Əli Kərimli: “ATƏT-i ölkədə demokratiyanın, hüquq və azadlıqların təmin olunması işində daha təsirli siyasət aparmağa çağırdıq”
ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soares mayın 7-də Bakıda YAP və müxalifət partiyalarının təmsilçiləri ilə görüş keçirib.
Görüş barədə “Azadlıq” qəzetinin sorğusuna cavab verən AXCP sədri Əli Kərimli bildirib ki, ATƏT PA-nın nümayəndəsi ilə zəruri məsələlərlə bağlı müzakirə aparıblar. “İlk növbədə Qarabağ münaqişəsi ilə bağlı Minsk qrupunun fəaliyyətindən narazılığımızı çatdırdıq. Daha sonra ölkədəki vəziyyət, siyasi məhbusların sayının artması, sərbəst toplaşma azadlığının olmaması, müxalifətin regionlardakı müşavirələrinin dağıdılması, mətbuata qarşı basqılar, ölkədə demokratik seçki mühitinin olmaması ilə bağlı fikirlər səsləndirildi. Ölkədəki demokratik dəyişikliklərə görə məsuliyyətin Azərbaycan xalqının üzərində olmasını vurğulamaqla yanaşı, ATƏT-i də öz mandatından səmərəli istifadə etməyə və ölkədə demokratiyanın, hüquq və azadlıqların təmin olunması işində daha təsirli siyasət aparmağa çağırdıq, indiyə qədər olan siyasətdən Azərbaycan xalqının narazılığını ifadə elədik”, – deyə AXCP sədri bildirib.
Ə.Kərimli qeyd edib ki, görüşdə həmçinin, Avropa Şurasında artıq kifayət qədər ciddi “uğur” qazanmış “kürü diplomatiyası” siyasətinin digər Avropa təşkilatlarına da keçmə ehtimalı ilə bağlı ATƏT nümayənəsini xəbərdar ediblər.
ATƏT PA nümayəndəsi isə görüşdən sonra “Azadlıq” radiosuna açıqlamasında deyib: «İlham Əliyev daxil olmaqla, bütün görüşlərimiz missiyamızın yerinə yetirilməsi üçün vacib idi. Mən ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsiyəm. Görüşlər zamanı insan haqlarını, Dağlıq Qarabağ münaqişəsini və regionun bütün problemlərini müzakirə etdik. Görüşlər zamanı işimizə kömək edəcək xeyli məlumat topladıq».