“Kim gəlirsə, gəlsin”, gəlməsin?

Bu haqda onsuz da yazacaqdım, amma dünənki “Azadlıq”da oğlu şərlənərək həbsə atılan bir ananın – Şirinbacı Rzayevanın sözlərini oxuduqdan sonra indi yazmağa qərar verdim.
Ailəsinin başına gətirilən özbaşınalıqlardan bezən Şirinbacı xanım deyir: “Gecə-gündüz dua edirəm ki, kim gəlir-gəlsin, təki bunlar çıxıb getsinlər”.
Eyni sözləri həftələr əvvəl bir şəhid atası telefonda demişdi mənə: “Əvvəllər fikirləşirdim, tutaq ki, bunlar getdi, bəs yerlərinə kim gələcək? Amma indi fikirləşirəm ki, bircə bunlar getsin, yerlərinə kim gəlir gəlsin”.
Artıq şübhəm yoxdur ki, get-gedə bu cür düşünənlərin sayı artır. Ölkədə pisliklər, eybəcərliklər, haqsızlıqlar, yalanlar o həddə çatıb, zülm elə ərşə dirənib ki, toplumu kimin əvəzləyəcəyi daha bir o qədər də maraqlandırmır. Tədricən daha çox adamda belə bir qənaət hasil olmağa başlayır: Azərbaycana vurula biləcək zərbələrin hamısı vurulub.
Edilə biləcək pisliklərin hamısı edilib.
Bu ölkədə hakimiyyətə kim gəlsə, indən sonra istəsə belə, bundan artıq zərbə vura, pislik edə bilməz.
Hə, artıq qaradan artıq rəng qalmayıb.
Bıçaq sümüyə dirənib.
Insanların dözüm limiti tükənib.
Bütün ümidləri bitib.
Və ona görə də “Kim gəlirsə gəlsin, təki bunlar çıxıb getsin” əhval-ruhiyyəsi artır toplumda.
Boğulan saman çöpündən yapışan kimi, əksəriyyət istənilən varianta hazırdır, yetər ki, bitsin bu zülm. Bu haqsızlıq bitsin. Bu yalanlar, talanlar bitsin. Heç olmasa, ömürlərinin bundan sonrasını insan kimi yaşaya bilsinlər. Heç olmasa, gələcəkdə övladları onlar çəkən məşəqqətlərə, məhrumiyyətlərə qatlaşmaq məcburiyyətində qalmasın.
Bu əhval-ruhiyyə bir az da bilirsinizmi, nəyə oxşayır?
Ölkədə heç bir siyasi mübarizə imkanının qalmadığı, bütün azadlıqların yox edildiyi şəraitdə hər növ ekstremizm təhlükəsinin güclənməsinə.
Səslərini heç cür ucalda, heç cür eşitdirə bilməyən insanların içərisində hiddətin, nifrinin partlayış həddinədək yığılmasına və şiddətə, zorakılığa çevrilə bilməsinə.
Necə ki, siz toplumu basqı və təhdid altında saxlayarsınızsa…
Hüququ yox edərsinizsə…
Gözlərinizi reallıqlara yumub, qulaqlarınızı həqiqətlərə qapayarsınızsa…
Milli iradəni əzib keçərsinizsə, o toplumda ekstremizmi, zorakılığı gücləndirərsiniz. Eləcə də siz sadəcə, oğurlamaqla və əzməklə məşğul olanda da insanlar “Kim gəlirsə gəlsin, yetər ki, bunlar getsinlər” düşüncəsinə qapılmağa başlayar.
Şəriət dövləti yaratmaq istəyənlərdən də mədət ummağa başlayar, Azərbaycanı başqa gücün forpostu kimi görmək istəyəndən də.
Kim olur olsun, ona xilaskar gözü ilə baxmağa başlayar.
Lap tutaq ki, kimsə hansısa ölkənin adamıdır. Bir düşünün, onun belə, niyə xalqdan dəstək almaq şansı var? Kim yaradır ona bu şansı?
Əlbəttə, siz!
Əgər siz “xalqın hakimiyyəti” deyilsinizsə, onda xalqın arasından kiminsə haranınsa adamı olmasını sorğulamaq haqqınız varmı? Kimsə haranın adamıdırsa, qoy olsun, bəs siz niyə “Azərbaycanın adamı” deyilsiniz? Niyə bu xalqı o vəziyyətə gətirib çıxarırsınız ki, o, sizin zülmünüzdən qurtulmaq üçün hər bir varianta hazırdır?
Başınızı büdcədən çıxarın, bir yoxlayın toplumun nəbzini. Onda görəcəksiniz ki, 25 il əvvəl “qırmızı imperiya” əleyhinə meydanlara axışan, rus tanklarının qarşısına əliyalın çıxan bir xalqın içində Sovet nostaljisi, Sovet illərinə həsəd, o illərin həsrəti necə sürətlə alovlanır, dərinləşir…
Bəyəm günah onlardadırmı?
Əlbəttə, yox!
Vəziyyəti bu həddə siz çatdırdınız. Xalqı həsrəti ilə alışıb-yandığı müstəqillikdən iyrəndirdiniz. Onun istiqlalla bağlı bütün gözəl gözləntilərinin, xoş xəyallarının üstündən xətt çəkdiniz. O yağışdan çıxdığına sevinirdi, amma siz onu yağmura saldınız.
Sonu da belə.
Artıq o qədər çarəsizdir bu toplum, o qədər yorğun, heysizdir, hər şeyə razıdır ki, qurtulsun bu bataqlıqdan. Xilas olsun bu qaranlıqdan.
Suçlunu başqa yerdə və başqalarında aramayın.
Sizsiz yeganə günahkar! Tək suçlu siz özünüzsünüz!