hesen kerimov1

«Əli Kərimli müxalifətdə ən real şansı olan namizəddir»

hesen kerimov1«İlham Əliyevin demokratiya ilə bağlı bəyanatları  beynəlxalq təşkilatları aldatmağa və seçkiyə yönəlib»

Həsən Kərimov: «Regionlarda müxalifətçilərə hücum birbaşa Prezident Administrasiyasından idarə olunur»

Dövlət başçısı Ilham Əliyev maraqlı açıqlama ilə çıxış edib. Hazırda ölkədə baş verənlərin, insan haqlarının kobud şəkildə pozulmasının fonunda I.Əliyev vurğulayıb ki, demokratiya hakimiyyət üçün əsas prioritetdir. Onu da qeyd edək ki, elə bir neçə gün qabaq AXCP-nin Şəkidə keçirmək istədiyi tədbir polis zorakılığı nəticəsində yarıda qaldı. Cəbhəçilərin şəxsi evdə toplaşması belə polisi müdaxilədən çəkindirməyib. Müsahibimiz AXCP Ali Məclisinin sədri Həsən Kərimovdur. H.Kərimova ilk sualımız elə I.Əliyevin səsləndirdiyi bəyanatla bağlı oldu.

– Təsadüfi deyil ki, Ilham Əliyev ölkədə azad sözü boğduğuna görə beynəlxalq aləmdə “mətbuat yırtıcısı” adını alıb. Son vaxtlar AXCP-nin nəinki ofislərdə, şəxsi mənzillərdə keçirməyə çalışdığı tədbirlərə belə imkan verilmir. Müsavat başqanının müavini Tofiq Yaqublunun, ReAl-ın təsisçilərindən olan Ilqar Məmmədovun, jurnalist Əvəz Zeynallının həbs olunması, inanclı insanlara qarşı hücumlar onu göstərir ki, hakimiyyət yürütdüyü siyasətdən əl çəkmək niyyətində deyil. Ilham Əliyev bu cür bəyanatları ilə Azərbaycanda demokratik islahatların getməsi barədə beynəlxalq aləmdə fikir formalaşdırmağa çalışır. Bunların heç biri reallığı əks etdirən bəyanatlar deyil. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir, söz və mətbuat azadlığı sahəsində durum hər ötən il daha da pisləşir. Rayonlarda müxalifət partiyalarının qərargahla təmini məsələsi problemli olaraq qalır. Neçə ildir ki, AXCP mərkəzi ofisi olmadan fəaliyyət göstərir. Bundan başqa, partiyamızın sədrinə xarici pasportun verilməməsi davam etməkdədir. Belə faktların olduğu ölkədə Ilham Əliyevin bu cür açıqlama ilə çıxış etməsi sadəcə olaraq absurddur və seçki öncəsi çaşdırıcı mövqedir. Bu addım daha çox beynəlxalq təşkilatlardan dəstək alınmasına yönəlib.

“İnanclı kəsim də reallıqları anlayır”

– Hazırda cəmiyyətin diqqətində olan məsələlərdən biri demokratik düşərgə daxilində gedən proseslərdir. Həbsdə olan ruhani Abgül Süleymanov vurğulayıb ki, əgər müxalifət vahid namizəd ətrafında birləşərsə, o zaman islamçıların dəstəyinə əmin ola bilərlər. Bu mövqeyi necə qiymətləndirirsiniz?
– Bu açıqlamanı çox yüksək dəyərləndirirəm. AXCP rejimin dəyişdirilməsi istiqamətində apardığı çabalar göstərir ki, toplumun hazırda birliyə böyük ehtiyacı var. Müxalifətin böyük koalisiyada birləşərək, vahid komanda şəkilində vahid namizədi irəli sürməsi artıq bir sosial sifarişdir. Inanclı kəsim də yaxşı başa düşür ki, Azərbaycanda birlik olarsa, bütövlükdə Xalq Hərəkatı baş verə bilər. Onlar da bizimlə eyni ölkədə yaşayırlar və ölkə reallıqlarını gözəl anlayırlar. Bilirlər ki, bütün müxalifətin dəstəklədiyi namizəd seçkidə uğur qazana bilər.

– Hakimiyyətin təzyiqləri nəticəsində AXCP-nin Ağstafa rayon təşkilatı tədbirini Gürcüstanda keçirməli oldu. Bundan başqa, Müsavat Partiyası da qurultayını məhz Gürcüstanda keçirmək niyyəti var. Bütün bu təzyiqlərinin göz önündə olmasına baxmayaraq, Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevÿbu barədə məlumatı olmadığını bəyan edərək, müxalifətin söylədiklərini yalan adlandırır. Sizcə, hakimiyyətin bu mövqeyi ölkənin imicinə mənfi təsir etmirmi?
– Hakimiyyət yalanlarını yenə də sürdürmək istəmirsə, Zeynal Nağdəliyev açıq etiraf etməlidir ki, müxalifətin əyalətlərdə aksiyalarına imkan verilmir. Bir neçə gün əvvəl Şəkidə baş verən olaylar və buna oxşar digər rayonlarda yaşananlar birbaşa icra hakimiyyətlərinin vasitəsilə edilib. Zeynal Nağdəliyev Prezident Administirasiyasında icra başçılarına birbaşa göstəriş verən adamdır. Azərbaycan xalqını və beynəlxalq təşkilatları aldatmaq lazım deyil. AXCP Ağstafa rayon şöbəsi görüş üçün dəfələrlə icra hakimiyyətinə müraciət etməsinə baxmayaraq tədbirin keçirilməsinə şərait yaradılmayıb. Nəticə Ağstafa cəbhəçiləri qonşu Gürcüstan ərazisində müşavirə keçirməyə məcbur olublar. Azərbaycanda insan haqlarının bu şəkildə pozulması ölkəyə başucalığı gətirmir. Əksinə, biz mütərəqqi məsələlərdə Gürcüstandan nümunələr götürməliyik. Hakimiyyət Ermənistanda seçkilərin saxtalaşdırılmasından və müxalifətə qarşı zor tətbiq olunmasından danışır. Nəyə görə Azərbaycan reallıqları eyni gözlə işıqlandırılmır? Hakimiyyət AXCP və onun sədri Əli Kərimliyə qarşı törətdiyi əməllərin xronologiyasına diqqət yetirsin. Xalq Cəbhəsi 2006-ci ildən qərargahsızdır, partiyanın öndə gedən funksionerləri hədəfdədir. Görün vəziyyət nə yerə çatıb ki, Sabirabadda çayxanaların rəhbərliyinə tapşırılıb ki, cəbhəçiləri içəri buraxmasınlar və ya dövlət aparatında çalışanlardan kim cəhbhəçilərə salam versə, işdən azad ediləcək. Bütün bu məsələlər birbaşa Prezident Administrasiyasından idarə olunan məsələlərdir və Nağdəliyev bu faktları etiraf etməlidir. Faktlarla danışsaq, daha yaxşı olardı.

“Hər kəs iddialarından geri çəkilməyi bacarmalıdır”

– AXCP sədri tərəfdarları qarşısında çıxış edərək müxalifət liderlərini milli maraqlar naminə ambisiyalarından geri durmağa çağırdı. Əli Kərimli bildirdi ki, onlar da tərəfdarları qarşısında milli maraqları hər şeydən üstün tutduqlarını bəyan etməlidirlər. Oxşar münasibəti digər siyasi liderlərdən də görürsünüzmü?
– Təbii ki, hər bir partiya funksioneri öz siyasi liderinin vahid namizəd olmasını və məhz onun irəlidə getməsini istəyir. Amma hazırda bir reallıqla da razılaşmaq lazımdır ki, hazırda sosial şəbəkələrdə keçirilən sorğular, ictimaiyyətdən gələn istəklər onu göstərir ki, Əli Kərimli hazırda müxalifət daxilində ən real şansı olan namizəddir. Əli Kərimli bitərəflər arasında da böyük nüfuza sahibdir və görüşlərdə tez-tez soruşulan suallardan biri də AXCP sədrinin nə zaman namizədliyini irəli sürəcəyi ilə bağlıdır. Amma Əli Kərimli dəfələrlə bəyan edib ki, müxalifətin daha geniş inteqrasiyasına nail olunmalıdır. AXCP sədri müxalifətin geniş birliyinin onun namizədliyini irəli sürəcəyi təqdirdə bu yükü üzərinə götürməyə hazır olduğunu bəyan edib. Əli Kərimli onu da bildirib ki, əgər ondan daha şanslı namizəd meydanda olarsa, o iddialarından geri çəkilməyə hazırdır. Ümumiyyətlə, bütün müxalifət liderləri öz iddialarından milli maraqlar naminə geri çəkilməyi bacarmalıdır. Təəssüf ki, hələ digər partiyalar oxşar bəyanatlarla çıxış etməyiblər. Milli maraqlar, rejimin dəyişməsi naminə hər kəs iddialarından geri çəkilməyi bacarmalıdır.

– AXCP sədri Əli Kərimli hələ prezidentliyə namizədliyini irəli sürməyib. Bu yubanmanın səbəbi müxalifətin geniş koalisiyasına nail olunması cəhdləri ilə bağlıdırmı?
– Hazırda Milli Şuranın yaradılması istiqamətində müzakirələr gedir. Bu müzakirələrdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər və “EL” Hərəkatının rəhbəri Eldar Namazov iştirak edir. Siyasi liderlərin açıqlamaları göstərir ki, Milli Şuranın yaradılması istiqamətində bu yaxınlarda ciddi addım atılacaq. Biz məhz geniş birliyin yaradılmasını gözləyirik. Ondan sonra vahid namizəd məsələsi müzakirəyə çıxarıla bilər. Milli Şura yaradıldıqdan sonra bu qərar veriləcəkdir.

Hakimiyyətin narahatlığı təsadüfi deyil

– Hakimiyyət təmsilçisi Rəbiyyət Aslanova bildirib ki, beynəlxalq təşkilatlar sanki bütün dövlətləri bir kənara qoyaraq, Azərbaycanı diqqət mərkəzində saxlayırlar. Bütün bunlar isə Azərbaycanın beynəlxalq aləmin diqqətinə gəldiyi anlamına gəlir. Belə görünür ki, hakimiyyət budəfəki seçkinin əvvəlki kimi saxtalaşdırmağın asan olmayacağını bildiyindən qabaqlayıcı addımlar atmağa çalışır?
– Artıq dünyanın düzəni dəyişib və Rəbiyyət Aslanova bu hakimiyyətin təmsilçisi kimi danışmağa məcburdur. Azərbaycan hakimiyyətinin törətdiyi əməllər dünya birliyinə yaxşı məlumdur. ABŞ-ın, Avropa Birliyinin, Avropa Şurasının diktatorlara ünvanlanan mesajlarından açıq görünür ki, Azərbaycandakı budəfəki seçkilər tam fərqli atmosferdə keçəcək. Ona görə dünyanın aparıcı mətbuat orqanlarında Əliyevlər ailəsi haqqında verilən şok məlumatlar göstərir ki, Azərbaycana diqqət artıb. Rəbiyyət Aslanovanın, hakimiyyətin narahatlığı da bundan irəli gəlir. Hakimiyyət ölkə reallıqlarını, demokratiyanı necə boğduğunu və beynəlxalq təşkilatların iqtidardan nələri tələb etməsini gözəl bilir. Dünaynın aparıcı dövlətlərinin 2013-cü ildə Azərbaycana diqqətini artırması, normal seçki tələb etməsi gözlənilən idi. Rəbiyyət Aslanova bilir ki, ölkədə normal seçki keçirilsə, mətbuat azadlığı təmin edilsə, Seçki Məcəlləsinə mütərəqqi dəyişliklər əlavə olunsa, hazırkı hakimiyyət bir gün belə davam etməz və müxalifət lideri qələbə qazanar. Bundan başqa, real dəyişikliklər edilməsə, Ilham Əliyev yenə saxta yolla özünü prezident seçdirmək istəsə, dünya birliyi bu seçkilərin nəticələrin tanımayacaq.

– Ictimai Palatanın kütləvi aksiyalarla bağlı planları nədən ibarətdir? Bu aksiyaların əsas nüvəsi olan AXCP mitinqlərə nə dərəcədə hazırdır?
– Ictimai Palatanın bü istiqamətdə qərarları var. AXCP hər zaman kütləvi aksiyaların keçirilməsinə hazırdır. Partiyamızda mütəmadi olaraq keçirilən tədbirlər mitinqlərə hazırlıq səviyyəsi də nəzərdən keçirilir. Sadəcə olaraq seçki ilində belə aksiyaların keçirilməsi üçün müvafiq yerlərin ayrılmaması narahatlıq doğurur. Ictimai Palata ölkədəki vəziyyətə baxmayaraq mitinq qərarını nə zaman verərsə, AXCP onu reallaşdırmağa hazırdır. Mitinqlərə hazırlıq partiyanın həmişə gündəmindədir.

Xəyal