevin ayağına yazılan bir kəlam var, yol-bərədə çox yerdə görmək olar: “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir”. “Müasir Azərbaycan” deyəndə 1994-cü ildən üzü bəri nəzərdə tutulursa, bəli, oğul Əliyev haqlıdı. Indi içində boğulduğumuz bu Azərbaycanın şəriksiz müəllifi ata Əliyevdi. Yox, müasirlik 20 illik zamanla deyil, heç olmasa dörd il artıq və sözün məcazi mənasında deyil, birbaşa mənasında götürülərsə, onda o müəllifin adı Azərbaycan Xalq Hərəkatı və onun lideri Elçibəydi. Əgər söhbət köklü-köməcli müasir Azərbaycandan gedirsə, onda o müəllif M.Ə.Rəsulzadə və onun tarixi yol yoldaşılarıdı.
Gördüyümüz kimi, tarixi bu cür sürüşdürürlər. Sürüşdürülən bina tarixin hər addımda necə sürüşdürüldüyünü, yer dəyişməsini semiotik şəkildə işarə edir.
Sürüşdürülən tarix gec-tez çat verir.
Hər gün sürüşən Azərbaycan torpaqları da təbiətin bu qoca tarixin sürüşdürülməsinə cavabıdı.
“Azadlıq” meydanı öz tarixi adından “Avtopark” adına köçürüləndə eyni görsəniş və işarələr üzə çıxdı – meydan çökdü.
Bu yaxınlarda Səfər Əbiyev də belə bir sürüşdürmə apardı. Hər iki gündən bir valideynləri övlad tabutuyla təmin edən nazirliyin birinci adamı iki sürüşdürmə həyata keçirdi: 1) “Heydər Əliyevin apardığı düşünülmüş, uzaqgörən siyasət nəticəsində əvvəllər Sovet Ittifaqına məxsus bütün silah-sursat, hərbi texnika, təsərrüfat əmlakı və texniki qurğular Azərbaycanın sərəncamına keçmiş” və 2) “Naxçıvan ilə Türkiyə Respublikası arasında Ümid körpüsü tikilib istifadəyə verildi”.
Əbiyev oynadığı “üskük oyununda” bu iki üskükdən istifadə elədi. Ancaq kimi-kimi, tarixi aldatmaq heç mümkün deyil. Hər iki hadisənin Əbülfəz bəyin hakimiyyəti dönəmində həyata keçirildiyini yalnız körpələr bilmir.
Məlumata görə, sözügedən bina sürüşdürülərkən divarları bərkitmək və uçmaqdan qorumaq üçün pərçimlənmiş metal konstruksiyalar hələ də sökülməyib. Əsil çat fəlakəti qurğular söküləndən sonra üzə çıxacaq. Indiki hakimiyyəti də hələ ki, tam dağılmaqdan qoruyan tarixi sürüşdürərkən pərçimlənmiş siyasi konstruksiyaların sökülməməsidi. Zaman isə bütün köhnə konstruksiyalarla vidalaşmaq mərhələsinə qədəm qoyub.
Yeri gəlmişkən, sürüşdürülən o tarixi binanın, o tarixin neçəyə başa gəldiyini öyrənmək üçün Quqlda axtarış verdim. Alınan nəticələrdə elə bir məlumat dəymədi gözümə. Əvəzində isə, 0,27 saniyəyə 80 nəticə: “Azərbaycanda ölmək neçəyə başa gəlir?”.
Tarixi sürüşdürməyin, öz adına keçirməyin qiyməti isə manatla ifadə edilə bilməz. Tarix daşınmaz əmlak deyil və onu heç bir sənədlə öz adına keçirmək olmaz. Buna cəhddə xərclənəcək nominalın bir adı var: Dövlət. Bizdə: Azərbaycan!..

Tarixi çatladanlar
•
•