Elşad Abdullayevdən yeni səs yazıları

Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsi yeni səs yazılarının bir çox qaranlıq məqamlara aydınlıq gətirəcəyini bildirir

Fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev yeni səs yazıları təqdim edib.  “Azadlıq TV”-nin yaydığı məlumata görə, Mahir Abdullayevin işi ilə bağlı həbs edilən iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalov mediaya həqiqətə uyğun olmayan açıqlamalar verir. Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsi yeni səs yazılarının bir çox qaranlıq məqamlara aydınlıq gətirəcəyini bildirir.
Səs yazısında A.Kazımov M.Abdullayevi azad etmək üçün E.Abdullayevdən götürdüyü 1 milyon beş yüz min manatın əvəzində torpaq sahəsi təklif edir.
Səs yazısından belə başa düşülür ki, Elşad Abdullayev pulunu istəyir. Arzu Kazımov aldığı pulun müqabilində ona ev və torpaq vermək istəyir. Keçmiş rektor ona mənzil və torpağın lazım olmadığını bildirir.  
“Bizə ev lazım deyil. 10 gündən sonra pulu qaytararsınız. Bizə başqa heç nə lazım deyil”, – deyən Elşad Abdullayevə Arzu Kazımov bunu edə bilməyəcəyini söyləyir. Üstəlik qeyd edir ki, verilən əmlaklar bazar qiymətlərindən qat-qat aşağı satılır: “Biz torpaqları və mənzilləri çox ucuz veririk. Əlini ürəyinin üstünə qoy və rahat nəfəs al. Sənədlər qaydasındadır. Adam göndərin, imzalayaq, olsun sizin”.
Səs yazısından o da məlum olur ki, Elşad Abdullayev torpaqları alacağı təqdirdə sənədlərin qaydasına düşməsi üçün Bakı Şəhər Icra Hakimiyyətindən order almalıdır: “Bütün sənədlər qaydasındadır. Yalnız orderdən başqa. Onu da Icra Hakimiyyətinə getməklə həll etmək olar. Mən sizi aldatmıram. Hər şey qaydasındadır. Alınacaq torpaq sahələri çox gözəl yerdədi. O pulla Bakının heç bir yerində belə torpaq sahələri almaq olmaz”.
Elşad Abdullayev Arzu Kazımovdan pulları tələb etməklə yanaşı həm də qardaşı Mahir Abdullayevlə də bağlı sorğu-sual edir.